“Göygöl rayonundakı vəziyyət, İmişli rayonundan fərqli deyil...” - GİLEY

“Göygöl rayonundakı vəziyyət, İmişli rayonundan fərqli deyil...” - GİLEY
  • Sosial / Araşdırma / Manşet

  • "Arif Seyidov Vilyamın yolu ilə gedir".

    Asiya.az
    xəbər verir ki, bu sözlər Göygöl rayon sakininin Prezidentə ünvanladığı müraciətində yer alıb. Bir nüsxəsi də Asiya.az-a göndərilən müraciətdə qeyd olunur:

    "Hörmətli cənab Prezident! Mən Məmmədov Şahin Şakir oğluyam, 2016-cı il aprel döyüşlərinin iştirakçısıyam. Və həmin döyüşlərdə iştirakına görə Fəxri Fərmanla təltif edilmişəm. Göygöl rayonunun Üçtəpə kəndində yaşayıram. Ali təhsilliyəm. Müəllim işləyirəm. 2003-cü ildən YAP üzvüyəm. Ehtiyyatda olan zabitəm.
    Göygöl rayonunda olan acınacaqlı duruma dözə bilmirəm. İnanın ki, Göygöl rayonundakı vəziyyət, İmişli rayonundan fərqli deyil. Arif Seyidov Vilyam Hacıyevin təkcə yerlisi yox, həm də yaxın dostudur.

    Göygölün başçısı özünün mal-qara fermasını qardaşı Maarif vasitəsilə saxlayır. Təbii olaraq bu işi kasıb insanların torpağını zəbt edərək edir. Özünə qismət.
    Göygöl xəstəxanasının qarşısında olan aptek Arif Seyidovundur. Göygöl xəstəxanasının öz aptekində "yoxa çıxan" dərmanlar həmin aptekdə tapılır.
    Göygöl xəstəxanasının qarşısında olan "Məkan" çay evi və "Elit" çay evi Arif Seyidovundur. Ümumiyyətlə Göygöl rayonunda Arif Seyidovun olmayan heç bir obyekt yoxdur. Ola da bilməz.

    Cənab Prezident 2014-cü ildə Arif Seyidovun qəbuluna getdim ki, bəs mədəniyyət şöbəsində korrupsiya halları var. Məni dinləmək əvəzinə, məni işdən azad etdilər. İllər sonra 2019-cu ildə mən dediklərim sübut olundu və Göygöl mədəniyyətinin müdiri işindən qovuldu. Ancaq Arif Seyidov mənə siz haqlı idiniz demədi. Üzürxaqlıq etmədi. Edəsi də deyil. Çünki onun belə "xırda" işlərlə məşğul olacaq vaxtı yoxdur.

    Arif Seyidovun nəzarətsizliyi ucbatından, rayonun məşğulluğunda, sosial müdafiə, rabitə və təhsilində vəziyyət acınacaqlıdır.

    Arif Seyidovun başı öz şəxsi biznesini idarə etməyə qarışıb. Göygöl rayonunun idarə edilməsi onun vecinə də deyil. Bir sözlə Arif Seyidov Göygöl rayonunu idarə edə bilmir. Göygöl rayonu Allah ümidinə yaşayır".

    Daha bir şikayət isə Firuzabad qəsəbəsi sakini Cabbarov Mirhəbib Oktay oğlu tərəfindən prezident İlham Əliyevə ünvanlanıb.

    Ölkə Prezidentinə müraciət edən Göygöl rayon Firuzabad qəsəbəsi sakini Cabbarov Mirhəbib Oktay oğlu rayonun icra başçısı Arif Seyidovun şəhid ailəsinə qarşı haqsız və qərəzli münasibətindən şikayətlənir...

    Atam Cabbarov Oktay 1994-cü ildə Ağdamın Güllücə kəndində şəhid olub. Lakin təəssüflər olsun ki, Göygöl rayonunun icra başçısı Arif Seyidov bizim ailəmizə dəyər vermir, hörmət qoymur. Biz ailəlikcə - anam, qardaşım və mən dəfələrlə problemlərimizlə bağlı Arif Seyidovun və Göygölün kuratoru olan Arif müəllimin qəbulunda olmuşuq. Bu iki şəxs bizim şikayətlərə baxmırlar. Məktub göndəririk, lakin gəlib Sizə çatmır. Çünki rayonumuzun kuratoru Arif müəllim həmin məktubları cırıb atır”, şikayətçi yazır.

    M.Cabbarov qeyd edir ki, Arif Seyidovla bağlı yuxarı instansiyalara şikayət etdikləri üçün icra başçısı ailəyə qarşı daha da pis münasibət göstərməyə, onları təhqir etməyə başlayıb: “Arif Seyidovun müavinləri dəfələrlə qapımıza gələrək, Sizə şikayət göndərdiyimizə görə bizləri təhqir ediblər. Hal-hazırda yaşadığımız ev başımıza uçur. Şəhid ailəsi olaraq bizə düşməli olan evi Arif Seyidov bizə vermir. Bizə “pulunuz yoxdursa ev də yoxdur” deyir. Biz - iki şəhid oğlu bir evdə qalmışıq.

    Torpaq istəyirik ki, heç olmasa əkib-becərək, dolanaq, onu da vermir. Yaşadığım qəsəbədə hektarlarla boş torpaq var. Lakin Arif Seyidov onu "görənlərə" yol kənarlarında, yaxşı yerlərdən obyektlər tikməyə torpaq tapa bilir. Torpaq uğrunda şəhid olan atamın ailəsinə isə torpaq yoxdur.

    Arif Seyidovun qəbuluna gedəndə bizə deyir ki, şikayət etdiyinizə görə, sizə heç nə verməyəcəm. Gedin. kimə istəyirsiniz şikayət edin.”

    Sonda şəhid ailəsinin üzvü 5 ildir Məşğulluq Mərkəzində qeydiyytada olmasına baxmayaraq, işlə təmin olunmadığını da bildirir və ölkə başçısından xahiş edir ki, Göygöl Rayon İcra Hakimiyyəti başçısının onlara qarşı qərəzli münasibətinə son qoymasını və ailəyə mənzil verilməsini təmin etsin: “Cənab Prezident, Sizin tapşırığınızla müvəqqəti sosial iş yerləri açılıb. Mən öz kəndimdə olan müvəqqəti işə təyin edilə bilmirəm. Həmin işlərə kənardan olanların formal olaraq adı yazılıb. Halbuki, mən 5 ildir Məşğulluq Mərkəzində qeydiyyatdayam. Cənab Prezident, Sizdən xahişimiz odur ki, bizə aid olan evin pulsuz olaraq ailəmizə verilməsinə dair Arif Seyidova tapşırıq verəsiniz. Şəhid ailəsinə zülm etməsin!”

    İddia olunanlarla bağlı Asiya.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
    PAYLAŞ:

    Oxşar xəbərlər