İbrət tarixinə və qəhrəmanlıq səhifəsinə çevrilən Xocalı

İbrət tarixinə və qəhrəmanlıq səhifəsinə çevrilən Xocalı
  • Araşdırma / Siyasət

  • Vətənini sevən, onun uğurlarına dəstək olan, başımıza gətirilən faciələri isə ürək ağrısı ilə qarşılayan hər bir azərbaycanlı soruşur:”Zaman-zaman başımıza gətirilən bu müsibətlərin səbəbi nədir”?
         
    …Sovet dönəmində bəh-bəhlə tədris edilən tarix fənni  var idi. Ağa Məhəmməd şah dövrü tədris  olunanda müəllim də, biz şagirdlər də Qacar şahın sui-qəsd nəticəsində öldürülməsinə sevinir, Sayat Nova üçün isə göz yaşı tökürdük. Gəncə divarları üzərində şəhid olan Cavad xanı az qala bağışlaya bilmirdik. Bilirsiniz, nə üçün? Axı Cavad xan çar Rusiyasının generalı Sisianovun üzünə ağ olmuş, Gəncə qalasını danışıqsız təslim etməkdən imtina etmiş, generalın təhdid dolu təhqiredici məktublarına xalqının qəhrəman oğlu kimi sərt cavablar vermişdi. 1918-1920-ci illərin tarixi dərsliklərdə belə təsvir olunmuşdu: ”Bakı Xalq Komissarları soveti və onun rəhbəri S.Şaumyan Azərbaycan xalqı üçün əlindən gələni etdi və bu yolda Ağcaqum çölündə güllələndi. Şaumyanın ölümünə ağı yazan neçə şairimiz oldu. Azərbaycan j Xalq Cümhuriyyəti isə dövrün tarixçilərinin dili ilə desək “ingilislərə satılmış”, “Osmanlı əlaltısı” və Müsavatçı rejim kimi təsvir olundu. Guya bu rejimdən zinhara gələn xalq 1920-ci ilin aprelində üsyan edərək öz xoşbəxtliyinə qovuşdu. ”Yəni müstəqilliyindən imtina edib müttəfiq respublika qurmaq arzusuna çatdı. Guya 70 il xoşbəxt yaşadıq. Xoşbəxtlik bu idimi? Tarixi torpaqlarımızda Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı, tarixi qəhrəmanlıqlarla dolu olan Naxçıvan quru sərhəd baxımından Azərbaycandan ayrı salındı, 20-30-cu illərin repressiyasında Azərbaycan həqiqətlərini təbliğ və tədris edən aydınlarımız ya güllələndi, ya da Sibirin sərt və Mərkəzi Asiyanın ilan mələyən çöllərinə sürgün edildi. İslam dininə qarşı ən qəddar qadağalar tətbiq edildi. Min illər boyu oruc tutan, namaz qılan, Qurban və Novruz bayramlarını keçirən xalqa dinsizlik təbliğ edildi. Çox zaman dindar ata komsomolçu oğlunun qorxusundan evində rahat namaz qıla bilmədi, məscidə ibadətə gedə bilmədi. Çünki bu komsomolçular kommunizm-xoşbəxt cəmiyyət quracaqdılar…Amma qura bilmədilər.
     
    Nəhayət, 80-ci illərin sonlarında Sovet imperiyası çökməyə başladı. 70 il mövcudluğu dövründə ondan lazımınca bəhrələnən ermənilər bu dövlətin süqutu ərəfəsində və süqutundan sonra da bəhrələnənlər sırasında oldular. Müstəqilliyimizi bərpa etsək də bu tarixi hadisəyə sevinə bilmədik. Ermənilər buna imkan vermədilər, onlar Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etdilər. Üzümüzü dünyanın taleyini həll edən dövlətlərə və nüfuzlu təşkilatlara tutub soruşduq: “Qarabağla bağlı kifayət qədər həqiqəti üzə çıxaran mənbələr var. Bunlardan biri 1805-ci ildə Qarabağ xanı ilə rus generalı Sisianov arasında bağlanan “Kürəkçay müqaviləsi”dir. Əgər o zaman bu torpaqlarda erməni yaşayırdısa, niyə bu müqavilə onlar ilə bağlanmadı və ya onların adı bir yerdə belə çəkilmədi? Dediklərimizi qulaqardına vurdular. Deyəsən, deyənimiz də güclü deyə bilmədi!
       
    Beləliklə, Qarabağın qara günləri başladı. Yuxarı Quşçular, Aşağı Quşçular, Malıbəyli, Qaradağlı, Ballıca və ən nəhayət Xocalı faciəsi baş verdi. Nə üçün? Çünki İqtidar xalqla birləşə bilmədi, xalqı öz ardınca apara bilmədi, ermənilər azərbaycanlı əhaliyə və onun tarixi torpaqlarına səlib müharibəsi elan etdilər, erməni lobbisi və erməni diasporu bütün gücünü səfərbər edərək dünyanı bizə qarşı qaldıra bildi. Erməni yalanı bütün siyasətçilərin kabinetlərinə yol tapdı. Torpaqlarımızın dörddə biri işğal olundu, Qərbi Azərbaycan torpaqları azərbaycanlı yaşamayan yurda çevrildi, Qarabağ və ətraf ərazilər işğal olundu, dinc əhali qaçqın və köçkün həyatı yaşamağa məcbur edildi.
       
    …2020-ci ilin sentyabrına qədər Ümummilli lider Heydər Əliyev, Azərbaycanın dövlət başçısı İlham Əliyev nüfuzlu dövlət başçıları ilə və dünyanın taleyüklü məsələlərinə həsr olunmuş konfranslarda  Qarabağ həqiqətləri ilə bağlı mümkün olanı etdilər. Xalqımıza qarşı həyata keçirilən soyqırımları sübut edən istintaq materialları, dağıdılan, təhqir edilən dini və tarixi abilərimizlə bağlı sənədlər, qaçqın və köçkünlərin ağır həyat şəraiti ilə bağlı təhqiqatlar nəticəsiz qaldı.      Azərbaycan xalqını dəmir yumruğ kimi birləşdirən Azərbaycan dövlətinin başçısı İlham Əliyev tarixi ədaləti bərpa etmək, minlərlə şəhidimizin ruhunun şad etmək, on minlərlə yaralımızın intiqamını almaq, milyonlarla insanın öz dədə-baba yurdlarına qayıtması və ən nəhayət, düşmənin 200 ildən artıq davam edən təcavüzkar siyasətinə son qoymaq üçün Ali Baş Komandan kimi qərarını verdi. 44 günlük Vətən Müharibəsi ilə dünyanın çağdaş tarixində layiqli yerimizi tutduq. Düşmən torpaqlarımızdan qovularaq çıxarıldı, havadarları isə gülünc vəziyyətə düşdülər. Dünənə qədər bizi müharibə ilə hədələyən, yeni torpaqlar işğal etmək eşqinə düşən ermənilər darmadağın edildi, havadarlarından imdad diləməyə başladı. Havadarları növbəti dəfə ermənilərin göz yaşlarına reaksiya verdi, bizdən tələbləri oldu. Amma bu dəfə daş qayaya rast gəldi. Azərbaycan geri çəkilmədi, öz tarixi torpaqlarının xəritəsini ortaya qoydu. Düşmənə yerini göstərdi, havadarlarına isə ədalətsiz siyasətlərindən əl çəkməyi məsləhət bildi.

    İşğaldan azad etdiyimiz torpaqlarımızda bərpa və quruculuq işləri uğurla davam edir. Türk dövlətləri arasında böyük nüfuz sahibiyik, Ərəb dünyasında müsəlman dövləti kimi fəal yerimiz görünür. Avropa bizə əvvəlki kimi dərs keçmək üçün həvəsli deyil. Çünki ən iri dövlətlərin bəzilərinin problemlərinin həlli Azərbaycandan keçir. Bunu görür və qürur duyuruq.
     
    Hər il dövlət səviyyəsində Xocalı faciəsi anılır. Erməni cəlladlarının xalqımıza qarşı törətdiyi bu soyqırım heç vaxt unudulmayacaq. Amma onu da etiraf etmək lazımdır ki, Qarabağda xalqımıza qarşı törədilən hər bir faciə həm də ibrət tarixidir. Bu faciələrdən nəticə çıxardaraq düşməni 44 günlük Vətən Müharibəsində darmadağın etdik. İllər ötəcək, nə Xocalıda dinc əhaliyə qarşı həyata keçirilən soyqırım, nə də xalqımızın düşmənə qarşı dəmir yumruğ kimi birləşməsi unudulacaq. Dövlət başçısı İlham Əliyev cənablarının dediyi kimi Ermənistanla qonşuluq münasibətləri bərpa olunacaq, amma ermənilərin xalqımızın başına gətirdiyi bu müsibətlər isə heç vaxt unudulmayacaq.
       
    İlimiz Xankəndi ilidir, Xocalı ilidir. Əminəm ki, Şuşaya rahat gedib-gəldiyimiz kimi, tezliklə Xocalı yolunu da azad və rahat yola çevirəcəyik. Çünki biz darıxdığımız kimi Xankəndi də, Xocalı da və ətraf ərazilərimiz də bizi səbirsizliklə gözləyirlər. Bizim borcumuz onların intizarına son qoymaqdır. Allah-Təala tezliklə bu arzumuzu da gerçəkləşdirəcək.
    Qarabağ Azərbaycandır!
    Anar İsgəndərov,
    Milli Məclisin deputatı, professor 
    PAYLAŞ:

    Oxşar xəbərlər