O, Xalqın şairidir…

O, Xalqın şairidir…
  • Cəmiyyət

  • Həyatı boyunca Nəriman Həsənzadə yaradıcılığından ən azı 1 şeir belə eşitməyən insan yəqin ki, tapa bilmərik. “7-dən 77-ə hər kəsin sevimlisi” ifadəsi isə sanki sırf onun üçün yaranıb. Bu ifadəni niyə bu qədər əminliklə yazırsan? - deyə soruşanlar ola bilər. Məndə bu fikri yaradan şairin iştirak etdiyi virtual və real tədbirlərdə insanların ona qarşı münasibətinin canlı şahidi olmağımdır. İllərdir bütün sosial şəbəkələrdə Nəriman Həsənzadə yaradıcılığını izləyirəm. Bu günə qədər isə paylaşımların heç birində bircə dənə də olsun mənfi rəy görmədim. Çünki o, Xalqın şairidir…

    Bəli, hər birimizin tanıyıb sevdiyimiz şair, dramaturq, "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenli Nəriman Həsənzadə bu gün 92 yaşını qeyd edir. 18 fevral 1931-ci ildə anadan olan Nəriman Həsənzadə hələ çox gənc yaşlarından şeir yazmağa başlayıb. Əsərləri səmimiyyəti, həssaslığı ilə hər zaman seçilirdi. 
    Çoxlu sayda və müxtəlif həcmli poemalarından “Nəriman” epik-dramatik poeması əsasında “Bütün Şərq bilsin” tamaşası, “Pompeyin Qafqaza yürüşü” mənzum pyesi tamaşaya qoyulub. Yaradıcılığında uşaq ədəbiyyatına da yer ayıran şairin yeddi cildlik “Seçilmiş əsərləri” kütləvi tirajla nəşr olunub. 100-dən artıq şeirinə musiqi bəstələnib.
    Əsərləri haqqında respublika və xarici mətbuat səhifələrində məqalələr dərc olunan Xalq şairimizin şeirləri bir çox xarici (ingilis, fransız, alman, fars, italyan, çex, hind, ərəb, xorvat və s.) dillərə tərcümə olunub.
    Uzun illər onun haqqında mətbuatdan xəbərlər oxusam da yaxından tanıyanların danışdıqları məndə sözün yaxşı mənasında paxıllıq yaradırdı. Zaman keçdikcə müasir Azərbaycan poeziyasının canlı əfsanəsini yaxından görmək ən böyük arzuma çevrilmişdi. Aylar öncə keçirilən VIII Beynəlxalq Kitab Sərgisi isə arzuma çatmağımda bir vəsilə oldu. Həyatımız boyunca barmaq sayı qədər unudulmaz günlərimiz olur. O gün də məhz həmin günlərdən idi ki, sevinc və həyəcandan özümə yer tapa bilmirdim. Dünyalar qədər sevdiyim şair Nəriman Həsənzadə ilə görüşüb həmsöhbət olmaq, xeyir-duasını almaq o qədər qürurvericiydi ki. Bəzən yaşadığımız sevinc, heyranlıq duyğusu qarşısında sözlər də aciz qalır. Sözlərimə acizlik gətirən sevincin səbəbi isə mənim üçün unudulmaz olan avtoqrafı idi: “Fərqanə qızıma Nəriman əmisindən”…

    Bu gün həm öz adımdan, həm də “Asiya.az” xəbər portalı adından canlı əfsanəmizi ürəkdən təbrik edir, ona möhkəm can sağlığı diləyirik. 
    Fərqanə Qafarova
    PAYLAŞ:

    Oxşar xəbərlər