1-ci qrup Qarabağ əlilinin döyülərək, şərlənməsində Polis Rəisinin İzi...

1-ci qrup Qarabağ əlilinin döyülərək, şərlənməsində Polis Rəisinin İzi... Redaksiyamıza, Binəqədi rayonunda yaşayan, 1-ci qrup Qarabağ müharibəsi əlili və veteranı Faiq Firdovsi oğlu Quliyev şikayət məktubu ünvanlamışdır.

O, müraciətində bildirir ki. avqust ayının 2-si, günorta saat 15-30 radələrində, Binəqədi rayonu. 1-ci mədən. 3-cü korpusda yerləşən, qanunsuz fəaliyyət göstərən daş karxanasında 3 nəfər oranın işçiləri İbrahim, Eyvaz və Ayaz adlı şəxslər, onu nalayiq söyüşlərlə söyərək. vəhşicəsinə döymüşlər. Daha sonra həmin şəxslər, qanunazidd əməllərini ört-basdır etmək məqsədiylə, DİN-nin "102" məlumat bürosuna zəng edərək, guya Faiqin onlara qarşı "quldurluq" hərəkəti etdiyini bildirmişlər. Ərazidə xidmət aparan 43-cü Polis Bölməsi də, sevə-sevə bu xuliqan dəstəsinin, arzularını "çin" etməyi öhdəsinə götürmüşdür.

Burada sual meydana çıxır ki, əgər, guya onlar dedikləri kimi, Faiq Quliyev onlara qarşı avqustun 1-i axşam saatlarında "quldurluq" hərəkəti edibsə, nə üçün dərhal yox, ertəsi günü günorta saatlarında, Faiqi vəhşicəsinə döydükdən sonra polisə müraciət ediblər?

Elə təkcə bu nüans, məsələnin qondarma olduğundan xəbər vermirmi?

Necə olur ki, 3 sağlam adamın bir nəfər çəlimsiz adamı vəhşicəsinə döymələri quldurluq hesab olunmur, bir nəfər fəhlənin öz halal məvacibini, zəhmət haqqını tələb etməsi "quldurluq" sayılır?

Halbuki məsələ tam başqa cür olub. Karxana işlədənlər 4 gün ağır şərtlər altında işlətdikləri əlilin məvacibini vermək istəməyiblər. Əlil axşam saatlarında daş karxanasında öz halal pulunu, zəhmət haqqını tələb edib. Onlarsa, onu guya səhəri gün pul verəcəkləri ilə aldadıb, yaxınlıqda olan evinə "yola" salıblar.

Səhəri gün təxminən Faiqə 10 dəfə zəng vurub (4 günlük ağır işin yorğunluğundan yatıbmış), onu karxanaya çağırıblar ki, guya zəhmət haqqını verəcəklər, təcili gəlib aparsın. Evdə çörək pulu belə olmayan Faiq, sevinə-sevinə həmin obyektə gedib, içəri daxil olanda, orada bir neçə adam olduğunu görüb. Həmin adamlar da qeyd etdiyimiz kimi karxananın əməkdaşları olub. Onlar qapını bağlayıb, qəfildən heç nə demədən onun üstünə düşüb, möhkəmcə döyüblər. Daha sonra "ağaları" ilə məsləhətləşərək, 102-yə zənc vuraraq, əməllərinin üstünü ört-basdır etmək üçün, əlili şərləyərək tutdurmaq istəyiblər ki, Faiqin şikayəti guya əsassız olsun.

Burada da, ortaya çox məntiqli suallar çıxır. Kim "quldura" zəng vurar? Ümumiyyətlə "quldurun" mobil nömrəsi onlarda haradandır?

Araşdırmamız zamanı Faiqin dediklərinin əyani şəkildə şahidi də olduq.

Faiqin anası gecə saatlarında DİN-nin "102" məlumat xidmətinə zəng vuraraq bildirmişdir ki, Faiqin evi həmin daş karxanasına yaxındır və oradan Faiqin ailəsini də, ölümlə təhdid edirlər. Ana, xahiş etmişdir ki, heç olmasa, bir gecə Faiqi vəhşicəsinə döyənləri, onun azyaşlı oğlunu və həyat yoldaşını hədələyənləri 43-cü Polis Bölməsində saxlasınlar ki, ailəyə xəsarət yetirməsinlər və səhəri gün sübh tezdəndən Faiqin ailəsini həmin evdən qaçırıb gizlətsinlər. Təəssüf ki, "qara əl" onları polis bölməsindən gecəylə buraxdırmışdır. Ərini döyənlərin ölüm təhdidləri ilə üz-üzə qalan gənc qadın, 9 yaşlı oğluyla birlikdə hal-hazırda uzaq bir rayonda gizlənir. Əldə etdiyimiz məlumata əsasən, o gecənin təsirindən, şokundan, qorxudan həmin uşağın nitqində problemlər yaranmış və uşaq kəkələməyə başlamışdır. Ailə iddia edir ki, həmin gecə həyətlərində naməlum adamlar olub...

Qarşı tərəfin ərizə və izahatlarını Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsində, elə hadisə baş verən gün alsalar da, Məhkəmə Tibbi Ekspertizasına göndərsələr də, hələ də Faiqi dindirən olmayıb ki, olmayıb. Bunun özü də, ondan xəbər verir ki, 1-ci qrup Qarabağ əlilinin sifarişli həbsinə "güclü" hazırlıq gedir.

Baxmayaraq ki, Faiq də qarşı tərəfdən şikayətçidir...

Ekspertizaya göndərilməli olan tək şəxs varsa o, da Faiqdir.

Araşdırma zamanı bir hal da, bizdə xüsusi maraq doğurdu.

Belə ki, guya Faiq, polis bölməsinin həyətində onu döyən şəxlərdən birinə yumruq vurub və polis bu məsələni süni şəkildə şişirdib. Düşünürük ki, bunu Faiqin üzərinə yıxmaq ədalətsizlikdir. Bunu belə əsaslandırmaq olar ki, bölməyə dəvət olunmuş münaqişəli tərəfləri, polis nəzərəti olmadan, üz-üzə, bir yerdə özbaşına saxlamaq düzgün deyil. Çünki, bu halda əsəbi, hirsli, acıqlı insanların əlindən çox böyük xətalar çıxa bilər. Əslində bunu polisin səhlənkarlığı, məsuliyyətsizliyi kimi dəyərləndirmək daha məntiqlidir.

Araşdırmamız nəticəsində o da bizə məlum oldu ki, daş karxanasını işlədənlər, Cinayət Məcəlləsinin 192, 189.1, 188, 250, 213, İnzibati Xətalar Məcəlləsinin isə 192, 198, 199, 276 və başqa bir neçə maddənin tələblərini hər gün kobudcasına pozmaqdadırlar.

Əldə etdiyimiz ən maraqlı fakt isə, daş karxanasının sahibi olan, 1-ci qrup Qarabağ əlilini döydürən, Bakı Şəhər Baş Polis İdarəsinə tabe olan polis bölmələrindən birinin rəisinin olmasıdır.

Xatırladırıq ki, 1-ci qrup Qarabağ əlilinin döyülməsi və şərlənməsi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, Qarabağ müharibəsi əlilləri və veteranlarının ümumilikdə problemlərinin həlli istiqamətində atdıqları addımlara nəinki adekvat deyil, əksinə bu humanist əməllərə qarşı çıxmaqdır.

Redaksiya olaraq üzümüzü Daxili İşlər Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Vergilər Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə, Baş Prokurorluğa, Bakı Şəhər Baş Polis İdarəsinə və sair aid qurumlara tutaraq, xahiş edirik ki, yuxarıda adı keçən, qanunsuz fəaliyyət göstərən həmin daş karxanasının, onun sahibinin və işlədənlərin fəaliyyətinin qanunauyğunluğunu yoxlasınlar.

Məhz o zaman, həmin daş karxanasının ən başlıcası Dövlətə, ərazidə yaşayan Sakinlərə, Atmosferə və Təbiətə nə qədər zərər vurduqlarını hər kəs görmüş olar.

Araşdırmamız davam edir. Qanunsuz sahibkarlıqla məşğul olan, özbaşınalıqlara rəvac verən həmin polis rəisinin ad-soyadını, rütbəsini, hansı polis bölməsinin rəisi olduğunu tam dəqiqləşdirdikdən sonra, ictimaiyyətə açıqlayacağıq.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Arazmedia.az

Oxşar xəbərlər