Tələbə Güc Mərkəzi sədri Əhməd Məmmədli LDU qarşısında bəyənatını səsləndirərkən polis tərəfindən saxlanıldı

Tələbə Güc Mərkəzi sədri Əhməd Məmmədli LDU qarşısında bəyənatını səsləndirərkən polis tərəfindən saxlanıldı
  • Manşet / Olay

  • Lənkəran Dövlət Universitetinin tələbələri imtahan ballarının süni surətdə aşağı salınmasından Tələbə Güc Mərkəzi adlı təşkilata şikayət ediblər (anladığıma görə, TGM tələbələrin hüquqlarının müdafiəsi ilə məşğul olur). Təşkilatın sədri Əhməd Məmmədli bugün Lənkərana gələrək LDU qarşısında bəyanat oxumaq istərkən polis tərəfindən saxlanılıb.

    2016-cı ilin payızından LDU-nun rektor əvəzi işləyən Natiq İbrahimovun rüşvətin qarşısını aldığını deyib tərifləyirlər. Sağ olsun. Amma sadəcə söz demək istəyən gəncə qarşı polis çağırmaq bir pedaqoq üçün olduqca aşağılıq hərəkətdir. Tarix tələbələrini polisdən müdafiə edən rektor nümunələri ilə zəngindir, Natiq İbrahimovu onlardan örnək götürməyə çağırıram.

    Əhməd Məmmədli məhz bu bəyanatı LDU qarşısında səsləndirməyə gedərkən saxlanılmışdır. Bəyanat TGM-in təhsil sistemi haqda olan proqramatik fikirlərini də əhatə edir.

    Tələbə Güc Mərkəzinin 1 fevral 2021-ci il tarixli bəyanatı

    Bu bəyanat, ölkədəki tələbələrin təhsil problemlərinə laqeyd yanaşılması, təhsil sisteminin çılpaq maddi mənfəət məqsədləri üzərində qurulmasından doğan etiraz bəyannaməsidir.

    Geridə qoyduğumuz bir aylıq imtahan sessiyası müddətində, bütün ölkə universitetlərində tələbələrə qarşı yönəlmiş geniş miqyaslı talançılığın və ədalətsizliyin şahidi olduq. Ədalətsiz, qeyri-şəffaf qiymətləndirmə, ölkədəki pandemiya və işsizlik amillərinə baxmayaraq, illik ödənişlərin qısa bir zaman ərzində və talançı formada tələb olunması, ölkədə onlayn təhsil üçün lazım olan internet infrastrukturunun yoxluğuna rəğmən tələbələrə heç bir güzəşt olunmaması, həmçinin bunların bütün ölkə universitetləri üçün xarakterik olması tələbələrin nə qədər çətin situasiya ilə üz-üzə qaldığının əyani sübutlarıdır. Bu hadisələr fonunda ölkədəki təhsil sisteminin uğurları haqda rəsmi dairələrin verdiyi bütün göstəricilərin sadəcə böyük yalanlardan ibarət olduğu bir daha üzə çıxdı.

    Tələbə Güc Mərkəzi, imtahan sessiyası ərzində ölkənin müxtəlif universitetlərində təhsil alan tələbələrdən şikayətlər alırdı və onların məzmununu sadaladığımız ədalətsizliklər təşkil edirdi.

    İntensiv olaraq bu cür şikayətlərdə adı hallanan universitetlərdən biri də, LDU idi. LDU, ilk öncə imtahan sessiyası başlayan kimi qeyri-qanuni bir şəkildə bütün tələbələrindən illik ödənişin tam ödənilməsini istədi və ödəməyənlərin imtahana buraxılmayacağını elan etdi. Halbuki, tələbələr illik ödənişi tədris ilinin sonunda ödəmə hüququna sahibdir. Mühasib Əzizzadə Əziz tələbələrə bu haqda bildirmişdi ki, yazacaqları ərizəyə onsuz da baxılmayacaq. Yekunda illik ödənişi tam ödəməyənlər imtahana buraxılmayıb və şəxsi kabinetlərinə giriş etmələri mümkün olmayıb.

    İmtahan sessiyası ərzində onlarla LDU tələbəsi TGM-lə əlaqə saxlayaraq imtahan ballarının ədalətsiz yazıldığı, imtahanın qeyri-şəffaf keçdiyi və müəllimlər tərəfindən açıqlanan balların qiymət cədvəlində öz əksini tapmadığını bildirirdi. Xüsusilə “Əski Əlifba” fənnindən imtahan götürən dos.İlahə Seyfullayevanın tələbələrə səbəbsiz bir şəkildə çox aşağı qiymətlər yazması ciddi narazılıq və bu cür ədalətsiz qərarlara etiraz səbəbidir.

    Tələbə Güc Mərkəzi, LDU rəhbərliyi ilə əlaqə saxlaya bildi və rektor köməkçisi Aygün Məmmədzadə “sizə heç bir hesabatlılığımız yoxdur, özümüz bilərik nə cür qərar qəbul edirərik” cavabını aldıq. Əslində belə cavablar universitet rəhbərliyinə heç bir haqlılıq qazandırmır, tam əksinə onun universiteti sadəcə qatı məmur qaydaları ilə idarə etdiyini nümayiş etdirir. Bu günkü bəyanat bütün bu səbəblərin məcmusu, LDU tələbələrinin haqlı etirazlarının əks olunmasıdır.

    LDU-dakı bu hallar ölkə təhsilinin ümumi vəziyyətini bir daha ortaya qoymaqla yanaşı, tələbələrin ölkə miqyasında sosio-iqtisadi və hüquqi problemlərini bu günlərdə daha da aktuallaşdırmaqdadır. TGM, təhsil sisteminin islahat və formal dəyişiklik yolları ilə inkişaf edə bilməyəcəyini, onu kökündən dəyişmək lazım olduğunu irəli sürür, aşağıdakı tələblərini dövlət və ictimaiyyətə bildirir:

    1. Ölkədə ali təhsil tamamilə pulsuz olmalıdır. Universitetə qəbul şərtlərində rəqabətin yalnız tələbələrin nəticələrinə müvafiq şəkildə müəyyən olunması, təhsilin gəlir və qazanc mənbəyi kimi istifadəsinin qarşısının alınması üçün yeganə çıxış yolu, pulsuz təhsildir. Əlavə olaraq, ali təhsil buna istəkli olan hər bir vətəndaşın təbii haqqı olduğu üçün, onların qarşısına maddi bariyerlər qoymaq, təhsili sosial sahədən ayıraraq özəlləşdirmək, qəbuledilməzdir.

    2. Ölkədə hər bir etnik qrup öz ana dilində təhsil ala bilməlidir. Azərbaycan konstitusiyasının 45-ci maddəsində qeyd olunur ki, hər kəsin öz ana dilində təhsil almaq hüququ vardır. Buna baxmayaraq, çoxsaylı xalqlardan ibarət olan Azərbaycanda bu gün azlıqda olan xalqlar öz dilində təhsil almır. Həmçinin, tarix boyu talış xalqının inzibati və mədəni mərkəzi olan Lənkəran şəhərindəki universitetdə talış dilində təhsil yoxdur, ümumiyyətlə talış dili tədris olunmur və yaxın tarixdə talışşünaslıq ixtisası da ləğv olunub. Bu, ölkədəki etnoslarının hüquqlarının kobud surətdə pozulmasıdır. Hazırda ölkədə danışılan müxtəlif dillər, yaxın gələcəkdə “ölməkdə olan dillər” siyahısına daxil olacaqdır. Bunun başlıca səbəblərindən biri, ana dilində təhsil hüququnun pozulmasıdır.

    3. Universitetlərdə müstəqil tələbə təşkilatları yaranmalıdır. Hazırda mövcud olan rəsmi THİK və TGT-lər hakim partiyanın təsisatı, universitetin bürokratik aparatın tərkib hissəsi kimi fəaliyyət göstərməkdədir. Tələbələr öz hüquqlarını müdafiə etmək üçün müstəqil həmkarlar ittifaqlarına, müxtəlif klublara sahib olmalıdır. Yalnız bu yolla tələbələrin sosial və siyasi iştirakçılığı mümkündür.

    4. Universitetlərə muxtariyyat verilməlidir. Universitetdə idarəedici aparat, rektor, dekanlar, daxildə fəaliyyət göstərən təşkilatların sədrləri həqiqi və şəffaf seçki yolu ilə müəyyən olunmalıdır. Universitetlər öz büdcəsini idarə etməli, rəhbərliklər mühüm qərarlarda tələbələrin rəyini nəzərə almalı, onlara qarşı hesabatlı olmalıdır. Beləcə, universitet demokratik mühitə sahib olaraq, tələbələr tərəfindən dözülməz bir yer kimi xatırlanmayacaqdır.

    5. Universitetlərdə akademik azadlıqlar mövcud olmalıdır. İstənilən mövzu müzakirə predmeti ola bilməlidir və heç kəs özünün elm və siyasət sahəsindəki fikirlərinin rəsmi ideologiya ilə toqquşması səbəbindən sıxışdırılmamalıdır. Bu səbəbdən universitetdən qovulmuş və ya tərk etməyə məcbur buraxılmış bütün tələbə və müəllimlər geri qaytarılmalıdır.

    6. Akademik borcu yaranmış tələbələr də daxil olmaqla, bütün tələbələrə təqaüd verilməlidir. Dövlət tərəfindən tələbəyə verilən təqaüd, heç bir xərci qarşılamağa yetmir və bu cür təqaüd belə tələbələrin çox kiçik hissəsinə verilir. Bu, onların sosial təminolunmasında ciddi əngəllər törədir.

    7. Tələbələrin mənzil problemi həll olunmalı, universitetlərə yaxın yerlərdə tələbə yataqxanaları tikilməlidir. Bu, əsas hallarda fərqli regionlardan olan tələbələrin üzləşdiyi çətinliklərin, şəhərlərin uzaq nöqtələrindəki tələbə evləri ilə universitet arasında uzun yol məsafəsindən doğan problemlərin aradan qaldırılması üçün yeganə optimal variantdır.

    8. Tələbələrlə iş aparmaq üçün peşəkar pedaqoqlar yetişdirilməli, təcrübəli psixoloqlar universitetlərə dəvət olunmalıdır.
    PAYLAŞ:

    Oxşar xəbərlər