""Tam üzən məzənnə”yə keçmək mümkün deyil" - Baş bankir

"2020-ci ildə "Tam üzən məzənnə” rejiminə keçməyimiz mümkün deyil. Bunu o zaman edə bilərik ki, inflyasiyanın hədəflənməsi rejiminə keçək”.

Asiya.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında deyib.

"Əgər bu gün aşağı səviyyəli inflyasiya varsa, bu məzənnə və məzənnə gözləntilərinin sabitliyi deməkdir. Əgər biz bu sabitliyi başqa yola hədəfləyiriksə, "tam üzən məzənnə”yə keçmək mümkün deyil. Dünyada neft ixrac edən 70 ölkə var. Onlardan yalnız 24-25-də bu mümkündür”, - baş bankir əlavə edib.

E.Rüstəmov onu da deyib ki, "Tam üzən məzənnə" rejiminə keçidin bir neçə şərti var: "Bu şərtlərdən biri dövlət qiymətli kağızlar bazarının genişlənməsidir. Bu, banklararası pul bazarının da əhəmiyyətli dərəcədə genişlənməsinə səbəb olacaq. Bu gün bəzi banklarda əhəmiyyətli likvidlik var, amma bəzilərində yoxdur. Bu gün biz banklararası aktiv bazar görmürük. Çünki onların girov bazası zəifdir. Banklar arasında qarşılıqlı etibar olmalıdır. Əgər likvidliyi yüksək olan bank aşağı likvidli banka inanmırsa, burada etibardan danışmaq olmaz. Biz çalışırıq ki, dövlət qiymətli kağızlarının bütün ticarəti "Bloomberg" platformasına keçirilsin".

Oxşar xəbərlər