“QƏLBİMİ DƏRDLƏRƏ RƏF ELƏMİŞƏM…” - Nurəddin Ədiloğlundan 65 yaşın etirafı

“QƏLBİMİ DƏRDLƏRƏ RƏF ELƏMİŞƏM…” - Nurəddin Ədiloğlundan 65 yaşın etirafı
  • Cəmiyyət / Araşdırma

  •                                   Kasıb da olsa, bağışlamağı bacaran zəngin insandır.
                                                               (Aristotel)

    Yenə dogma kəndimizə gedirəm… Ürəyim hər dəfəki kimi, ya həyəcandan, ya da sevincdən quş kimi çırpınır. Bax, bir azdan dogma adamlarla, məktəb yoldaşlarımla, yaxın - uzaq qohumlarla görüşəcəm. Əvvəlcə, adətim üzrə kənd qəbiristanlığına gedib valideynlərimin məzarlarını ziyarət edəcəm, sonra yeni nəşr olunmuş kitabımı məktəb kitabxanasına hədiyyə verəcəm...

    …Budur, mənzil başına çatıram, rayon mərkəzindən kəndimizə uzanan asfalt yolu kəndarası kələ-kötür, daş və çınqıl döşənmiş küçələr əvəz edir. Kəndin içinə doğru şaxələndikcə uşaq vaxtı getdiyim yolları, çığırları xatırlayıram. Təkcə o vaxtkı xəndəkləri indi hündür dəmir və daş hasarlar əvəz edir. Yol-yolaqda darısqallıq yaradan bu hündür yaraşıqlı daş hasarlar və dəmir çəpərlər ÇİN SƏDDİ kimi uzanıb gedir. Qonşu-qonşunu belə görmür. Qonşu qonşunu görmürsə, yoldan ötən adamı neçə görə bilər? Elə bil hündür darvazalar, daş hasarlar, dəmir çəpərlər insani münasibətlərin üstünə də kölgə salıb. Yaxın qonşusunun maşın yolunu, hətta piyada yolunu kəsən adamlar nə ağsaqqal sayır, nə qarasaqqal...  
    Şəhərdən fərqli olaraq, kənddə ən doğma insanların bir-birinə yadlaşmasını elə ilk baxışdan apaydın sezmək olur. Hər kəs öz incikliyinə HAQQ qazandırır. Dilindən Allah, peyğəmbər kəlməsi düşməyən, gündə üç dəfə namaz qılan adamların belə lüğətində sanki güzəştə getmək, bağışlamaq, əfv sözləri yoxdur. Axı bağışlamaq da, əfv etmək də sevgi kimi İLAHİ bir hissdir. Təbii ki, ortada əgər AİLƏ şərəfinə xələl gətirən XƏYANƏT yoxsa… Hədisi Şəriflərdə də deyilir ki, hər kim bağışlasa, Allah da onu bağışlayar... Bizim Muğan tərəflərdə ötən əsrin 20-ci illərində Qara Axund kimi məşhur olan Şeyx Mikayıl axundun “Ən böyük SAVAB İŞ iki küsəni barışdırmaqdır” sözü bu gün də atalar məsəli kimi dildə-ağızda gəzir. Fəqət, belə hikmətli sözləri bilən insanlar da biri-birlərinə qənim kəsilirlər…
     
    Mənə ağır gələn budur ki, bəzən böyüklər nifrət bəslədiyi adamlar barədə gənc övladlarının, məktəbli nəvə-nəticələrinin yanında söhbət salırlar. Beləliklə də öz qəlbiərndəki kin-küdürəti “estafet” kimi onların yaddaşlarına köçürürlər. Söz-sözü çəkir, fikir-fikrə calanır. Ləziz xörəklər düzülmüş süfrə başında çənələr şaqqıldayır, ağızlar köpüklənir. Köhnə palanların içi tökülür. Gərək Əhmədi-Biqəm olasan ki, heç nəyi vecinə almayasan. Mən heç kəsin tərəfini saxlamadan BARIŞ yaratmaq missiyasını həm özümün, həm də bir-birinə qan qohumu olan adamların mənəvi rahatlığı üçün vacib sayıram.. Amma deyir sən saydığını say, gör fələk nə sayır. Belə məqamda SUSMAQ qızıla yox, qəlbimin RƏFİNƏ yığılan DAŞA dönür. Daş ağır olsa da, getdikcə qəribə bir aləmə - çəkisizlik şəraitinə düşürəm. Və bu çəkisizliyin içində özüm özümə elə ya daş, ya quş olmağı arzulayıram. Kövrək duyğuların qanadında uşaqlıq çağlarımı xatırlayıram. O zaman hamı, nənəm demişkən, biri-birinə can deyib, can eşitdiyi dövrdə yaşayırdı. Heç kim, heç kimin toyuğuna kiş deməzdi. Küsənləri də ağsaqqallar, ağbirçəklər toyda, bayramda barışdırardılar.
     
    İndi mən nənəsi ölmüş, istəyirəm ki, hamı əvvəlki kimi bir-biri ilə mehriban olsun, qardaş bacıdan, bacı qardaşdan küsülü olmasın… Lap elə küsülü olsalar da, bir-birinin bostanına DAŞ atmasınlar! Niyyətim daş divara çırpılan kimi dəyib parçalanır. Bu məqəmda “İtirilmiş nəsil” ifadəsi yerinə düşməsə də öz qohum-əqrabama, imkan düşəndə bir-birinin kölgəsini qılınclayan dost-tanışa, sinif yoldaşlarıma da şamil edirəm. Və kövrəlirəm. Şair dostum  demişkən, belə vaxtda ürəyi quş kimi yüngülləşdirən iki möcüzə var – göz yaşı və şeir…” 

    …20 il əvvəl, 50 yaşına az qalmış ağır xəstəlikdən dünyasını tərk edən  istedadlı şairimiz Böyükxan Pərvizin bu misralarını pıçıldaya-pıçıldaya yenə qəbiristanlığa üz tuturam:

    Mənim gözlərimin yaşi qurumaz!
    Nə qədər sıxıram, yenə yaş çıxır.
    İnsanı günaha ayağı çəkir,
    Kötüyün üstünə niyə BAŞ çıxır?

    Bir yol yolçusuyam, adım-sanım yox,
    Nə bir günçıxanım, günbatanım yox.
    Arxamca bir ovuc su atanım yox!
    Çoxunun cibindən hələ DAŞ çıxır.

    Sənə yer qoymadım, səhv eyləmişəm,
    Qəlbimi dərdlərə rəf eyləmişəm,
    Məni ÖLDÜRƏNİ əfv eyləmişəm,
    Çünki ya DOST çıxır, ya QARDAŞ çıxır.

    Kəndin ən sakit güşəsi elə qəbiristanlıqdır; burda hamı bir-birinə qarşı QƏRƏZSİZ, səssis-səmirsiz qərar tutub. Baş daşlarına həkk olunmuş ağ-qara, rəngli şəkillərdən mənə boylananlar görəsən“dil” açsaydılar, mənim indiki halıma nə deyərdilər? 
    1965–1977 - ci illərdə “Çağırış" qəzetinin redaksiyasında şöbə müdiri, məsul katib, sonra redaktor olmuş və 49 yaşında dünyasını dəyişmiş görkəmli şairimiz Vaqif Hüseynovun “Məzarlardan gələn səs” şeirindən  bu misralar yadıma düşür:

                           “…Burda nə siyasət var, nə də ki bir partiya,
                                 Hər kəsin vicdanını gətirirlər ortaya.
                           …Birdən çaşıb soruşma: “Hanı çoxluq və azlıq,
                              Hanı yerlipərəstlik, hanı bəs dəstəbazlıq?!
                              Torpağın üstündədi saydığın bu bəlalar,
                                Yazıq eyvah dirilər, min dərdə mübtəlalar!”

    …Qəbiristalıgı gəzə-gəzə Bağdagül nənəmin məzarı önündə dayanıram. 100 ildən çox yaşayıb. Bəlkə onun uzun ömür sürməsinin bir səbəbi də ömrü boyu qohum-əqraba arasında BARIŞ yaratmağın öhtəsindən müdrükcəsinə gəlməsi idi... 5 il əvvəl nəşr etdirdiyim “Mənim Bağdagül nənəm” kitabımı xatirəsinə həsr etdiyim bu müdrik qadının bir çox bədii əsərlərimdə obrazını yaratmışam. Yazı-pozu bilməsə də, nənəm canlı öyüd-örnək məktəbi idi. “Qoca” deyə xitab etdiyimiz nənəm elə bil üç böyük ailənin ALİ MƏCLİS sədri  idi. Nənəmin sağlığında nə dədəmlə əmilərimin, nə də 20-dən çox nəvəsinin arasında  inciklik olardı. Olanda da bir kəlmə SÖZÜ barışmağa bəs edərdi…
    İndi mənim xətrimi çox istəyən dörd bacımın bişirdiyi xörəklərə elə bil nənəmin əllərinin ətri hopub. Maşallah olsun, pendiri nənəm kimi hazırlayıb, xəmiri də onun kimi yoğuraraq təndirdə çörək bişirirlər. Təkcə nənəmizin BARIŞDIRICI missiyasını həyata keçirə bilmirlər. Mən hələ qardaşlarımı, əmim oğlanlarını, əmim nəvələrini demirəm. Əlhəmdülillah, onların - istər kənddə, istərsə də qürbətdə yaşayanların həmişə xoş sorağını eşitmək arzusunda olmuşam. İndi də ən böyük, ən ümdə arzum onların bir-birləri ilə MEHRİBAN olmasıdır. Mehribançılıq olan elə, ailəyə Allah da ruzi-bərəkət verər. 
    Əlbəttə, indiki ÇƏTİN zamanda bir çox ARZUM kimi, bu istəyimin də baş tutmayacağının FƏRQİNDƏYƏM… Amma bizdən əvvəlkilər bir-birinə yaxın və mehriban münasibətdə olublar axı. O rəhmətliklər milçəkdən FİL düzəlyməyiblər, “Yağ dağıldı, palaz batdı” deyə hər sözün başına İP salmayıblar.
    Nə isə… “Qohumların düşmənliyi, dostların əziyyəti ilanın zəhərindən də acıdır.” (Həzrət Əli) Bax elə buna görə də mən hamıya bir-birini ƏHV etməsini, bağışlamasını diləyirəm. Əfsus ki, bizim cəmiyyətimizdə şirin arzular, xoş diləkər tarixin nə gedişatını, nə də məzmununu dəyişməyə qadirdir... 
    Doğmalara, dəyərli dost və tanışlara böyük hörmət və ehtiramla,
    Nurəddin ƏDİLOĞLU,
    22.02.23. Bakı-Masallı-Bakı.




    PAYLAŞ:

    Oxşar xəbərlər