Gəncənin baş memarı həbs olunan sələfinin yolu ilə gedir

Gəncənin baş memarı həbs olunan sələfinin yolu ilə gedir
  • İqtisadiyyat / Araşdırma

  • Gəncənin 2020-ci ilin yayında təyin olunmuş baş memarı Elxan Məmmədovun səsi ilk dəfə ucardan 2021-ci ildə çıxmış və hiddət doğurmuşdu. Bildiyimiz kimi, Vətən müharibəsinin gedişində Ermənistanın raket hücumu nəticəsində zərər dəymiş obyektlərin bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi, habelə inşa prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilmişdi. Evi dağılmış Gəncə sakini Elşən Ağaxanov Gəncə Şəhər İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri Elxan Məmmədovdan şikayətlənmişdi: “Sakinlərlə kobud danışır. Baş memar deyir ki, Gəncəyə bombanı mən atmışam?”

    Hər kəsə məlumdur ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vaxtaşırı olaraq vətəndaşları qəbul edib, onları narahat edən məsələlərlə maraqlanıb. Şikayət və təklifləri tək-tək dinləyib. Eyni zamanda ehtiyacı olanlara maddi yardımın göstərilməsi, fərdi yaşayış evinin təmiri, müalicə üçün göndərişin verilməsi, işlə təminat və digər məsələlərdə yaxından köməklik olunmasına çalışıb və nail olub. Vətəndaşlar tərəfindən səsləndirilən problemlərin bir çoxu elə yerindəcə öz həllini tapıb.

    Amma təssüflər olsun ki, problemləri araşdırılmayan və qanunamüvafiq qaydada həll olunmayan vətəndaşlar da vardır. Bunun da səbəbkarları cənab başçı Niyazi Bayramovun tabeçiliyində fəaliyyət göstərən bəzi vəzifə sahibləridir. Görülən işlərə hansısa maraqlar əsasında kölgə salmaq istəyən məmurlardan biri də yuxarıda adını çəkdiyimiz şöbə müdiri-baş memar Məmmədov Elxan Fazil oğludur. Onun barəsində növbəti şikayət Həsənov İbrahim Firudin oğlundan gəlib. Bir il bundan öncə, icra başçısının tapşırığına əsasən Gəncə şəhər, Atabəylər küçəsində yerləşən kənd təsərrüfatı məhsullarının becərilməsi üçün nəzərdə tutulan 30 hektar torpaq sahəsi Həsənov İbrahim Firudin oğlunun adına icarəyə verilmişdir. Hazırda əkinçilik işlərini daha da inkişaf etdirilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi yanında DAİM idarəsindən subsidiya almaq mümkün olmadığından, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Torpaq Agentliyinin reyestrindən keçirib çıxarış sənədi almaq zərurəti yaranıb. Buna görə də Agentliyin çıxarış hazırlaması üçün Gəncə şəhər Kadastr İdarəsinə yerquruluşunun sxeminin çəkdirilməsi üçün rəy göndərilib. Bu rəyə cavab olaraq, Şəhər İcra Hakimiyyətinin baş memarı Məmmədov Elxan Fazil oğlu tabeçiliyində olan nümayəndəsini göndərmək istəmir.

    Qeyd edək ki, yerquruluşunun sxeminin götürülməsinə görə torpağın icarədarı, Kadastr İdarəsinin nümayəndəsi və icra hakimiyyətinin memarlıq və tikinti şöbəsinin nümayəndəsinin iştirakı ilə akt tərtib edilib imzalanmalıdır. Amma yuxarıda sadalananlara baxmayaraq, Gəncə şəhər sakini Həsənov İbrahim Firudin oğlu məyus vəziyyətdə qalıb. Belə bir prosesin həyata keçirilməsinə qeyri-qanuni maneələr yaradan Elxan Məmmədovun hansı maraqlara xidmət etdiyini anlamaq olmur. Dövlət məmurunun bu hərəkəti (hərəkətsizliyi) dövlət proqramında xüsusi yer alan qeyri-neft sektoruna zərbə vurmaqdan başqa bir şey deyil. Görünür, Elxan Məmmədov da Gəncə şəhərinin həbs olunan keçmiş baş memarı Məharət Mustafayevin yolu ilə gedir.

    Biz inanmaq istəyirik ki, Ölkə başçısının müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq, Gəncədə bəzi vəzifə sahibləri tərəfindən vətəndaşlara yaradılmış süni maneələr şəhər icra hakimiyyətinin başçısı cənab Niyazi Bayramovun nəzarəti altında aradan qaldırılacaq və vətəndaş İbrahim Həsənova da təsərrüfatla məşğul olmasına köməklik göstəriləcək.

    Araşdırmalarımız davam edir.

    Yazıda adıçəkilən vəzifəli şəxslərin də mövqeyini dinləməyə hazırıq.

    Cəfər GundemXeber.Az


    PAYLAŞ:

    Oxşar xəbərlər