GDU – Azərbaycan təhsilinin flaqmanları sırasında

GDU – Azərbaycan təhsilinin flaqmanları sırasında Maddi-texniki bazanın daim yenilənməsi və hər zaman səmərəli istifadəyə yararlı vəziyyətdə saxlanması hər bir ali təhsil müəssisəsinin nailiyyətlərini və yüksək göstəricilərini təmin edən əsas şərtlərdəndir.

Bu gün ölkənin sayılıb-seçilən, respublikanın təhsil sistemində kifayət qədər yüksək nüfuza sahib olan ali təhsil müəssisələrindən biri də ötən il fəaliyyətinin 80 illiyi böyük təntənə ilə qeyd olunan Gəncə Dövlət Universitetidir. Zəngin ənənələri, şərəfli tarixi olan bu elm və təhsil ocağı indiyədək ölkəmizə minlərlə yüksək ixtisaslı peşəkar kadrlar vermişdir. Xüsusilə qeyd olunmalıdır ki, 2014-cü ilin mart ayında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Gəncə Dövlət Universitetinin rektoru vəzifəsinə Yusif Yusibovun təyinatından sonra bu ali təhsil müəssisəsinin fəaliyyətində əsaslı dönüş yaranmışdır.

Müasir tədris metodikalarının tətbiqi və innovativ yanaşma öz nəticələrini verir.

İlk növbədə belə bir faktı qeyd edək ki, professor Yusif Yusibov kifayət qədər böyük elmi-pedaqoji təcrübəyə və ən əsası da hazırda rəhbərlik etdiyi ali təhsil ocağı ilə uzun illərdən bəri davam edən bağlantılara malik olan bir elm xadimidir. Məhz elə buna görə də hörmətli professorun bu vəzifədə fəaliyyəti artıq ilk günlərdən əsaslı islahatlarla əlamətdar ola bilib. Məlumdur ki, bu gün Azərbaycan təhsilinin yüksək beynəlxalq standartlar səviyyəsinə çıxarılması üçün dövlət tərəfindən əhəmiyyətli tədbirlər həyata keçirilir. O cümlədən GDU-da tədrisin keyfiyyətini artırmaq üçün innovativ yanaşmalara geniş yer verilir. Rektorluğun təşəbbüsü ilə 2016-cı ildən bu məqsədə xidmət edən yeni layihəyə – “açıq dərs”lərə start verilib. Yeni layihə istər müəllim heyətinin, istərsə də pedaqoji təcrübədə olan tələbələrin “açıq dərs”lərini müntəzəm təşkil etməklə bərabər, həm də onların ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilməsi və televiziya vasitəsilə işıqlandırılmasını nəzərdə tutur. Universitetdə semestr imtahanlarının şəffaflığına nail olmaq üçün imtahanlar test üsulu ilə aparılır. 2017-ci ildən Gəncə Dövlət Universitetində İnnovasiyalar Departamenti fəaliyyət göstərir. Departamentin nəzdində 5 yeni şöbə yaradılmışdır. Bunlar İnnovasiya texnologiyalarının transferi və marketinqi, Strateji təhlil, qiymətləndirmə və monitorinq, İnformasiya resurslarının formalaşması, Layihələrin idarə edilməsi şöbəsi və Əqli mülkiyyət şöbəsidir. Bundan əlavə rektorun müvafiq əmrinə əsasən İnformasiya Kommunikasiya Texnologiyaları, Beynəlxalq əlaqələr və Nəşriyyat şöbəsi də İnnovasiyalar Departamentinin tərkibinə daxil edilmişdir. Departament elmi-tədqiqat işlərinə investisiyaların cəlb olunması, bu istiqamətdə sərmayə yatıran özəl sektora müəyyən güzəştlərin edilməsi və əlverişli mühitin yaradılması yolu ilə strateji hədəflərə nail olmaq üçün bilik iqtisadiyyatına öz töhfələrini verməkdədir.

Maddi-texniki baza və inzibati-təsərrüfat sistemi universitetdə elmi tədqiqat işlərinin və tədris prosesinin yüksək səviyyədə keçirilməsinə zəmin yaradır.

Məlum olduğu kimi, bu gün Gəncə Dövlət Universitetində 8 fakültə və 13 şöbə fəaliyyət göstərir. Bakalavr səviyyəsində əyani şöbədə 40 ixtisasda 5058, qiyabi şöbədə 7 ixtisas üzrə 424, magistratura səviyyəsində isə 306 nəfər olmaqla, bütövlükdə 5788 tələbə təhsil alır. Universitet yüksək keyfiyyətli maddi-texniki bazaya malikdir. Bu ali təhsil müəssisəsinin 5 tədris binası və tələbə yataqxanası var. Bütün tədris binaları əsaslı təmir olunub və müasir tələblərə cavab verir. Yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün universitetdə 32 laboratoriya, 5 ixtisas kabineti, 2 tədris emalatxanası, 8 kompüter mərkəzi və geniş auditoriyalar mövcuddur.

Əlbəttə ki, belə bir böyük təsərrüfatın bütün bölmələrinin daim işlək vəziyyətdə saxlanması həm tədris prosesinin, həm də elmi araşdırmaların yüksək səviyyədə həyata keçirilməsi üçün əsas vacib şərtlərdəndir. Eyni zamanda da etiraf olunmalıdır ki, bu işləkliyin davamlı təmin olunması heç də asan vəzifə deyil və bu vəzifə bilavasitə Universitetin İnzibati təsərrüfat işləri üzrə prorektoru Fəxrəddin Həsənovun üzərinə düşür.

Qısa arayış:

Həsənov Fəxrəddin Şərif oğlu 1958-ci ildə Qazax rayonu, Daş-Salahlı kəndində anadan olub. 1986-cı ildə S.Ə.Dadaşov adına Gəncə Baza İnşaat Texnikomunu bitirib, 1975-ci ildən 1990-cı ilə qədər M.D.Hüseynov adına Kirovabad xalça-mahud kombinatinda usta köməkçisi, daha sonra kombinatin nəzdində təmir tikinti sahəsinin rəisi vəzifəsində işləyib. 1977-1979-cu illərdə hərbi xidmətdə olub. 1994-cü ildə isə Azərbaycan Texnologiya İnstitutunu bitirib, Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində Qərb bölgəsi üzrə təmir-tikinti sahəsində rəis vəzifəsində işləyib. 2006-cı ildən Gəncə Dövlət Universitetində İnzibati təsərrüfat işləri üzrə prorektor vəzifəsində işləyir. Universitetin 70 illiyi münasibəti ilə “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub. Gəncə Dövlət Universitetinin 80 illik yubleyində Prezident İlham Əliyevin 31 oktyabr 2018-ci il 635 saylı fərmanı ilə "Əməkdar mühəndis" fəxri adına layiq görülüb. Haqqında təqdim olunan məlumatlardan da göründüyü kimi, Fəxrəddin Həsənovun ömrünün böyük bir hissəsi quruculuqla bağlı əmək fəaliyyətində keçib. Gənc yaşlarından zəhmətə alışan Fəxrəddin müəllim bu gün də ona etibar olunmuş böyük bir təsərrüfatın qorunub saxlanmasını və işləkliyini təmin etmək üçün böyük əmək sərf etməkdən çəkinmir. Təsəvvür edin ki, hər gün bir neçə min insanın eyni vaxtda olduğu tədris binalarının istismara yararsız hala gəlməməsi üçün nə qədər zəhmət çəkmək lazımdır. Təkcə elektrik enerjisi, telefon və internet rabitəsi, istilik və su təchizatında fasiləsizliyin təmin olunması xüsusi diqqət və yaranan problemlərin aradan qaldırılmasında operativlik tələb edir. Əlbəttə ki, söhbət bu kommunikasiya və təchizatların artıq daxili paylanmasından gedir. Məhz Fəxrəddin Həsənovun və onun rəhbərliyi altında fəaliyyət göstərən inzibatçılar və texniki personalın səylərinin nəticəsidir ki, bu gün universitetin bütün tərdis binalarındakı laboratoriyalardan, ixtisas kabinetlərindən, tədris emalatxanalarından, kompüter mərkəzlərindən və auditoriyalardan GDU-nun həm professor-müəllim heyəti, həm tələbələri böyük rahatlıqla istifadə edə bilirlər.

Şübhə etmirik ki, bu gün artıq 80 illik şərəfli tarixi ilə özünün əsil gənclik və inkişaf dövrünü yaşayan Gəncə Dövlət Universiteti bundan sonra da daha böyük uğur və nailiyyətləri ilə Azərbaycan elminin inkişafına öz dəyərli tövhələrini təqdim edəcək.
aia.az

Oxşar xəbərlər