SEYİD SADIQ - 95

SEYİD SADIQ - 95
  • Cəmiyyət


  •   HAQQIN CƏDDİ –  CƏDDİN HAQQI...

                                         (esse)

    ...Harayı ellərə - obalara sığmayan, məclisləri lərzəyə gətirən, dodaqlara təbəssüm, könüllərə şəfqət çiləyən Seyid Sadıq ağa Bəhlül Danəndə misallı, Məcnun timsallı bir ömür yaşadı. Onu el-el, oymaq-oymaq gəzib-dolaşdıran İLAHİ bir eşq idi: o İlahi sevgi, İlahi istək ayağı yer tutan gündən Ağanın qismətinə yazılmışdı, Məcnun kimi onu dildən-dilə salmışdı. Məcnunun ömrü də, sevgisi də adi deyildi. Bənzərsiz ömür-gün sürən Ağa da öz CƏDDİNƏ aşiqi-sadiq idi. Əhli-beyt nişanələrini müasirlərinə varlığıyla aşılamaq, mübarək Cəddin əzəmətini dərk elətdirmək, hikmətini anlatmaq üçün yaşının erkən çağlarından Seyid Sadıq ağanın qəlbində, üzündə-gözündə Allah-təalanın NUR payı qərar tutdu. “Haqdan enən şərbəti” nuş edən seyid övladının öz şəcərəsinə xas, “bəlayi-eşqə mübtəla” olan taleyi tazadlarla dolu idi. Uşaq ikən ağır xəstəlik keçirən Seyid Sadıq ağa sonralar Allahın qüdrəti ilə xəstə könüllərə şəfaət bəxş elədi, qismətinə düşən NUR payından qaranlıq mətləblərə işıq saldı. Uzaq səfərə çıxan, çörək dalınca gedən, xəstə, sağlam adamlar bu gün də Ağanın cəddinə sığınıb, Ocağına pənah gətirirlər... Qəbristanlıqda ucalan məqbərəsinin, doğma ocağınin ziyarətinə kimlər gəlmir ki?!.

                                                                            ***

       Seyid Sadıq ağanın doğuluşu, işıqlı dünyaya gəlişi adi bir insan övladının həyata göz açmağı, torpağa qədəm basmağı deyildi. Bu doğuluş və mübarək qədəmlər həm də Mədinədən Yəmənə, ordan Xorasana, Xorasandan Hasıllının (indiki Cəlilabad rayonu) Seyidbazar elinə, ordan da Masallıya və Masallıdan da bir kökü ayrılıb Ərkivanda məskunlaşan nəslin damarlarında daşıdığı müqəddəs qanın təzahürü idi; əvvəli “Yer yox ikən, göy yox ikən. ta əzəldən var” olan bir BAŞLANĞICA simsarlanan İlahi Nurun təzahürü!

      HAŞİYƏ. Cəfər Sadiq (ə.s.) “İlahi Nur”un təcəssümü haqqında imamilik doktirinasının banisi olmuşdur. O, buyururdu ki, biz peyğəmbərin varisləriyik. Bizim aramızda sehirbaz və kahin olmaz. Biz dua edərik, Allah-təala qəbul edər... Doğruçuluğuna, düz danışdığına görə imama Sadiq ləqəbi verilmişdir.

                                                                         ***

     Cəddinin möcüzəsi ilə öz müasirlərini heyrətə gətirən, böyük kəramət sahibi olan Seyid Sadıq ağanın babası molla Mir Bəşir axund dövrünün tanınmış ruhanilərindən idi. Dini təhsilini əvvəl Məşhəddə, sonra Kərbəlada – Nəcəfül-Əşrəfdə almışdı. Ərkivanın İsoba məhəlləsindəki məsciddə axundluq edən Mir Bəşir ağa 58 yaşında - 1938-ci ildə vəfat etmişdir. Onun Gövhər adlı ərəb qızından dünyaya gələn Seyid Rza (Seyid Sadıq ağanın atası) el arasında hafizi-quran kimi ad-san qazanmışdı. Otuzuncu illərdə babası və atası ilə birlikdə sərt repressiya rüzgarlarına məruz qalan Seyid Sadıq ağa sonralar yaddaşlarda “Səsi qeybdən gələn”,  “qışqıran seyid” kimi qaldı.

       ...Hərdən içimizdən-çölümüzdən; gah bazarların səsli-küylü yerində, gah çayxana güşəsində, gah da uzun-uzadı söhbətlərin bezdirici məqamında qulağımiza qəfil səs gəlir: “Yalan, yalan, hamısı yalan!” Sən də, mən də bu qəfil səsdən diksinirik... Seyid Sadıq ağa ki, yoxdur!... Bəs bu səs hardan gəlir, İlahi?   

    Ağanın xeyir-şər məclislərində şimşək kimi çaxan səsi-sədası XX əsrin əsəbi və qıcıq doğuran sualı kimi yaddaşıara hopdu: “Kişi var?!” Hər dəfə Ağanın mübarək adı zikr olunanda, Cəddi çağrılanda qulaqlarda əks-səda verir bu iki kəlmə... Göz önündə içində vulkan gəzdirən, əli əldən-ələ körpü olan Seyid Sadıq ağanın kişi obrazı canlanır.

                                                                                              ***

           Bir, iki... 100 min, 1 milyon... Yeddidən yetmişəcən hamının tanıdığı və Cəddinə inandığı Seyid Sadıq ağannın taleyində RƏQƏM rol oynamayıb. Yaş kağızına 1929-il yazılsa da, ondan iki il öncə dünyaya gəldiyini söyləyirlər. Qırmızı Sovet İmperiyası qədər ömür sürən Ağa (Seyid ömrü əbədidir deyirlər) üçün qırmızı şüarlar kimi ağlı-qaralı rəqəmlərin də fərqi yox idi. Bəlkə bu üzdən əlinə gələn və payladığı pulların miqdarı Ağaya maraqlı deyildi. Bəlkə elə buna görə yaşının ixtiyar çağında üzü nurlu Ağa yaşından xeyli cavan görünürdü... Və onun özünəməxsus şuarı, devizi vardı:

              Seyid Sadıq ağa da dünyaya fil qulağında yatanları oyatmaq üçün, eynən Molla Nəsrəddinsayağı gəlmişdi: “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!”

       Günahlar imanı qəlblərdən silib aparanda... Yalanlar yalançı qürur yaradanda... Mərd namərdə möhtac olanda... Andı pozulanın, yurdu basılanda... Halal-harma qarışanda... Şeytan pul qiyafəsində qəlblərin hakimi olanda... Seyid Sadıq ağa qıyya çəkərdi: “YALAN, YALAN, Hamısı YALAN!”  

                                                                                     ***

       Ağanın qəribə pul “səpməyi” vardı. Sanki  toyuq-cücəyə dən tökərdi. “Al, bu da sənə hamam pulu!” “Hamam pulu”nun məcazı mənası vardı. Sanki Ağa ruhunu kir basmış zamanə adamına deyirdi ki, vücudun təmizlənməsi, hələ vicdanın təmizliyi deyil. “Get pak ol”- yəni içindəki Şeytandan qurtul! 

        Və yaxud, “Tərpətmə, doğar!” sözü ilə Ağa “iş böyüyər”, “Halqanın biri də sənsən!” sözü ilə: “Hamınız Allahın günahkar bəndələrisiniz–Sən də günah zəncirinin bir halqasısan!” Adətən, Ağa bu ifadəni günahların silsilə kimi davam etdiyi məclislərdə işlədirdi. Ağa günahkar bəndələri Allahın qəzəbindən agah eləyirdi. Və bəzən özü də qəzəblənirdi...

       ... Min il əvvəl bu “gəlimli-gedimli, son ucu ölümlü dünya”da Dədə Qorqud öz əsrdaşlarına xitabən deyirdi:

                                                Yığışdırsın, saxlasın Allah günahlarınızı,

                                               Məhəmməd Mustafaya bağışlasın... hey!..

     

     “Yalan, yalan, hamısı yalan” dediyi dünyada Seyid Sadıq ağa da öz müasirlərinə belə dualar eləyərdi: “Allah cəmi günahlarınızı cəddim peyğəmbərə bağışlasın!”.

                                                                                   ***

    Ağanın ölümündən 24 il  keçir... Amma elə bil hər şey dünən baş verib. Və dünən mübarək günlərin birində Seyid Sadıq ağa Masallı şəhərinin mərkəzi küçəsində dayanmışdı. Bir əlində papağını tutmuşdu. Sağından-solundan ötüb – keçən maşınların sahibləri yaxına-uzağa tələssələr belə, onun xeyir-duasını almadan yollarına davam etməzdilər. Dövlət Yol Polisi əməkdaşlarının yanından laqeyd ötənlər dayanıb Ağanı ziyarət edər, ona nəzir-niyaz verərdilər. Ağa da o biri əlini maşınlara toxundurub “Allah, Məhəmməd, ya Əli”, “Yolunuz açıq olsun!”, “İşiniz avand olsun!” deyər, bəzən aldığı pulu nəfəsi ilə üfürub, tüpürcəyi ilə kimyələyib sürücülərə qaytarardı. Sürücülər də o pulları  təbbərik kimi maşınlarının günlüyündə, sənədələrinin arasında saxlayardılar.

    ...Bəli, dünən Masallının (lap elə bütün dünyanın) “gödək boyu ilə ucalardan uca görünən Seyid Sadıqlı bərəkətli-ruzulu günü idi: Bazarlar gür, insanlar şuxdu, dərd kasıbı üzməmişdi, var-dövlət sahibi harınlaşmamışdı, ellər-obalar məğrur görünürdü. Mənəviyyat qıtlaşmamışdı. Müqəddəslərə xətir-hörmət vardı. Dünən günaha batmış insanlar TÖVBƏ etməyə ərinmirdilər. Dünən SAF niyyətlə edilən xeyir-dualar müstəcəb olardı. Dünən xeyirxahlıq ŞƏRƏŞƏRBƏNDƏLƏRƏ güc gəlirdi... Dünən yalan ayaq tutsa da çox uzağa gedə bilmirdi..

                                                                        *** 

        ...Bu fani dünyada həyatın SƏHNƏ olduğunu Seyid Sadıq ağa bizdən çox yaxşı bilirdi... Son nəfəsinədək el-el, oba-oba gəzərək bizləri hiss və duyğularımızı korşaldan bəlalardan xilas etmək üçün mücadilə etdi. Süstlük, biganəlik, ruh düşkünlüyü, ən böyük itkilərə bivecliyin hökm sürdüyü səhnədə Ağa epizodik rolu ilə yaddaşlarda əbədi iz qoydu. Və ölümdən keçıb-gələn ölməzliyiilə, əbədiyaşar səsiylə- sədasıyla könüllərdə özünün möhtəşəm abidəsini ucaltdı. Ölümdən sonra yaşamaq hər kəsə nəsib olmayan səadətdir.

               XX əsrin ən məşhur seyidlərindən biri, Cəddinin mözüzələri, əliaçıqlığı, səxavəti barədə sağlığında dildə-ağızda söz-söhbətlər gəzən, şəkilləri Azərbaycanda və Azərbaycandan kənarda əhli-beyt aşiqlərinin evlərini, iş otaqlarını, maşınlarını bəzəyən Seyid Sadıq ağa haqqında çoxlu şeirlər, bir neçə publisistik və bədii kitab yazılıb. “Seyid Sadıq aləmi” sənədli filmi isə ölkəmizin hüdudlarından kənarda yayılıb. Məzarının üzərində əhli-beyt övladına xalqın ülvi məhəbbətinin mücəssəməsi olaraq 15 metrlik əzəmətli məqbərə ucaldılıb!

     ...İlboyu bura ziyarətə gəlirlər. Seyid Sadıq ağanın müqəddəs ruhu doğma ata-baba ocağının başına pərvanə kimi dolanır. Ağanın ölümündən sonrakı həyatı beləcə davam edir. Qoy Cənabi – Haqqın dərgahında zati-möhtərəm Seyid Sadıq Hacı Seyid Rza oğlunun ruhu əbədi şad olsun!

                                                                         ***

            P.S:   Hər ilin iyulun 16 – da Masallının Ərkivan qəsəbəsinə Azərbaycanın müxtəlif güşələrindən əhli-beyt muştaqi olan adamlar gəlir. Burada Seyid Sadıq ağanın məqbərisini ziyarət edib, ruhuna dualar oxuyub, ehsanlar verir əziz xatirəsini yad edirlər.

            P.P.S:  27 noyabr 2022-ci ildə 25 il Seyid Sadıq ağanın adını daşıyan nəvəsi Mirsadıq Mirvaleh oğlu Ağcabədi rayonundan Masallıya qayıdarkən idarə etdiyi maşında qəzaya düşərək faciəvi şəkildə həlak oldu. Nəvə Seyid Sadıq ailənin sonuncu övladı idi və ailə həyatı qurmamışdı. Məzarı babasının məqbərəsinin yaxınlığındadır. Allahdan Baba və nəvə SEYİD SADIQA rəhmət diləyirik. Hər ikisinin RHUNA ehtiramla

    Nurəddin ƏDİLOĞLU.



    PAYLAŞ:

    Oxşar xəbərlər