Övladı qətlə yetirilən məşhurlarımız

Övladı qətlə yetirilən məşhurlarımız
  • Araşdırma

  • Övladı qətlə yetirilən, bu cür acını yaşayan çoxlu sayda məşhurlar var.

    Asiya.az musavat.com-a istinadla xəbər verir ki, daha bir övlad acısının dəhşətini yaşayan mərhum xalq artisti Nuriyyə Əhmədovadır. Belə ki, onun 20 yaşlı qızı İlahə 1996-cı ildə psixi xəstə olan əri tərəfindən öldürülüb. Aktrisanın qızı öldürülən zaman 20 günlük ana olub və anasının gözü qarşısında qətlə yetirilib, elə onun qucağındaca can verib.

    Mərhum Nuriyyə Əhmədova müsahibələrinin birində hadisəni bu cür xatırlayıb: "Oğlan Aviasiyada oxuyurdu, vermək istəmirdik. Qızı başdan elədi, deyirdi ki, ana, yazıqdır, anasız oğlandır, ona getməsəm, özünü öldürəcək. Götürdü qaçırdı balamızı. Əlac kəsildi, toyunu elədik. Qız hamilə olanda, uşaq təzə olanda bizimlə qalırdılar. Səhər tez durub öz balam kimi qulluğunda dururdum, onu dərsə yola salırdım. Sən demə, oğlan psixi xəstə imiş, anası nə qədər ki, sağ imiş, bunu vaxtlı-vaxtında müalicə etdirirmiş. Ana rəhmətə gedəndən sonra ata boş buraxıb, müalicə etdirməyib. Qızın da bundan xəbəri yox. Bizə də məhkəmə prosesində dedilər. Tutmasının vaxtı gəlib, qızımızı bədbəxt elədi..."

    Məşhur diktorlar Roza Tağıyeva və Rafiq Hüseynovun ailəsində baş verən övlad faciəsi isə zamanında hər kəsi dəhşətə gətirib. 1984-cü ildə Roza Tağıyeva ilə Rafiq Hüseynovun başına gələn fəlakət onları tanıyanların hamısını bərk sarsıtdı. Onların övladı – Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin tələbəsi Rövşəni doğrayıb, qətlə yetirmiş, meyitin qalıqlarını da çemodana yığmışdılar. O zaman bu hadisə ilə bağlı müxtəlif şayiələr, söz-söhbətlər yayılmışdı. Onda çətinliklə də olsa, bu cinayətin üstü açıldı, qatil yaxalandı və ona güllələnmə hökmü kəsildi. Məlumatlara görə, qatil güllələnmə hökmünün icrasınadək Bayıl həbsxanasındakı 5-ci korpusun 129-cu kamerasında saxlanılırmış. Həmin müddətdə həbsxanada vərəm xəstəliyinin ağır formasına tutulan cinayətkarın tale üzünə gülür, məhkəmə onun işinə yenidən baxıb, ölüm hökmünü 20 illik cəza müddətiylə əvəz edir. Rafiq Hüseynovla Roza Tağıyevanın oğlunu qətlə yetirən, həbsxanada ağır xəstəliyə tutulan o şəxs 19 il cəzaçəkmə müsəssisəsində yatandan sonra, 2003-də azadlığa çıxıb. O hadisə Rafiq Hüseynov və Roza Tağıyevanın ailə həyatını da alt-üst etdi… Faciədən bir müddət sonra məşhur cütlük ayrılmaq qərarına gəliblər.

    Görkəmli aktyor Həsənağa Turabov da övlad acısı yaşamış sənətkarlardan biridir. Onun böyük oğlu Daşqın Turabov aktyorluq fakültəsini bitirsə də, sonradan əlavə təhsil alaraq polisdə işləməyə başlayıb. Təyinatla Siyəzənə göndərilən D.Turabov orada balıq mafiyasını zərərsizləşdirərkən gülləyə tuş gəlib və yerindəcə dünyasını dəyişib.

    Həyatın heç bir çətinliyi qarşısında əyilməyən Həsənağa Turabov oğlunun faciəvi ölümündən sonra sağlamlığında kəskin problemlər yaşamağa başlayıb və uzun sürən xəstəlikdən sonra 2003-cü ildə dünyasını dəyişib.

    Xalq şairi Fikrət Qocanın 57 yaşlı oğlu Yalçın Qocayev 2017-ci il martın 11-də qeyri-sağlam həyat tərzi keçirən yoldaşları tərəfindən qətlə yetirilmişdi. O zaman Fikrət Qoca kimi ziyalının oğlunun əvvəllər məhkum olunmuş şəxslərin içki məclisinə qoşulması, onlarla qumar oynaması, birgə yeyib-içməsi, ardından da elə həmin tanışları tərəfindən döyülərək, qətlə yetirilməsi çoxlarının təəccübünə səbəb olmuşdu.
    PAYLAŞ:

    Oxşar xəbərlər