Kuklaçıların “Qış nağılı”

Kuklaçıların “Qış nağılı”
  • Mədəniyyət

  • Azərbaycan Dövlət Kukla Teatrı bu dəfə də öz ənənəsinə sadiq qalaraq balaca teatrsevərlərə bayram sovqatını yeni səhnə işi ilə edib.

    Asiya.az xəbər verir ki, yaradıcı heyət məktəblilərin qış tətili və Yeni il günlərində onların istirahətini daha da əyləncəli və yaddaqalan etmək üçün yeni mövzulu “Qış nağılı” adlı şənlik-tamaşa hazırlayıb.

    Səhnələşdirəni və quruluşçu rejissoru Səidə Haqverdiyeva, quruluşçu rəssamı İqbal Əliyev olan musiqi tərtibatlı birhissəli uşaq tamaşasında  mövzu da müasir uşaqlar və onların əyləncə dünyasını əhatə edir.

    Beləcə bir saatlıq tamaşa müddətində uşaqlara həm sosial şəbəkələrin, onlayn platformalar və mobil telefonların, daha doğrusu, bu vasitələr ilə uzun zaman keçirməyin zərərləri aşılanır, həm də şifahi xalq ədəbiyyatı nümunələrindən seçilən məşhur personajlar və hadisələr vasitəsilə mütaliəyə maraq yaradılır. 
    Tamaşa boyu milli nağıl qəhrəmanları bir araya gələrək uşaqlanın Yeni il şənliyinə gəlməyən Şaxta baba və Qar qızın axtarışına çıxırlar. Nəhayət gedib onu tapsalar da şənliyə gəlməyə razı sala bilmirlər. 

    Zamanının çoxunu mobil oyunlarda keçirib, dərslərindən yayınan, eyni zamanda sağlam qidalanmayan uşaqlardan incik düşdüyünü əsas gətirən Şaxta baba onlarla görüşmək istəmir. Uzun və əyləncəli cəhdlərdən sonra nağıl qəhrəmanları Şaxta babanı razılığa gətirir və beləcə şənliyin təşkilinə nail olurlar.

    Uşaqları əyləndirməklə öyrətməyə cəhd olan musiqili tamaşada rolları teatrın aparıcı aktyorları Aygül Ağayeva, Cavid Telman, Elnur Əliyev, Elxan İsmayılov, Səbinə Məmmədova, Elgün Həmidov, Araz Həsənli, Samirə Əliyeva və başqaları ifa edirlər.

    Tamaşa hər gün dörd seans olmaqla (12, 14, 16 və 18.00) olmaqla 28 dekabr 2023-cü il tarixindən 4 yanvar 2024-cü il tarixinədək nümayiş olunacaq.
    Onu da qeyd edək ki, teatrın sosial aksiyasının davamı olaraq bu il də tamaşanın premyera nümayişi həssas qrupdan olan uşaqlar üçün nəzərdə tutulub. 

    Belə ki, 28 dekabrda ilk iki nümayiş Vətən müharibəsi şəhidləri və qazilərinin, eləcə də əlilliyi olan uşaqlar üçün nəzərdə tutulub. Balacalara teatrın daxili imkanları hesabına hədiyyələr də təqdim olunacaq.
    Teatrın mətbuat xidməti
    PAYLAŞ:

    Oxşar xəbərlər