“Könül məhəbbət istər, iftar bir bəhanədir”- Əli Rzazadə yazır

“Könül məhəbbət istər, iftar bir bəhanədir”- Əli Rzazadə yazır
  • Cəmiyyət / Manşet

  • Xatirimdədir dostlardan biri belə bir söhbət etmişdi. Deyirdi: Əski Ramazanların birində, şəhər mərkəzində avtomobillə harasa gedirdim. Qəfil ehtiyatsızlıq üzündən qarşıdakı avtomobillə toqquşdum. Təbii ki, belə  hallarda məsuliyyəti arxadan vuran avtomobil daşıyır. Zərbənin təsirindən vurdğum avtomobilin sahibi çevrilib, arxaya baxdı. Avtomobili yol qırağına çəkib dəymiş zərəri ödəmək haqqında fikirləşirdim ki, qarşıdakı avtomobilin sürücüsü əli ilə işarə edərək, onu təqib etməyimi istədi və hərəkətini davam etdirdi. Düşündüm ki, avtomobili yaxınlıqdakı servisə aparır və məni də dəymiş zərəri ödmək üçün ora çağırır. Mən də onun arxasıyla sürdüm. Lakin o, yaxınlıqdakı servisə girməyib, heç nə olmamış kimi yoluna davam edirdi. Arxadan siqnal verir, işıqları yandırıb söndürür, saxlamasını tələb etsəm  də, o yenə də onu təqib etməyimi istəyir, əli ilə işarə edrək çağırırdı. Avtomobili sürətlə idarə etməsindən harasa tələsdiyi məlum idi. Lakin onun bu hərəkəti hövsələmi daraltmışdı. Siqnal verməkdə davam edirdim. Bir xeyli yol qət etdikdən sonra, bir evin qarşısında saxlayıb düşdü, iti addımlarla həyətə doğru addımlayarkən, yenə də əliylə mənə işarə edərək  maşını saxlayıb, onun ardıyca gəlməyimi istəyirdi. Mənsə artıq əsəblərimi çətinliklə cilovlayrdım. Avtomobilin pəncərəsindən “ay qardaş, dayan bir söhbət edək dəə. Hara gətirmisən məni? Gəl dəymiş zərər nədirsə ödəyim çıxım gedim, işim gücüm var axı” deməyimə heç məhəl də qoymayıb “gəl, gəl, danışarıq” deyib, dəmir darvazadan içəri daxil oldu. Maşından  düşüb, yenə də onun arxasıyca addımlayaraq evə daxil oldum.

    Çox da böyük olmayan bu evdə bir neçə nəfər yemək stolunun arxasında oturmuş, sanki bizi gözləyirdilər. 
    “Gəlin çıxın ay qardaş, harda qaldınız, iftar vaxtından bir neçə dəqiqə keçiree” deyə digərlərindən nisbətən yaşlı olan biri  bizi qarşıladı. Arxasına düşüb gəldiyim sürücü ilə qucaqlaşıb görüşdü, mənim kimliyimlə maraqlanmadan, stol arxasında mənə bir yer göstərdi. Özləri isə namaz qılmağa başladılar. Mən isə nə oruc tutmuş nə də namaz qılmağı bacarırdım. Az sonra hamı süfrə arxasında əyləşib, iftar açdılar. Maşınını vurduğum sürücü isə mənlə üzbəüz oturmuşdu. Yemək yeyə -yeyə dostları ilə söhbət edir, arasıra mənə də diqqət ayırırdı.  

    -Hə, buyur eşidirəm indi, nə deyirdin bayaqdan?-deyə birdən mənə yönəldi.

    -Necə nə deyirdim?! Maşınını vurduğumu bilmirsən? Hesab-kitab edək, nə qədər zərər dəyibsə, ödəyim ya da aparaq ustaya düzəltsin. 

    -Boş ver qardaş, halal xoşun olsun.. Nə hesab kitabı?-deyə yeməyə davam edir, arabir stol ətrafında deyib gülən dostların söhbətinə müdaxilə edirdi. Az sonra yenə mənə qayıtdı:

    -O hadisə olmasaydı, indi sən burada bizimlə bu mübarək məclisdə iştirak etməyəcəkdin. Təki əzilən dəmir olsun.  Çörəyini ye. 

    Onun bu sözləri, mənə qarşı bu insanların doğma münasibəti içimdə təsvir edə bilməyəcəyim bir duyğu yaratdı. O duyğunun nə olduğunu bilmirəm, bildiyim yalnız odur ki, olduqca şirin duyğu idi. Özü də çox şirin. 

    Az sonra mən məclisdə oturan insanlarla bir -bir tanış oldum.
     
    O vaxtdan bir neçə il keçib və biz hər Ramazan ayı bir yerdə iftar məclisi təşkil edir, bir-birimizlə görüşürü.  Necə deyərlər “Könül məhəbbət istər, iftar bir bəhanədir”. Artıq oruc tutur, namaz da qılıram.

    Bəli, dinimiz,  bizim milli mənəvi dəyərlərimizin ayrılmaz bir parçadır. Bu dəyəri yaşamaq və yaşatmaq üçün hansısa yad ünsürlərdən bəhrələnməyə, kimlərinsə təsirinə məruz qalmağa gərək yoxdur. Bu gün Azərbaycan xalqı öz dəyərlərinə yüksək şəkildə sahib çıxaraq onu nəsildən nəsilə ötürür. Bu gün Azərbaycan xalqı bu ülvi dəyəri mükəmməl şəkildə yaşatmağa qadirdir.
    PAYLAŞ:

    Oxşar xəbərlər