Bacısının yuxusuna girən Şəhid görün nə istədi - VİDEO

Bacısının yuxusuna girən Şəhid görün nə istədi  -  VİDEO
  • Hərb / Asiya TV

  • Şuşanın azad olması uğrunda gedən döyüşlərdə şəhid olan Orxan Vaqif oğlu Dadaşov 1996-cı ildə Ağdamın cəbhə xəttinə yaxın yaşayış məntəqələrindən olan Mirəşelli kəndində doğulub.

    Asiya.az
    xəbər verir ki, APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, cəbhə kəndində böyüyən şəhidimiz uzun illər atasına məxsus təsərrüfatda çalışıb.

    Vətən Müharibəsi başlayan kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ilk müraciət edənlərdən biri olub. Döyüş yolu Cəbrayıl-Füzuli istiqamətindən başlayıb və döyüşə-döyüşə Şuşaya qədər gedib çıxıb. Son döyüşü də elə Şuşa şəhərində olub.

    Atası Vaqif Dadaşov deyir ki, torpaqlarımızın işğaldan azad olunmasında oğlunun iştirakı ilə qürur duyur: “Şükür ki, torpağımız alındı. Biz ağrı çəksək də, torpaqlarımız qayıtdı, şəhidlərin qanı yerdə qalmadı. Allah onların hamısına rəhmət etsin, prezidentimizə də cansağlığı versin. Gələndə deyirdi narahat olma, ata, hər şey yaxşı olacaq. Elə döyüşə gedəndə də dedi, hər şey yaxşı olacaq”.

    Anası Gülnarə Dadaşova Orxanla son görüşünü belə xatırlayır: “Qapıdan çıxanda da qoymadı məni ağlamağa, dedi, ana, bu hamımızın borcudur. Torpaq uğrunda hamı mübarizə aparmalıdır, amma heç vaxt arxamca ağlama. Dedim ki, ağlamayacam, amma mən göz yaşımı saxlaya bilmədim. O getdi, 4 metr sonra maşından dönüb dedi ki, mama, ağlama. Amma bir ana kimi o hiss məni yandırırdı. Bilirdim ki, bütün balalar odun-alovun içindədir. Dediyi sözü tutdu və torpaq uğrunda şəhid oldu mənim Orxanım”.

    Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə əsgər Orxan Dadaşov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.


    PAYLAŞ:

    Oxşar xəbərlər