Qarabağın qaynar həyatı günbəgün yaxınlaşır - Vidadi Nəzərov yazır

Qarabağın qaynar həyatı günbəgün yaxınlaşır - Vidadi Nəzərov yazır
  • Cəmiyyət / Manşet

  • Artıq Şuşaya 30 il onun həsrətini çəkmiş, Cıdır düzünü, Qala divarlarını, Natəvan və İsa bulaqlarını, Gövhər Ağa məscidini yuxularında görən şuşalıların iki səfəri təşkil olunub. Zəngilanlılara, ağdamlılara da o doğma yerləri yenidən görmək nəsib olub. Dədə-baba ocaqlarına baş çəkən soydaşlarımız onların yurd həsrətinə son qoyan müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Silahlı Qüvvələrinə dönə-dönə minnətdarlıq ediblər. Vətən üçün canından-qanından keçən şəhidlərimizin ölməz ruhlarına dualar oxunub.

    İşğaldan qurtarılmış əzəli torpaqlarımız bu gün dirçəldilir, aparılan bərpa-quruculuq işləri əhalinin Qarabağa böyük qayıdışını günbəgün yaxınlaşdırır. Bölgəyə xarici jurnalistlərin, diplomatların, dost ölkələrdən gələn qonaq­ların səfərləri, orada bu və digər möhtəşəm tədbirlərin keçirilməsi ardıcıl xarakter daşıyır. Çünki Qarabağ onilliklər boyu yad əllərdə qalmış olsa da, Azərbaycan ruhunu yaşada bilib, əyilməyib, sınmayıb. Səbirlə özünün əsl sahiblərini gözləyib.
    Prezident İlham Əliyev Şuşaya son səfəri zamanı qayıdışımızı özünəməxsus tərzdə xarakterizə edib: “Noyabrın 8-də Azərbaycan xalqına Şuşa müjdəsini verərkən demişdim ki, Şuşa artıq azaddır. Bu, həqiqətdir. Biz azad Şuşada yığışmışıq. Demişdim ki, biz Şuşaya qayıtmışıq. Bu da həqiqətdir. Festivallar, poe­ziya günləri, mədəni tədbirlər və bir çox başqa tədbirlər artıq keçirilir və keçiriləcəkdir. Demiş­dim ki, biz Şuşanı dirçəldəcəyik. Bu da baş verir, biz Şuşanı dirçəldirik”.
    Səfər zamanı Prezidentə və birinci xanıma Şuşanın baş planı təqdim olunub. Təməlqoyma mərasimləri, açılışlar, görülən işlərlə tanış­lıq olub. Şəhərin dirçəldilməsi və əvvəlki görkəminin qaytarılması fonunda unudul­maz dahi şəxsiyyətlərin ev-muzeylərinin və heykəllərinin əsaslı təmirdən sonra ikinci həyat qazanması əsl tarixi hadisələrdir. Dövlət hesa­bına reallaşan işlərlə bərabər, Heydər Əliyev Fondunun xəttilə həyata keçirilən tədbirlər hər birimizin qəlbini qürurla döyündürür. Bir neçə ay əvvəl “Xarıbülbül” festivalının, bu yaxınlarda Vaqif Poeziya günlərinin keçirilməsi son dərəcə əlamətdar hadisələrdir.

    Füzulidən Şuşaya qədər uzanan Zəfər yolunun son kilometrlərinin çəkilməsi, ta Zəngəzuradək digər magistrallarda davamlı işlər görülməsi, Füzuli Beynəlxalq Hava Lima­nına artıq ilk təyyarə uçuşlarının baş tutması, Zəngilan və Laçın aeroportlarının tikilməsi, Ağdamın tamamilə minalardan təmizlənməsi daha yuxu deyil, gerçəklikdir. Pilot layihələrlə təsərrüfatlar yaradılır, “ağıllı şəhər” və “ağıllı kənd”lər yaradılır. Dağların başına “Yaşıl enerji” daşıyan su elektrik stansiyaları, necə deyərlər, zülmətə göz ağardır, yurd yerlərini nur selinə bələyir. Yenidənqurmanın coğrafiyası durmadan genişlənir. Erməni vandallarının törətdiyi ekoloji terrorun nəticələri aradan qaldırılır.
    Möhtərəm Prezidentimiz bu əzmi və qətiyyəti necə də aydın ifadə edib: “İndiki mərhələdə bizim əsas vəzifəmiz müharibənin nəticələrini möhkəmləndirməkdir, azad edilmiş torpaqlarda möhkəmlənməkdir. Azərbaycan – Ermənistan sərhədində bun­dan sonra da mövqelərimizi gücləndirməkdir. Yenidənqurma, bərpa işlərinə artıq start verilib, bu da əsas vəzifələrdən biridir. Keçmiş məcburi köçkünləri azad edilmiş torpaqlara tədricən qay­tarmaq da gündəlikdə duran məsələdir”.

    Əlbəttə, Qarabağa dövlət başçısı səviyyəsində ardıcıl səfərlər edilməsi, görülən işlərin ciddi nəzarətdə saxlanması bir daha bu yerlərin öz həqiqi sahiblərinin əli ilə tam dirçəldiləcəyinə, rahat infrastruktur yaradılaca­ğına və məcburi köçkün soydaşlarımızın tezliklə doğma yurd-yuvalarında firavan həyata qovuşa­caqlarına az vaxt qalıb.
    Vidadi NƏZƏROV,
    Masallı Dövlət Regional Kollecinin direktoru.
    PAYLAŞ:

    Oxşar xəbərlər