Həzrəti Məryəm haqqında -Video

Həzrəti Məryəm haqqında -Video
  • Maraqlı / Araşdırma

  • Məryəm - Uca Allahın Quranda "təmizlənmiş və seçilmiş", Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) "kamilliyə çatmış" kimi vəsf etdikləri, dünyaya gəlib-getmiş qadınlar içərisində ən fəzilətli, üstün olanlardan biridir.

    O, həmçinin Allahın möcüzəsi sayəsində İsa peyğəmbəri (Ona Allahın salamı olsun) atasız dünyaya gətirmişdir. Məryəmin atası İmran və anası Hənnə çox ibadət edən və saleh kimsələr idi.

    İslam alimləri Məryəmin doğulması haqqında demişlər ki, İmran və Hənnənin uşaqları olmurdu. Bir gün Hənnə ağacın kölgəsində oturarkən, balasını yemləyən bir quş görür. Bunu görən Hənnə kədərli halda Allaha dua edərək, övlad sahibi olmaq istəyini dilə gətirir. Duası qəbul olunarsa, uşağını Beytu-l-Müqəddəsin (Süleyman peyğəmbərin tikdirdiyi məbəd) xidmətinə verəcəyini söyləyir. Uca Allah buyurur: "Bir zaman İmranın arvadı demişdi: "Ey Rəbbim! Mən bətnimdəkini Sənə qul olmaq üçün nəzir etdim. Məndən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən!". (Ali İmran, 35).

    Məryəmin doğulmasını görmək atası İmrana nəsib olmadı. Hənnə, övladının qız olacağını ağlına gətirməmişdi. Dünyaya gələcək övladının oğlan olacağını fikirləşərək söz verən Hənnə, qızı olandan sonra da vədini təkrarladı və ona, "Allaha ibadət edən qadın" anlamına gələn "Məryəm" adını verdi: "Ondan azad olduğu zaman demişdi: "Ey Rəbbim! Mənim qızım oldu" - Allah onun nə doğduğunu daha yaxşı bilirdi,- "axı oğlan qız kimi deyildir. Mən onun adını Məryəm qoydum, onu və onun nəslini lənətlənmiş şeytandan (qorunmağı) Sənə həvalə edirəm". (Ali İmran, 36).

    Uca Allah, Məryəmin anası Hənnənın duasını qəbul etdi: "Rəbbi onu yaxşı tərzdə qəbul etdi, onu gözəl bir bitki kimi yetişdirdi və onu Zəkəriyyəyə həvalə etdi" (Ali İmran, 37)

    Anası öz vədinə uyğun olaraq, qızını bələyib Beytul-Müqəddəsə apardı. Uca Allah Məryəmə gözəl əxlaq və xarici gözəllik verdi. Uşağın məsuliyyətini Zəkəriyyə peyğəmbər öz üzərinə götürdü. Alimlərə görə, Zəkəriyyənın arvadı Məryəmin xalası idi.

    "Zəkəriyya hər dəfə onun yanına ibadətgaha daxil olduqda, onun yanında ruzi olduğunu görərdi." Rəvayətlərə görə Məryəmin yanında qışda yay meyvələri, yayda isə qış meyvələrini görərdi. "O (Zəkəriyyə) dedi: "Ey Məryəm! Bu, sənin üçün haradandır?" Məryəm dedi: "Bu, Allah tərəfindəndir. Həqiqətən, Allah istədiyi kimsəyə hesabsız ruzi verir" (Ali İmran, 37)

    Uca Allah buyurur: "Bir zaman mələklər dedilər: “Ey Məryəm! Həqiqətən, Allah səni seçdi, təmizlədi və seçib aləmlərin qadınlarından üstün etdi". (Ali İmran, 42)

    Uca Allah buyurur: “Kitabda Məryəmi də yada sal. O zaman o, ailəsindən ayrılıb şərq tərəfdə olan bir yerə çəkilmiş və ibadət vaxtı onlardan gizlənmək üçün pərdə tutmuşdu. Biz Öz Ruhumuzu (Cəbraili) onun yanına göndərdik. O, Məryəmin qarşısında kamil bir insan surətində peyda oldu. Məryəm dedi: "Mən səndən Mərhəmətli Allaha sığınıram! Əgər müttəqisənsə, mənə toxunma".

    Mələk dedi: "Mən sənə ancaq pak bir oğlan bəxş etmək üçün Rəbbinin elçisiyəm".

    Məryəm dedi: "Mənə bir insan toxunmadığı və özüm də zinakar olmadığım halda, necə mənim övladım ola bilər?"

    Mələk dedi: «Bu belədir, lakin Rəbbin buyurdu: "Bu, Mənim üçün asandır. Biz onu insanlar üçün bir möcüzə və Öz tərəfimizdən bir mərhəmət edəcəyik. Bu, hökmü verilmiş bir işdir"».

    Məryəm uşağa qaldı və bətnindəki ilə birlikdə gedib uzaq bir yerə çəkildi. Doğuş sancıları onu bir xurma ağacının gövdəsinə söykənməyə vadar etdi. O dedi: "Kaş bundan əvvəl öləydim və bir dəfəlik unudulaydım!" Məryəmin aşağı tərəfindən (İsa və ya Cəbrail) onu səsləyib dedi: "Qəm yemə, Rəbbin sənin ayağının altından bir bulaq axıtdı. Xurma ağacının gövdəsini özünə tərəf silkələ ki, üstünə yetişmiş, təzə xurma tökülsün. Ye, iç, gözün aydın olsun! Əgər insanlardan kimisə görsən, de: "Mən Mərhəmətli Allaha oruc tutmağı nəzir etmişəm. Odur ki, bu gün heç kimlə danışmayacağam"».

    Məryəm körpəni qucağına alıb öz tayfasının yanına gətirdi. Onlar dedilər: "Ey Məryəm! Sən yaramaz bir iş tutmusan. Ey Harunun bacısı! Atan pis kişi, anan da pozğun deyildi".

    Məryəm ona işarə etdi. Onlar dedilər: "Beşikdə olan körpə ilə necə danışaq?"

    Körpə dil açıb dedi: "Həqiqətən də, mən Allahın quluyam! O mənə Kitab verdi və məni peyğəmbər etdi. Harada oluramsa olum, məni mübarək etdi və nə qədər ki sağam, mənə namaz qılıb zəkat verməyi əmr etdi. Həm də məni anama qarşı qayğıkeş etdi; məni lovğa və bədbəxt etmədi. Doğulduğum gün də, öləcəyim gün də, yenidən dirildiləcəyim gün də mənə salam olsun!"

    Barəsində şübhəyə düşdükləri haqq söz olan Məryəm oğlu İsa budur. Allaha övlad götürmək yaraşmaz. O, pak və müqəddəsdir! O, bir işin olmasını istədikdə ona ancaq "Ol!"– deyər, o da dərhal olar.

    İsa dedi: "Həqiqətən, Allah həm mənim Rəbbim, həm də sizin Rəbbinizdir. Elə isə yalnız Ona ibadət edin! Düz yol da budur".

    Sonra firqələrin arasında ziddiyyət düşdü. Böyük günü görəcək kafirlərin vay halına! Onlar Bizim hüzurumuza gələcəkləri gün necə yaxşı eşidəcək, necə də yaxşı görəcəklər! Lakin zalımlar bu gün açıq-aydın azğınlıq içindədirlər. Sən onları işin bitmiş olacağı peşmançılıq günü ilə qorxut! İndi onlar hələ qəflətdədirlər və iman gətirmirlər. Şübhəsiz ki, yerə və onun üstündə qalanlara təkcə biz sahib çıxacağıq. Onların qayıdışı Bizə olacaqdır” (Məryəm, 16-40).(zikr.az)

    PAYLAŞ:

    Oxşar xəbərlər