Parlamentdə bu gün nələr müzakirə olunur- Yenilənir

Parlamentdə bu gün nələr  müzakirə olunur- Yenilənir
  • Siyasət / Manşet

  • Baş nazirin qatıldığı iclasda Mərkəzi Bank sədri maliyyə bazarındakı vəziyyəti açıqladı; YAP-çı deputat xaricdəki bəzi səfirliklərin bağlanmasını təklif etdi

    Noyabrın 21-də Milli Məclis 2018-ci il üçün dövlət büdcə zərfinin müzakirəsinə başladı. Spiker Oqtay Əsədov deputatları və baş nazir Artur Rasi-zadənin rəhbərliyi ilə plenar iclasa qatılan hökumət üzvlərini salamladıqdan sonra iclasın gündəliyini səsverməyə çıxartdı.

    “2018-ci ilin dövlət büdcəsində neftin 1 barelinin qiyməti 45 dollardan götürülüb”. Bunu Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə söylədi. Onun sözlərinə görə, müvafiq qurumlarla geniş müzakirələrdən sonra bu rəqəmin üzərində dayanıb. Komitə sədri bildirdi ki, Azərbaycan az borcu olan 10 ölkədən biridir. “Biz borclanmaya getməliyik. Borc almaq Azərbaycana ən müasir texnologiyaların gətirilməsi deməkdir” - komitə sədri əlavə etdi. Bununla belə, bildirdi ki, Azərbaycan hər borcu almayacaq, bunun üçün dövlət başçısının tapşırığı ilə xüsusi strategiya hazırlanır. “Lazım olmayan borclanmaya görə məsuliyyət məsələsi də artırılacaq” - Z.Səmədzadə dedi.

    Komitə sədri dedi ki, əhali ilə banklar arasında yaranmış problemlərin həlli ilə bağlı konsensus olmalıdır. “Ola bilməz ki, bir tərəf haqlı, digər tərəf haqlısız olsun” - deyən komitə sədri banklarla bağlı məlumat verdi.

    Maliyyə naziri Samir Şərifov çıxışında dedi ki, keçən ilə nisbətən bu il qeyri-neft sektorunun inkişafı 2,5 faiz artıb. Nazir bildirdi ki, cari ilin əvvəlindən başlayaraq, manat ABŞ dollarına nisbətdə 10 faiz möhkəmlənib. “Azərbaycan investisiyalar üçün etibarlı ölkə olaraq qalmaqdadır” - S.Şərifov bildirdi.

    Nazirin sözlərinə görə, 2018-ci il üçün dövlət büdcəsinin gəlirləri 20,127 mlrd. manat, xərcləri isə 20 mlrd. 905,7 mln. manat təşkil edəcək. Beləliklə, dövlət büdcəsinin 778,7 mln. manat kəsirlə icra olunacağı proqnozlaşdırılır. 2018-ci il dövlət büdcəsinin gəlirləri üzrə proqnozun 7,907 mlrd. manatı və ya 39,3%-i Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 9,216 mlrd. manatı və ya 45,8%-i Dövlət Neft Fondundan transfertin, 2,43 mlrd. manatı və ya 12,1%-i Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 574 mın. manatı və ya 2,8%-i isə digər gəlirlərin payına düşür.

    “İpoteka kreditləşməsi növbəti illərdə daha da genişləndiriləcək, mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə sosial evlərin tikintisinə önəm veriləcək. Bu məqsədlə dövlət büdcəsindən 250 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub”.

    Bunu isə iqtisadiyyat naziri Şahin Mustafayev söylədi. Nazir bildirdi ki, Mingəçevir sənaye parkında 5 mindən çox yeni iş yerinin açıqlaması nəzərdə tutulur. Bundan əlavə, Masallıda da 30-dan çox layihə reallaşdırılacaq. Ölkədə xalçaçılığın inkişafı məqsədilə 6 rayonda hazırlıq işləri başa çatıb, daha iki rayonda işlər davam edir. Sumqayıtda isə boya maddələrinin istehsalı məqsədilə müəssisələr tikiləcək. Bundan əlavə, fermer və sahibkarlara güzəştli kreditlərin verilməsi məqsədilə bir sıra layihələr nəzərdə tutulub. Eyni zamanda bir sıra rayonlarda yeni aqroparkların yaradılması planlaşdırılır.

    Mərkəzi Bankın (MB) İdarə Heyətinin sədri Elman Rüstəmov isə dedi ki, sərt xarici şok baş vermədiyi təqdirdə növbəti ildə valyuta bazarında sabitlik qorunacaq. Baş bankirin sözlərinə görə, cari ildə strateji ehtiyatlarımız 12 faiz, Mərkəzi Bankın ehtiyatları isə 31 faiz artıb. Beləliklə, ölkəmizin ehtiyatları 42 milyard dollara çatıb. MB rəhbəri qeyd etdi ki, manat ilin ilin əvvəlindən 4 faiz, son aylarda isə 11 faizdən çox möhkəmlənib. Eyni zamanda Neft Fondundan dövlət büdcəsinə transfertlər 3 dəfə azalıb və ehtiyatlara qənaət edilib.

    E.Rüstəmov Dövlət Statistika Komitəsinə istinadən bildirdi ki, 2017-ci ilin 10 ayı ərzində inflyasiya 13 faizdən artıq olub. Ancaq o, inflyasiyanın daha çox xarici amillərlə əlaqədar olduğunu vurğuladı. MB sədrinin sözlərinə görə, son aylar bəzi ərzaq məhsullarının qiymətləri əhəmiyyətli dərəcədə artıb. E.Rüstəmov bildirdi ki, bu artım heyvandarlıq məhsullarında da müşahidə olunub: “Odur ki, bu inflyasiya proqnozlaşdırılırdı”.

    Büdcə sənədi ətrafında müzakirələr zamanı çıxış edən deputat Fazil Mustafa paytaxtın yüklənməsinə diqqət çəkdi: “2018-ci il büdcəsində Bakı şəhəri istisna olmaqla, regionların gəlirləri cəmi 3 faiz proqnozlaşdırılıb. Bir vaxtlar Türkiyədə də belə nümunə var idi və türkiyəli ekspertlər deyirdilər ki, İstanbul böyüdükcə Türkiyə kiçilir. Əslində Bakı da böyüdükcə Azərbaycan da kiçilməyə başlayır”. F.Mustafa xaricdə təhsil alan tələbələrin təqaüdünün kəsilməsindən, tələbə yataqxanaları ilə bağlı problemdən də danışdı. Paytaxtin durumundan danışan deputat “Bakı bu qədər yükün altından çıxarılmalıdır. Təklif edirəm ki, səlahiyyətlilər Bakının ətrafında səyahət etsinlər”-deyə hökumətə çağırış etdi.

    Deputat elmə ayrılan xərclərin azlığından şikayətləndi.

    Komitə sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov Rəşt-Astara dəmir yolu xəttinə dəstək verilməsini təklif etdi. “Bu xəttin işə düşməsi Naxçıvanın qismən də olsa, blokadadan çıxması deməkdir”-deyə, o bildirdi. S.Novruzov bildirdi ki, rayonlar arasında rəqabət prinsipini həyata keçirə bilərik: “Necə ki, cərimələrin 25 faizi ayrı-ayrı qurumlarda saxlanılıb. Bu məsələdə də kim ki, öz büdcəsini tamamilə təmin edir, yığdığı vəsaitin də müəyyən faizi o rayonda saxlanılsın”. YAP-çı deputat ayrı-ayrı obyektlərin saxlanılması üçün mərkəzi büdcədən vəsait ayrılmasındansa, həmin obyektlərin işləməsi, əlavə gəlir gətirməsi istiqamətində addımlar atmağa çağırdı. “Əhali ilə Mərkəzi Bank arasında anlaşma gedir, ortada qazanan kommersiya banklarıdır. Onlar on illərlə qazanıblar, indi buyursunlar, vətəndaşa kömək etsinlər. 13 faizə depozit götürür, vətəndaşa 28-30 faizlə kredit verir. Banklar vətəndaşı dövlətdən narazı salmasınlar”-deputat əlavə etdi.

    S.Novruzov hökumətə xatırlatdı ki, bütün dünyada seçki ilində siyasi partiyalara ayrılan vəsait digər illərdən çox olur: “Təklif edirəm ki, bizdə də siyasi partiyalara ayrılan vəsait artırılsın”. S. Novruzov Azərbaycanın xaricdəki bəzi səfirliklərinin bağlanmasını da təklif edib:"Xarici ölkələrdə fəaliyyət göstərən müəyyən səfirliklərlə bağlı məsələ götür-qoy edilməlidir. Hansı ölkədə lazımdır onlar bağlanır, hansında lazım deyil orda qalır. Lakin biz səfirlikləri lazım olan ölkələrdə deyil, lazım olmayanda bağlamalıyıq".

    Deputat Aqiyə Naxçıvanlı isə təklif etdi ki, 3 yaşına qədər uşağa olan müavinət artırılsın və bu məbləğ 3 yaşın tamamına qədər azaldılmasın. Xanım deputat gənc həkim və müəllimlərə də güzəştli ipoteka verilməsini zəruri saydı.

    Deputat Zahid Oruc öncə hökumət nümayəndələrinə ünvanlı tənqidlər səsləndirdi: “Bir aydır Azərbaycanın əsas sənədi təqdim olunub. Amma mən hökumət nümayəndələrinin efirdə bu sənədlə bağlı geniş diskussiyalarının şahidi olmamışam”. Deputat dövlət komitələri və nazirliklərin bəzilərinin ləğv edilməsini zəruri saydı, bu mənada Gürcüstan nümunəsinə diqqət çəkdi. Z.Oruc ardınca Beynəlxalq Bank mövzusuna toxundu. “Maliyyə naziri Samir Şərifov çıxışı zamanı Beynəlxalq Bank haqqında ağrılı məsələlərə toxunub. Bilirik ki, Eldar Mahmudovun bir sıra əməlləri nəticəsində bu bank bu vəziyyətə gəlib. Bankın hesabatlarında bəzi problemləri görürük. Ancaq hesab edirəm ki, bununla bağlı daha dolğun informasiyalar verilməlidir. Bu gün 2 milyon nəfərin 1.8 milyard problemli krediti var. Ancaq təkcə Beynəlxalq Bankın 2.4 milyard dollar problem öhdəlikləri var. Bu isə o, deməkdir ki, dövlətə vətəndaşlardan daha çox Beynəlxalq Bank zərər vurub. Mən çox arzulayıram, bununla bağlı hökumətdən geniş açıqlamalar verilsin”.

    Deputat Məlahət İbrahımqızı şəhid ailələrinin sığortası ilə bağlı hökumətə müraciət etdi: “Mən bilmək istəyirəm, şəhid ailələrinin sığorta pulu dövlət büdcəsində nəzərdə tutulubmu? Artıq bu məsələ Konstitusiya Məhkəməsinə qədər gedib çıxıb”.

    Deputat Qüdrət Həsənquliyev büdcə vəsaitləri və onun ayrılmasına tənqidi yanaşdı: “10 milyonluq ölkə üçün 20 milyardlıq büdcənin ayrılması o qədər də böyük vəsait deyil. Eyni zamanda büdcə vəsaitlərinin bölüşdürülməsi ədalətli deyil”. O, daha sonra əlil və şəhid ailələrinin mənzillə təmin olunması üçün cəmi 27,5 milyon manat vəsait ayrılmasını doğru saymadı, müharibə vəziyyətində olan ölkə üçün bu vəsaiti yetərli hesab etmədiyini bildirdi. Eyni zamanda deputat qəzalı vəziyyətdə yaşayan qaçqın və köçkünlər üçün mənzil tikintisi üçün ayrılan vəsaitin artırılmasını zəruri saydı: “Mehriban xanım birinci vitse-prezident təyin olunandan sonra bu sahəyə ciddi diqqət yetirilir, yeni yaşayış kompleksləri tikilir”. Ardınca deputat qaçqın-köçkünlərin problemlərinin həlli üçün digər tədbirlərin görülməsini vacib saydı: “Allah insana nə qədər ömür verir ki? Bu insanlar 25 ildir qəzalı evlərdə yaşayırlar. Mən hökumət üzvlərinə müraciət edirəm, qaçqınlara, şəhid ailələrinə mərhəmətlə yanaşsınlar, onlara ayrılan vəsaiti artırsınlar!” Deputat Naxçıvana ayrılan investisiyalardan da bəhs etdi. “Əlbəttə, cənab prezidentin dəstəyi olmasa, Naxçıvan ayaq üstə dayana bilməzdi. Ancaq mən təklif edirəm ki, Naxçıvanda sənayenin inkişaf etdirilməsi ilə bağlı dövlət proqramı qəbul olunsun!”

    Deputat Fərəc Quliyev isə hərbi sahəyə diqqət yetirməyə çağırdı: “Bizim büdcədən barıt iyi gəlməlidir. Biz işğal altındakı ərazilərimizdəki sərvətlərimizdən istifadə edə bilmirik. Üstəlik də düşmənlər bizim sərvətlərimizi talayıb aparırlar. Biz onların bu talanına qarşı mübarizə aparmalıyıq və bu mübarizə büdcəmizdə də əksini tapmalıdır”.

    Deputat Hikmət Babaoğlu dedi ki, son zamanlar autizm xəstəliyi geniş yayılıb: “Əgər sağlam gələcəyimizi düşünürüksə bu problemin həlli üçün mərkəzlər yaradılmalı, dövlət autizm xəstəliyinə düçar olmuş uşaqların müalicəsinə, rebilitasiyasına ciddi dəstək verməlidir”.

    Deputat Aydın Mirzəzadə təhsil fondunun yaradılmasını, həmçinin bölgələrdə sosial evlərin tikilməsini təklif etdi.

    Deputat Qənirə Paşayeva Tovuz rayonunun problemlərinə diqqət çəkdi: “Tovuz cəbhə bölgəsində yerləşir və çox böyük vəsaitlər ayrılmadan problemləri həll etmək olar. Tovuzun iki addımlığındakı 20 mindən artıq əhalinin içməli suyu yoxdur, insanlar pulla su alır. Mən Qorxmaz müəllimdən xahiş edirəm, bununla bağlı layihə həyata keçirilə və 20 minlik əhalinin problemini həll etmək olar. Tovuzun çox ciddi şəkildə su problemi var. Mən ”AzərSu"dan xahiş edirəm ki, Tovuzdan gələn bu təklifləri dəstəkləsin!"

    Daha sonra Q.Paşayeva kənd təsərrüfatı nazirinə müraciət etdi: “Tovuzda əkin sahələri susuzluqdan yandı”. O, “Azəriqaz”ın rəhbərinə müraciətlə dedi ki, gələn il qaz çəkilməyən 48 kənddən yalnız 3 kənd qazlaşma planına salınıb. Təhsil naziri Mikayıl Cabbarova xitab edən xanım deputat bildirdi ki, Tovuzda 14 məktəb qəzalı vəziyyətdədir və bu sahəyə diqqət ayrılsa, çox yaxşı olar.

    Deputat Vahid Əhmədov çox vacib mövzulara toxundu. O, vəsaitlərin qənaətlə xərclənməsi və nəzarətin təmin olunması üçün Neft Fondundan transfertin miqdarını müəyyən etməyi zəruri saydı. Deputat qiymət artımına da diqqət çəkdi: “Niyə qiymətlər sürətlə dəyişir? Yağın qiyməti elə dəyişilməz qalıb, heç nə dəyişməyib. Qiymət məsələsində Azərbaycan dövlətinin yol xəritəsi olmalıdır”.

    V.Əhmədov təklif etdiyi qanun layihəsinə diqqət çəkdi: “Əgər ölkədə monopoliya yoxdursa, niyə Rəqabət Məcəlləsini qəbul etmirsiniz? İndi baxıram ki, Rəqabət Məcəlləsini 2021-ci ilədək qəbul etmək nəzərdə tutulur. Niyə biz 4 il də gözləməliyik? Mən baxıram ki, Rəqabət Məcəlləsinin qəbuluna nə Prezident Administrasiyası, nə Nazirlər Kabineti, nə də Milli Məclis maraqlı deyil. Çünki bilirlər ki, bu məcəllə qəbul olunsa, inhisarçılığa mane olacaq”.

    “Özü də bu nə siyasətdir? Bankları bağlamaq siyasəti götürüblər. Biz heç vaxt bunun tərəfdarı olmamışıq” - V.Əhmədov əlavə etdi.

    Müzakirələr bu gün davam edəcək.

    ***
    Əhliman Əmiraslanov: “Səhiyyəyə ayrılan xərcləri artırmaq lazımdır”

    “Təəssüflə qeyd edirəm ki, bizdə ölkəmizdə adambaşına düşən səhiyyə xərcləri son dərəcə aşağıdır. Hətta səhiyyə xərcləri keçənilkindən də azdır”.


    Deputat Əhliman Əmiraslanov bu fikirləri büdcə müzakirələrində söylədi. Akademik bildirdi ki, heç olmasa əhalimizin artımını nəzər alıb səhiyyəyə ayrılan xərcləri artırmaq lazımdır: “Əks təqdirdə səhiyyəmiz geriyə gedəcək. Səhiyyə xərclərinin az olması və həkimlərimizin maaşının az olmaası ölkəmizdə müasir avadanlıqla təchiz olunmuş klinikaların effektiv işləməsinə maneçilik törədir”.

    Ə.Əmiraslanov uşaqların eşitmə və danışma imkanlarının bərpasına xidmət edən əməliyyatlar üçün də xərclərin nəzərdə tutulmasına çağırış etdi: “Əks təqdirdə bu uşaqlar vaxtında əməliyyat olunmadığı üçün əbədi kar və lal qalacaqlar”.

    Deputat onkoloji sahədə şiş əleyhinə preparatların alınması vəsaitlərin ayrılmasını xahiş etdi.

    ***
    “Geniş özəlləşdirmənin həyata keçirilməsi həm vətəndaşlarımızı mülkiyyət sahibi edərdi, həm də dövlətimizə əlavə gəlir gətirərdi”.

    Deputat Musa Qasımlı bunu 2018-ci ilin büdcə müzakirələri zamanı söylədi. Bildirdi ki, yerlərdə istehsalat müəssisələrinin yaradılması yeni iş yerlərinin açılması və məhsul bolluğunun yaranması baxımından çox faydalıdır.

    Deputat çıxışı zamanı bir sıra təkliflər də irəli sürdü: “Bildiyiniz kimi prezidentin müəyyənləşdirdiyi strategiya əsasında həyata keçirilən işlər nəticəsində ölkəmizdə qida sənayesi sahəsində müəyyən işlər görülüb. Lakin yüngül sənaye sahələrinin yaradılması ilə bağlı işlər görülməlidir. Bu sahənin yaradılması yeni iş yerlərinin açılması, sosial problemlərinin aradan qaldırılmasına və digər məsələlərə gətirib çıxara bilər”.

    M.Qasımlı gələn ilin dövlət büdcəsində təbii fəlakətlərlə bağlı ayrılan vəsaitlərə yenidən baxılmasını təklif etdi: “Bildiyiniz kimi bu gün dünyada təbii fəlakətlər, zəlzələlər, daşqınlar baş alıb gedir. Bu ölkəmizdən də yan keçmir. Bu baxımdan düşünürəm ki, fövqəladə hallarla bağlı vəsaitələrə bir daha baxılsın”.

    M.Qasımlı şəhid ailələrinin problemlərinə də toxundu: “Şəhid ailələrinə və müharibə əlillərinə ölkəmiz tərəfindən diqqət göstərilir. Lakin onlara ehtiyaclarını ödəməsi üçün ayrılan məbəğ kifayət etmir. Bu baxımdan yeni büdcədə bu məsələyə diqqət edilməlidir. Bundan əlavə, növbəti ilin büdcəsində məşğulluğun təmin edilməsi ilə bağlı vəsaitələrə bir daha baxmağa dəyər”.

    Daha sonra deputat seçildiyi 72 saylı Yardımlı-Masallı seçki dairəsinin problemlərindən danışdı. Bildirdi ki, çox çətin relyefə malik olan Yardımlı rayonunda su, yol, elektrik enerjisi, qaz və digər sahələrədə xeyli işlər görülüb: "Bununla belə, Yardımlı rayonunun artıq plana salınmış şəhərə bitişik və yaxın olan Dəlləkli, Ostayır, Gavran, Osnağaran, Anzov, Hamarkənd, Abasabad və digər kəndlərinin, Masallı rayonunun Güllütəpə ərazi nümayəndəliyinə daxil olan bütün kəndlərin gələn il qazlaşdırılmasının həllini tapmasını xahiş edirəm. Cəlilabad-Masallı avtomobil yolunun tikintisinə dair cənab prezidentin sərəncamının yerinə yetirilməsi iki rayonun tarixində görünməmiş bir hadisə olmaqla, kəndlərin inkişafına səbəb olacaq, sakinlərin həyat şəraitini yaxşılaşdıracaq və rahatlıq yaradacaq. Bununla yanaşı, hökumətimizdən Yardımlı rayonunun minlərlə insanın yaşadığı Bozayran, Bürzünbül, Bilnə, Vərgədüz kəndləri arasında yolların asfaltlanmasını xahiş edirəm”.

    ***

    “İnsan kapitalının inkişafı onun hüquqlarının qorunmasını tələb edir. Bu olacaqsa, hökumət olaraq qarşıya qoyulan məsələlərinin öhdəsindən gələ bildiyimizi deyə bilərik. Azərbaycanda hakimlərin və vəkillərin sayı ilə bağlı problemlər var. Bu yaxınlarda qəbul etdiyimiz qanunun özü də bu sahədə ciddi addımların atılmasını tələb edir”.

    “Report”un xəbərinə görə, bunu Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edən parlament sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova deyib.

    O bildirib ki, məhkəmələrdə vəkil rolunu oynayan nümayəndələrin fəaliyyətini tənzimləmək üçün qanunvericilik sahəsində atılan addımlar vəkillərin sayının artırılmasını tələb edir: “Burada vətəndaşların məqsədli şəkildə hüquqlarının pozulmasından söhbət getmir. İşlərin yaxşı araşdırılmaması, müdafiənin səviyyəli şəkildə təmin olunmaması, istintaqın gedişində bir çox məsələlərin aydınlaşdırmağın mümkün olmaması məhkəmə baxışı zamanı prosedurların pozulması hallarına gətirib çıxarır. Təbii ki, nəticəsindən, verilən hökmlərdən, aparılan istintaqdan narazı qalan vətəndaşlar öz hüquqlarının pozulduğu qənaətinə gəlirlər. Hüquqlarının qorunması üçün müvafiq qurumlara müraciət edirlər”.
    PAYLAŞ:

    Oxşar xəbərlər