Milli mədəniyyətimizin qüdrətli hamisi

Milli mədəniyyətimizin qüdrətli hamisi
  • Mədəniyyət

  • Məşhur Məmmədov
    Milli Məclisin deputatı


    Hər bir dövlətin, xalqın gələcəyi və inkişaf səviyyəsi vətəndaşının malik olduğu elmi, mədəniyyəti, incəsənəti ilə ölçülür. Tarixi şəxsiyyətlərin həyat və fəaliyyəti barədə oxuyanda şahidi oluruq ki, əbədilik qazanmış dahi şəxsiyyətlərin elmə, elm xadimlərinə, ziyalılara, mədəniyyətə, mədəniyyət xadimlərinə, incəsənətə, incəsənət xadimlərinə münasibəti, qayğısı diqqət çəkib. Bu fəaliyyət sahələrinin inkişafına verdikləri töhfələr onların əbədiyaşarlığını təmin edən başlıca amillərdən birinə çevrilib. Bu baxımdan müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin Azərbaycan elminin, mədəniyyət və incəsənətinin inkişafındakı xidmətləri də misilsizdir. Mədəniyyət və incəsənət sahəsində qazanılan nailiyyətləri dövlət quruculuğu prosesinin mühüm şərti kimi nəzərdən keçirmiş Ulu Öndərimiz Azərbaycana rəhbərliyinin bütün dövrlərində bu sahəyə diqqət və qayğısını əsirgəməmiş, daim milli mədəniyyətimizin qüdrətli hamisi kimi çıxış etmişdir. O, bütövlükdə Azərbaycan ziyalılarına, mədəniyyət adamlarına həmişə yüksək qiymət vermiş, diqqət və qayğı göstərmişdir

    Ümummilli lider Heydər Əliyev hər zaman həm onları müdafiə edir, həm də onların dəstəyinə arxalanırdı.

    Hakimiyyətə gəldiyi ilk illərdə Ulu Öndərin Qazaxda Molla Pənah Vaqifin ev-muzeyinin yaradılması qərarını verməsi öz dövrü üçün böyük ədəbi hadisə olmaqla yanaşı, milli hadisə idi.

    30 oktyabr 1997-ci il tarixdə Azərbaycan Yazıçılarının X Qurultayında Ulu öndər Heydər Əliyev demişdir: - “Vaqifin vəfatından 200 il sonra biz Şuşada onun məzarı üzərində əzəmətli bir məqbərə ucaltdıq. Bu, həm Vaqifin yaradıcılığına, həm də, ümumiyyətlə, ədəbiyyata, şerə, mədəniyyətə olan münasibətimiz idi".

    Şuşada M.P.Vaqifin məqbərəsinin açılışında iştirak edir. Bu hadisənin tarixi əhəmiyyətini həmin tədbirin iştirakçısı və şahidi olmuş şairlərimiz sonralar əsərlərində xüsusi qeyd ediblər. Bütün bunlarla yanaşı, onun hakimiyyətinin birinci mərhələsində istər müasir, istərsə də klassik şair və yazıçıların yubileylərinə xüsusi qayğıkeşliklə yanaşmasını unutmaq olmaz.
    1990-cı illərdə ölkəmizin düçar edildiyi ədalətsiz müharibənin fəsadlarına baxmayaraq, Heydər Əliyev yenə də ədəbiyyat sahəsinə öz diqqət və qayğısını azaltmırdı. 1994-cü ildə satirik qələm ustası Cəlil Məmmədquluzadənin 125 illik yubileyinin keçirilməsi həmin çətinliklər dövründə böyük hadisə idi. Həmçinin Azərbaycanın azadlıq mücadiləsində fərqlənən şairlərin dövlət tərəfindən mükafatlandırılması milli müstəqilliyə xidmət edirdi. 1995-ci ildə ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən Bəxtiyar Vahabzadəyə verilən “İstiqlal” ordeninə sonralar Məmməd Araz və Xəlil Rza Ulutürk də layiq görüldülər.


    13 oktyabr 2001-ci il tarixdə Dahi sənətkar Rəşid Behbudovun xatirə gecəsində Ulu Öndər demişdir: - “Rəşid Behbudov dünyanı dolaşmış ilk Azərbaycan müğənnisidir, musiqiçisidir".

    Öz xalqını və ziyalısını dərindən sevən Heydər Əliyev fəaliyyəti dövründə respublikanın elm və mədəniyyətinin yüksəlişi, xalqın güzəranının yaxşılaşması uğrunda apardığı mübarizədə Azərbaycan ziyalılarının inkişafına da da daim diqqət yetirmişdir. Ulu Öndər Heydər Əliyevin mədəniyyət və incəsənət adamları barədə söylədikləri xoş sözlər kitablara sığmayacaq qədər çoxdur.

    Azərbaycana rəhbərlik etdiyi bütün illərdə Ulu öndər Hehdər Əliyev Azərbaycan ziyalılarının və incəsənət xadimlərinin himayədarı olub.
    PAYLAŞ:

    Oxşar xəbərlər