“Binə” və “Sədərək”in hüquqi statusu müəyyənləşməlidir

“Binə” və “Sədərək”in hüquqi statusu müəyyənləşməlidir
  • Cəmiyyət

  • "Binə” və "Sədərək” kimi ticarət mərkəzlərinin hüquqi statusu müəyyənləşsə, həmin obyektlərdə mülkiyyət hüququnun pozulması hallarına da son qoyular”.

    Asiya.az Sfera.az-a açıqlamasında bu sözləri "Sədərək” və "Binə” ticarət mərkəzlərində sahibkarların mülkiyyət hüququnun pozulmaqda davam etməsinə münasibət bildirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib:

    "Sədərək”, "Binə” və bu kimi digər ticarət mərkəzlərinin əksəriyyətində bu günə qədər mülkiyyətlə bağlı problem həll olunmayıb. Ona görə də oranı icarəyə götürən, obyekt alan insanların mülkiyyət hüququ da sona qədər qorunmur. Yəni, problemin kökündə həmin ticarət mərkəzlərinin ya mülkiyyət forması və yaxud rəsmiləşdirilmədə buraxılan səhvlər, bu zaman mülkiyyət formasının dəqiq ifadə olunmaması dayanır.

    Sirr deyil ki, bir çox ticarət mərkəzləri məmurların çətiri altında fəaliyyət göstərdiyindən onlara qanunlara əməl etməklə bağlı "gözün üstə qaşın var” deyən də yoxdur. "Sədərək” və "Binə”də əslində yaranan gündən ciddi problemlər olub. Həmin ticarət mərkəzləri hava limanı ərazisindən köçürülərkən mülkiyyət hüququ və həmin obyektlərin hüquqi forması ilə bağlı məsələlər açıq qaldı. Bu günə qədər də həmin məsələlər həll olunmayıb. Onu da deyim ki, bu köçürülmə təhlikəsizlik nöqteyi-nəzərdən və şəhərin qapısı sayılan hava limanında antisanitariya vəziyyətinin yaranması səbəbindən doğru qərar idi.


    Həmin bazarların hüquqi statusunun nədən ibarət olduğu bu günə qədər də aydın deyil. Qapalı səhmdar, yoxsa açıq səhmdar cəmiyyətidir? Səhmdarları varmı, bir nəfərəmi məxsusdur? Əsl sahibu kimdir? Yoxsa, həmin bazarlar dövlətdən uzunmüddətli icarəyəmi götürülüb? Bütün bunlarla bağlı ciddi rəsmi açıqlamalar da yoxdur. Dəfələrlə həmin bazarlarda çalışan sahibkarlar müvafiq dövlət qurumları qarşısında mülkiyyət hüququnu qaldırıblar. Bu istiqamətdə dövlət orqanlarına müraciətlər olub. Lakin bu günə qədər məsələ həllini tapmayıb. Ona görə düşünürəm ki, ilk növbədə həmin bazarların özlərinin hüquqi statusu ilə bağlı dəqiq qərar verilməlidir. Yəni ilk öncə hüquqi status rəsmiləşdirilməlidir. Sonra da həmin bazarlardakı obyekt sahibləri, oranı icarəyə götürənlərlə doğru-düzgün müqavilələr bağlanmalıdır. Çünki orada ciddi qanun pozuntularının baş verdiyinin dəfələrlə şahidi olmuşuq. İcarə müqaviləsidirsə, onun 14 faizi vergi şəklində büdcəyə ödənilməlidir”.

    N. Cəfərli bildirdi ki, yaranmış vəziyyətin nəticəsi olaraq bu günə qədər isə həmin bazarlarda vergi qanunvericiliyi də kobud şəkildə pozulmaqda davam edir:

    "Nəticədə vergidən, büdcədən yayınma halları da ortaya çıxır. Ona görə də həmin bazarların arxasında dayanan güclər müəyyənləşdirilməli, qeyri-qanuni işlər müəyyən edilib aradan qaldırılmalı və bazarın hüquqi statusu müəyyənləşdirilməlidir. Yalnız bundan sonra ödəniş edib əllərində müqaviləsi olan bütün sahibkarlar mülkiyyət hüquqlarını bərpa etməlidirlər ki, sonradan əllərindəki obyektləri sata, icarəyə verə bilsinlər. İndiki vəziyyətdə isə həmin sahibkarlar bu hüquqlardan məhrumdur. Bu da onların qanunvericilikdə nəzərdə tutulan bütün hüquqlarının pozulması ilə nəticələnir”.

    Sözügedən problemin bu günə qədər aradan qaldırılmamasını həmsöhbətimiz bu bazarlara bəzi məmurların "krışalıq” etməsində görür: "Bu tip bazarların ətrafı, arxasında çox zaman iri ranqlı məmurlar dayanır. Onlar da müəyyənləşməlidir. Ola bilməz ki, bu günə qədər məsələ dəfələrlə qaldırılsın, amma zərrə qədər də olsa həllini tapmasın. Deməli, problemin həllinə maneə yaradan səlahiyyətli şəxslər var, onlar da müəyyən edilməlidir”.

    Qeyd edək ki, Milli Məclisin plenar iclasında deputat Fazil Mustafa "Binə” və "Sədərək” ticarət mərkəzlərinin idarə olunmasına toxunaraq, buradakı vəziyyəti feodal qaydaları əsasında vətəndaşın mülkiyyət hüququnun pozulması kimi xarakterizə edib. Həqiqətən də, sözügedən ticarət mərkəzlərində çalışan sahibkarlar mülkiyyət hüququndan məhrumdurlar. Bu hüquq bütünlüklə həmin obyektlərin sahibinə məxsusdur. O da yaranmış vəziyyətdən sui-istifadə edərək obyekti öz bildiyi kimi, feodal qaydaları ilə idarə edir.
    PAYLAŞ:

    Oxşar xəbərlər