Asiya.az DTX-nin saytına istinadən xəbər verir ki, davam edən cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı yeni məlumatlar əldə edilib, toplanılmış materiallar əsasında müvafiq qərarla kompleks maliyyə-təsərrüfat fəaliyyəti üzrə yoxlama təyin edilib.
Maliyyə yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Aparılan istintaq çərçivəsində Eldar Həsənov şübhəli şəxs qismində tutulub.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir. Cinayət işi istintaqı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, bu gün mətbuatda Eldar Həsənovun Bakıda səfərdə olan Serbiya nümayəndə heyətilə birlikdə bir neçə gün əvvəl Bakıya döndüyü və istintaqa cəlb olunduğu xəbəri yayılmışdır.