Xocalı şahidi: “Dizi qırılan xocalılı dedi ki, məni güllələ...”

Xocalı şahidi: “Dizi qırılan xocalılı dedi ki, məni güllələ...”
  • Sosial / Hərb

  • 26 il öncə baş verən dəhşətli faciə: “Ən qəddar cəza, ən ağır işgəncələr Xocalıda törədildi”

    Xocalıda baş verən dəhşətli cinayətləri öz gözü ilə görmüş birinin - Xocalı batalyonunun kəşfiyyatçısı olmuş Ramiz Nəsirovun ağrılı-acılı xatirələrini təqdim edirik.

    Qeyd edək ki, bu xatirələr “Xocalı şahidləri danışır” kitabındandır. Kitab 2015-2017-ci illərdə “Azərbaycan” qəzetində dərc olunan materialların toplusudur.

    *****

    “Meşədə üç nəfərlə rastlaşdım. Biri ayaqyalın idi, ikisi isə halsız. Onları da götürüb birtəhər Xocalıdan çıxa bildim. Qalanları da bizlə gəlsəydi, çıxara bilərdik. Heydən düşmüşdülər. Həm də camaat şokda idi. Hara baxırdın meyit görürdün. Çox dəhşətli bir mənzərə idi. İnsanların çoxu aclıqdan, susuzluqdan, yaxud soyuqdan donaraq ölmüşdü. Uçurumdan düşənlər də vardı. Erməni isə qırdığını qırmışdı. Onlar əsasən Xocalıdan qonşu rayonlara tərəf çıxışları tutmuşdular. Ona görə Xocalıda kütləvi qırğın çox oldu”. Bunları danışan Xocalı batalyonunun kəşfiyyatçısı 60 yaşlı Ramiz Nəsirovdur. O, hazırda Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşıb.

    “Silah ancaq məndə idi”

    Ramiz dayı deyir ki, o ərəfədə ermənilər hər axşam atırdılar, artıq güllə səslərinə vərdiş etmişdik: “Fevralın 25-i hay-haray qopdu, camaat pərən-pərən düşdü, ermənilər artıq şəhərə doluşmuşdular. Yoldaşımı da götürüb evdən çıxdım. Amma həmin vaxt uşaqlar Şuşada idi, anamgilin yanında. Qayınatam isə insult idi, tərpənə bilmirdi, onu heç cür çıxara bilmədik. Qonşuları çağırdım, bir yerdə çıxdıq. Kəndin içi ilə irəliləyirdik. Silah da ancaq məndə idi. Cəmi 10-15 nəfər olardıq. Çayı keçəndən sonra uşaqlara dedim ki, mən sizi irəli aparacam, atışma olsa, tərpənməyin, onları geri çəkdirəcəm, bircə yoldaşımdan muğayat olun. Bir xeyli irəliləmişdik. Dedim, dayanın camaat dincəlsin. Baxanda gördüm ki, yoldaşım aralarında yoxdur. Soruşdum, hanı, heç kim bilmədi. Yenidən kəndə qayıtdım. Kəndə girəndə işıqlar söndü. Səhərə yaxın idi. Elə evə yaxınlaşmışdım ki, yuxarıdan məni pulemyot atəşinə tutdular. Bu vaxt qaçmağa yer olmadığından özümü suya atdım. Suyun içi ilə meşəyə doğru irəliləməyə başladım. Uzaqlaşdıqdan sonra camaatı axtardım.

    “Nə bacarırsınız qaçın, atsalar da, dayanmayın”


    Bu zaman iki qrupla rastlaşdım. Ermənilər onları mühasirəyə almaq istəyirdilər, “sən ordan gəl, mən burdan” - deyə çığıraraq erməniləri panikaya saldım. Bu yolla insanları mühasirədən çıxardım. Amma getdikcə hava qaralırdı, artıq camaat heydən düşmüşdü, hərəkət edə bilmirdilər. Mən kəşfiyyatçı olduğumdan sağ qalmağın yollarını bilirdim. Bir nəfərlə gəldim düz erməni kəndinin girəcəyinə. İkimizin bir şineli vardı. Hərəmiz bir qoluna girərək qucaqlaşıb yatdıq. Oyananda ayağa qalxa bilmirdim. Ayaqlarım donmuşdu. Gücümü toplayıb yola düzələndən sonra təxminən bir kilometr boyu ayaqlarımı hiss etmədim. Artıq iki gün idi ki, meşədə qalırdıq.

    Yolda üç nəfər tapdıq. Biri ayaqyalın idi. İkisi də halsız. Onları da götürdük. Hava işıqlaşırdı. Baxdım ki, üç postun arasından keçməliyik. Elə oldu ki, ermənilər isinmək üçün təpədən aşağı endilər. Qazın turbasını deşmişdilər, oradan alov çıxırdı. Dedim ki, nə bacarırsınız qaçın, atsalar da dayanmayın. Bilmirəm, bizi gördülər, ya yox, bu yolla qaçıb oradan çıxa bildik. Özümlə dörd nəfəri Ağdama gətirib çıxardım. Birinin isə meşədə dizi qırılmışdı. Dedi öldür məni gedə bilmərəm. Yalvar-yapış etdim, xeyri olmadı. Qaldı orada. Digərləri də bizlə gəlsəydi, Xocalıdan sağ çıxa bilərdilər. Amma heydən düşmüşdülər. Aclığa, susuzluğa dözmürdülər. Həm də şokda idilər, hara baxırdılar meyit görürdülər... Yoldaşımdan da bir xəbər çıxmadı..."

    “Qohumlarımdan çoxu Xocalıda şəhid oldu...”

    Meşədə qaldıqları iki gün ərzində Ramiz kişi və onunla birgə olanlar itburnunun yarpağı ilə qidalanıblar. Dediyinə görə, aclıq və soyuq hava dəhşətli faciəni daha da şiddətli edirdi. Ramiz dayı bütün Xocalı sakinlərini doğmaları kimi qəbul edir. Faciədə öz qohumlarını da itirib: “Xocalı sakinlərinin hər biri mənə doğmadır. Orada öldürülən, işgəncələrə məruz qalan, aclıqdan və soyuqdan donaraq ölənlərin hər biri mənim qardaşım, bacım, atam, anamdır. Bununla belə, dayım oğlu, xalam oğlu, onların övladları Xocalıdan sağ çıxmadı. Qohumlardan çoxu orada şəhid oldu. Hansını deyim...

    Xocalı faciəsi ərəfəsində Ramiz Nəsirovun 35 yaşı vardı. Batalyonda “Qoca” ləqəbi ilə tanınırdı. Dediyinə görə, Xocalı faciəsindən əvvəl çox əməliyyatlarda olub, hətta ermənilər “Qoca”nın başına pul da qoyubmuşlar. Amma o, Qarabağda böyüdüyü üçün oranın bütün yollarına, cığırlarına bələd olub. Ona görə də, ermənilər Ramiz kişini heç bir vasitə ilə ələ keçirə bilməyiblər. Sonralar kəşfiyyat xidmətlərinə görə Ramiz Nəsirova 1996-cı ildə Heydər Əliyevin sərəncamı ilə “İgidliyə görə” medalı da təqdim edilib. O vaxt ağlına da gəlmirdi ki, nə vaxtsa xidmətlərinə görə ona medal verərlər, heç bunun üçün çalışmayıb da.

    Tənha qalmışdıq


    Ramiz Nəsirov Xankəndidə doğulub boya-başa çatıb. Əvvəllər bir müddət Rusiyada yaşayıb, sonra Şuşaya qayıdıb. Xocalıda vəziyyət pisləşəndə isə oraya gəlib. O, Xocalının üstünü qara buludlar alanda ona heç bir köməyin göndərilmədiyini də təəccüblə qarşılayıb: “Nə məsələ idisə, o zaman Xocalıya heç bir kömək göstərilmədi. Şuşa tərəfdən bir top mərmisi belə atılmadı. Kimin tapşırığıydı, kimin əmriydi, bilinmədi. Mərkəzdən də deyirdilər ki, şayiə yaymayın. Bizə dəstək verilsəydi, erməniyə qalib gələrdik. Hesab edin ki, əlisilahlı zabitlər əliyalın piyadalara qarşı idi.

    Mənə görə, bu dəhşəti görüb ayaqda qalanların hər biri qəhrəmandır. Xocalılılar həm postda durublar, həm qırılıblar, həm də olmazın əzablarını çəkiblər. Heç kinolarda da bu cür dəhşətlər, cəzalar görmək mümkün deyil. Mən özüm ağla gəlməyən cəza növlərini, işgəncələri məhz Xocalıda görmüşəm..."

    “Yeni Müsavat”
    PAYLAŞ:

    Oxşar xəbərlər