Torpağın üzərində gəzərkən torpağın altında uyuyan şəhidlərimizi unutmamalıyıq!

Torpağın üzərində gəzərkən torpağın altında uyuyan şəhidlərimizi unutmamalıyıq!
  • Cəmiyyət

  • 2020-ci il 8 dekabr tarixində Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi məqsədilə “Yaşat” fondu yaradılmışdır. Fondun vəsaiti əsasən şəhid statusu alınana və əlillik müəyyən olunanadək götürülən istehlak kreditlərin və digər borc öhdəliklərinin qarşılanması, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi, təhsil alınmasına, habelə əlavə təhsilə, peşə hazırlığının artırılmasına dair xərclərin ödənilməsi və məişət şəraitinin yaxşılaşdırılmasına istifadə olunur.

    “Yaşat” fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcəkdir. Xatırladaq ki, Fond tərəfindən bundan öncə 24 qazimiz müalicə üçün Türkiyəyə gönərilmişdi. Onlardan 4-nün müalicə proseduru artıq uğurla yekunlaşıb və vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib. Bundan əlavə Fondun təşəbbüsü ilə ölkəmizə gələn israilli həkimlər tərəfindən qazilərimizin müayinə və müalicəsi başa çatıb. 8 gün ərzində israilli həkimlər 141 qazimizi müayinə ediblər. Onlardan 31-i əməliyyat edilib, 58-nə protez göz taxılıb.

    “Yaşat” Fondunun Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün layihəsi davam edir. Daha bir şəhidimizin yeni doğulan övladının zəruri xərcləri Fond tərəfindən ödənilib və bu məqsədlə anaya 1000 AZN təqdim olunub. Əlavə olaraq dünyaya gələn körpənin adına 5000 AZN-lik hesab açılacaqdır. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 16 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcəkdir.

    Fond cəmiyyət və dövlət birliyinin təcəssümüdür. Böyük humanitar missiyanı özündə ehtiva edən “Yaşat” Fonduna könüllü ödəmələr dayanmadan davam edir. Sözü gedən hal cəmiyyətimizdə yaşanan milli birliyin və həmrəyliyin göstəricisidir. Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.

    “Yaşat” Fondunun işinin təşkili “Asan xidmət”də çalışan şəhid ailələrinin üzvləri və qazilərə həvalə olunub. Vətən müharibəsində şəhid olmuş və yaralanmış şəxslərin ailələrinə baş çəkmək üçün “Asan xidmət” əməkdaşlarından və könüllülərdən ibarət bütün rayonları əhatə edən 69 qrup formalaşdırılıb və onlar müvafiq təlimlərə cəlb edilərək ünvanlara baş çəkməyə başlayıblar. Qısa müddət ərzində 2795 şəhidin 14 min ailə üzvü və 10 minədək yaralanan şəxslə görüşlər keçirilib. Öhdəliyə götürülmüş şəxslərin sayı 5275 nəfərdir. Reallaşdırılmış ödənişlərin sayı 4141-dir. Fondun şəffaf fəaliyyəti dövlətə ictimai etibarı artırır. Fonda daxil olan vəsait ilə əlaqədar məlumatlar mütəmadi qaydada ictimaiyyətə təqdim olunur. İndiyədək fondda 24804936 manat toplanıb. Həmin vəsaitdən 15036831,70 manat fiziki şəxslər, 9768105,16 manat isə hüquqi şəxslər tərəfindən ödənilib.
    “Yaşat” Fondu şəhidlərimizin ailə üzvlərinin və qazilərimizin müraciətlərini daim diqqətdə saxlayır, onların müxtəlif ehtiyaclarının qarşılanması üzrə işləri davam etdirir.

    Sadıqova Dürdanə,
    Salyan Peşə Liseyi, böyük kitabxanaçı.
    PAYLAŞ:

    Oxşar xəbərlər