Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş rayonunun Səmədabad kəndindən olan 8 qəhrəman Vətən övladının xatirə lövhələrinin açılış mərasimi keçirilib. Hər bir şəhidin ata ocağında keçirilən mərasimdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak edərək şəhidlərin valideynləri və yaxınları ilə görüşüblər.
Tədbirdə ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edən şəhidlərimizin şərəfli döyüş yolundan danışılaraq, onların əbədi olaraq yaddaşlara yaşayacaqları və tarixin bütün dövrlərində minnətdarlıqla anılacaqları bildirilib.
Mərasim zamanı şəhid valideynləri və yaxınları ilə görüşən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsinin daim əziz tutulacağını bildirərək, dövlətimizin hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacağını qeyd edib.
Tədbir zamanı qəhrəman şəhidimizin yaşadığı evə vurulan xatirə lövhələrinin açılışı olub.