HEYDƏR ƏLİYEV - 100

HEYDƏR ƏLİYEV - 100
  • Siyasət

  • “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir.
    Ulu öndər Heydər Əliyev

    Həyat hesab olunan bir sahəyə yönələn diqqəti və göstərilən qayğını təsəvvür etmək çətin deyil.
    Heydər Əliyev həm Sovet dönəmində, xüsusən də respublikamız müstəqillik əldə etdikdən sonra digər sahələr kimi, nəqliyyat infrastrukturunun da inkişafına mühüm önəm vermiş, islahatların aparılmasını zəruri hesab etmişdir.
    1998-ci ildə Nəqliyyat Nazirliyinin təsis edilməsi bu sahənin inkişafında yeni mərhələnin təməlini qoydu.
    1996-cı il 31 iyul tarixli Sərəncamla Azərbaycan Dövlət Dəmir Yolunun rəisi vəzifəsinə təyin edilməyim, 2002-ci ilin avqust ayına kimi bu vəzifədə çalışmağım və 2002-ci il 8 avqust tarixli Fərmanla Azərbaycan Respublikasının Nəqliyyat naziri vəzifəsinə təyinat almağım ulu öndərin mənə, mənim fəaliyyətimə yüksək inamının təzahürü idi.

    Heydər Əliyevin rəhbərliyi altında çalışmaq, inamı doğrultmaq məsuliyyətli olduğu qədər, həm də insanı qürurlandıran bir faktordur.
    Nəqliyyat naziri işlədiyim 15 il ərzində ulu öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yol təsərrüfatının inkişafına, avtomobil yollarının tikintisinə və bərpasına dair imzaladıqları sərəncamlar yol infrastrukturunun məqsədyönlü inkişafının göstəricisidir.
    TRASECA proqramı çərçivəsində Qərb-Şərq nəqliyyat dəhlizinin Azərbaycanın ərazisindən keçməsi, Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Sazişin imzalanması və Bakı Bəyannaməsinin qəbul edilməsi Azərbaycanın mövqeyinin möhkəmlənməsinə səbəb olmuşdur.
    İşlədiyim müddətdə Azərbaycanda yüzlərlə körpü və yol ötürücülərinin tikilməsi, yol çəkilişləri, mövcud körpü və yolların əsaslı təmiri, yol-nəqliyyat kompleksinin – dəmir yolu, su nəqliyyatı, hava və avtomobil yolları sahəsində müasir infrastrukturun yaradılması, bölgələrdə nəqliyyat xidmətlərinə olan tələbatın ödənilməsi məqsədilə müxtəlif illəri əhatə edən bir neçə Dövlət Proqramında Nəqliyyat Nazirliyinə həvalə olunmuş tədbirlərin icrası, yerli və regional əhəmiyyətli layihələrin həyata keçirilməsi ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir.

    Ümummilli liderimiz Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsində, quruculuq və abadlıq işlərində, bu sahədə həyata keçirilən tədbirlərdə etimad göstərilmiş bir şəxs kimi mənim də əməyim olduğuna görə fəxarət hissi keçirirəm.
    2012-ci ildə “Şöhrət” ordeni ilə təltif edilməyim ölkə rəhbərliyi tərəfindən fəaliyyətimə verilən ən yüksək qiymətdir.
    Hər zaman bildirdiyim fikrimi yenidən təkrarlamaq istəyirəm:
    “Mənə qismət olub ki, Ulu öndərimizin rəhbərliyi altında çalışmışam. Hər zaman Heydər Əliyevin siyasətinə sadiq olmuşam və bundan sonra da belə olacaq. Ulu öndər Heydər Əliyevə Allahdan rəhmət diləyir, onun siyasi varisi olan möhtərəm Prezidentimizə və ailəsinə cansağlığı arzu edirəm”.

    Ziya Məmmədov,
    sabiq nəqliyyat naziri
    PAYLAŞ:

    Oxşar xəbərlər