Nurəddin Ədiloğlu - 65

Nurəddin Ədiloğlu - 65
  • Masallı / Cəmiyyət / Araşdırma

  • Bu gün Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist Nurəddin (Ədiloğlu) Muğanlının 65 yaşı tamam olur. 

    Nurəddin Ədil oğlu Muğanlı 1958-ci il fevralın 1-də Masallı rayonunun Xırmandalı kəndində anadan olub. 1975-ci ildən dövrü mətbuatda publisistik və bədii yazıları ilə çıxış edir. 1984-cü ildə АDU-nun jurnalistika fakültəsini bitirib. "Tok Qafar" аdlı ilk hekayəsi vaxtilə Masallıda çıxan "Çağırış" qəzetində dərc olunub. Gənclər təşkilatında, Rayon İcraiyyə Komitəsində, rayon qəzetində, İcra Hakimiyyəti aparatında müxtəlif vəzifələrdə çalışıb.

    1999-2004-cü illərdə Masallı şəhər Bələdiyyəsinin üzvü və katibi olub. 90-cı illərdə "Millət", "Avrasiya", "Hüriyyət" qəzetlərinin cənub bölgəsi üzrə müxbiri işləyib. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 1995-2002-ci illərdə "Masallı" müstəqil qəzetinin baş redaktoru vəzifəsində çalışıb. Qəzet 1998-ci ildə Milli Mətbuat günü "RUH" Jurnalistləri Müdafiə Komitəsinin "Ən mübaruz əyalət qəzeti" mükafatına və diplomuna layiq görülüb. 01 fevral 2013-cü ildə "Azərbaycan mediasında səmərəli fəaliyyətinə və anadan olmasının 55 illik yubileyinə görə" Mətbuat Şurasının diplomu ilə təltif edilib.

    Onun təşəbbüsü və ssenarisi əsasında 1992-ci ildə şair, alim, həkim, müəllim və bəstəkar Mir Kazım Aslanlı–Sarəngin Masallıda 80 illik yubileyi təntənə ilə qeyd olunub. İştirakı ilə hazırlanan "Sarəng ömrünün hekayətləri" adlı ədəbi-musiqili veriliş Azərbaycan radiosunun qızıl fonduna daxil edilib. "Sarəng-ruhun gözəlliyi" məqləsi ingilis, rus, türk dillərində Türkiyədə nəşr olunan "Azərbaycan dünyası" ("World of Azerbaijan") dərgisində dərc olunub (dekabr 2012, səh 80-85). Povest və hekayələri "Azərbaycan", "Ulduz", "Şəfəq", "Söz", "Mars", "Yurd", "Xəzan", "Xudafərin" ədəbi-bədii jurnallarında, "Ədəbiyyat qəzeti", "Mədəniyyət", "Sənət qəzeti", "Tac", "Kredo", "Ocaq", "Kaspi", "Ədəbiyyat naminə" və s. qəzetlərdə dərc olunub. Azərbaycan Mətbuat Şurasının "Qarabağ mövzusunun və Xocalı soyqrımının mediada təbliğinə dəstək" müsabiqəsinin pul mükafat ilə təltif olunub. "Qızıl Qələm" media mükafatı laureatıdır. Doğulduğu bölgənin ağsaqqal və ağbirçəklərinin yaddaşından qələmə aldığı folklor nümunələri Azərbaycan radiosunun "Bulaq" verilişində səsləndirilib. "Rabitə dünyası" (1998), "Masallı XX əsrdə" (2000), "Seyid Sadıq" (2002) sənədli filimlərinin ssenari müəllifidir. Azərbaycan kino tarixində teleserialın əsasını qoyan istedadlı rejissor Elçin Məmiyevin "Susmuş vicdan" (2010-2012) serialında 41,42,43-cü seriyaların, Azərbaycanın ilk Zəfər filmi olan "Beşatılan" iki hissəli bədii filminin(2021 sentyabr) ssenari müəlliflərindən"Sevginin göz yaşları" (2013) teleserialının redaktorlarından biridir. 2022-ci ildə “Masal Prodakşn”ın istehsalı olan “Sarəng” sənədli filminin məsləhətçisi və ekspertlərdən biri olub.

    Xocalı faciəsinə həsr etdiyi "Şəhidlər anası" pyesinin Xalq Teatrının səhnəsində 1994-2002-ci illərdə dəfələrlə tamaşası göstərilib. 2017-ci ilin iyunun 12-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrınının səhnəsində oynalınıb və II Respublika Xalq Teatrları Festivalının diplomları ilə təltif olunub. 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2004-cü ildən Bakı şəhərində yaşayır. 2004-2008-ci illər "Mars" ədəbi-bədii jurnalında məsul redaktor, 2005-2008-ci illər "Qarabağa aparan yol" qəzetinin baş redaktor müavini, eyni zamanda "Humanitar", "Yeni dirçəliş", "İki sahil" qəzetlərinin əməkdaşı işləyib. Hazırda “Asiya.az” xəbər portalı ilə əməkdaşlıq edir. 1 noyabr 2016 -cı ildə İLESAM-ın (Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi) üzv olub.

     

    Biz də Asiya.az xəbər portalı olaraq Nurəddin müəllimi yubiley yaşı münasibətilə təbrik edir, möhkəm cansağlığı arzu edik.

    Cəfər Cəfərov












































    PAYLAŞ:

    Oxşar xəbərlər