Sevinc Fətəliyeva əlillərin sosial müdafiəsi məsələsinə toxunub

Sevinc Fətəliyeva əlillərin sosial müdafiəsi məsələsinə toxunub
  • Siyasət

  • "Hər bir cəmiyyətin, dövlətin tərəqqisini sürətləndirən ən mühüm amillərdən biri yüksək səmərəliliyə malik sosial siyasətin həyata keçirilməsidir. Belə vəziyyətdə həm bütöv halda götürülmüş cəmiyyətin özü, həm də onun tərkibini formalaşdıran müxtəlif təbəqələr, ayrı-ayrı fərdlər inkişaf prosesində maraqlı tərəf kimi çıxış edir, eyni zamanda bu prosesə özünəməxsus töhfələr verməyə çalışaraq onun davamlı xarakter alması istiqamətində fəaliyyətlərini genişləndirirlər."

    Asiya.az
    xəbər verir ki, bu sözləri Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva Milli Məclisdə əlillərin sosial müdafiəsi, əlilliyin müəyyənləşdirilməsi məsələsini müzakirə edərkən səsləndirib.

    Millət vəkili daha sonra deyib:

    "Prezident İlham Əliyevin güclü sosial siyasətinin nailiyyətləri olaraq vətəndaş rifahının təminatı, həssas qruplara qayğının artırılması istiqamətində atılan mühüm addımlar, aparılan uğurlu sosial islahatlar cəmiyyətdə rəğbət hissi ilə qarşılanır və vətəndaşlar arasında mənmunluq yaradır.

    Düşünülmüş sosial-iqtisadi siyasətinin əsasında dayanan prinsiplərdən biri də ölkənin ümumi inkişafı şəraitində sosial cəhətdən həssas qruplardan olan insanların etibarlı sosial müdafiə sistemi ilə əhatə olunmasıdır. Sosial sahədə aparılan islahatlar, xüsusən müxtəlif kateqoriyalar üzrə əlilliyə görə təyin edilən sosial müavinətlərin məbləğinin artırılması, I dərəcə əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara qulluq edən şəxslərə təqaüdünün təsis edilməsi, müharibə səbəbi ilə əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması bu şəxslərin sosial müdafiəsini gücləndirməsinə xidmət edir.

    Əlillərə münasibət sahəsində sosial siyasət — həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir.

    Son zamanlar əlilliyin müəyyən edilməsi və rəsmiləşdirilməsi proseslərinin elektron sisteminə keçirilməsi kimi mütərəqqi adımlar atılmışdır, əlilliklə bağlı müraciətlərin və əlillik statusu barədə arayışların elektron sistemi vasitəsilə verilməsi qanunların icrasının şəffaflaşdırılması istiqamətində atılan addımlar, cəmiyyət tərəfindən də müsbət qarşılanır.

    Lakin vətəndaşların çoxsaylı müraciətlərin nəzərə alaraq, bildirmək istəyirəm ki, bu gün əliliyin təyin olunması məsələlərində müəyyən narahatçılıqlar ortaya çıxır ki, bu da mövcud qanunvericilikdə dəyişikliyin edilməsi zərurətini ortaya qoyur.

    Əlilliyi olan şəxslərin problemlərinin həllinin təmin olunması məqsədi ilə, klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının, tibbi-sosial ekspert komissiyasında müayinə olunarkən xəstəliyin və qüsurun xarakterindən asılı olmayaraq, səhətində yaranmış problemin kompleks halda obyektiv surətdə qiymətləndirərkən hüquqi tərəfindən tənzimlənməsi üçün bu istiqamətdə qanunda mövcud olan boşluqların tezliklə aradan qaldırılmasına böyük ehtiyac var.

    Qanuna əsasən əlilliyin ağırlığından asılı olaraq birinci, ikinci və üçüncü dərəcəli əlillik təyin edilir. Nazirlər Kabinetinin qərarına əsasən, vətəndaşın amputasiya olunmuş ayağı dizdən aşağıdırsa, 3-cü qrup, dizdən yuxarıdırsa, 2-ci qrup, hər iki ayağı amputasiya olunubsa, 1-ci qrup əlil sayılır.

    Vətəndaşlar və müharibə iştirakçıları tərəfindən ən çox bu məsələlər ilə əlaqədar müraciətlər olunur və mövcud meyarlara dəyişikliklər edilməsi ilə bağlı təklif ilə çıxış edirlər.

    Azərbaycan 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarını azad etməklə Böyük Qələbəni qazandı. 44 gün davam edən müharibədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə formalaşan Azərbaycanın şanlı Ordusu düşməni diz çökdürdü. Işğal altında qalan torpaqlarımız cəsur əsgərlərimizin rəşadəti ilə düşmən caynağından xilas oldu. Torpaqlarımızı düşmən tapdağından azad edərkən odlu silahdan yaralanan, kontuziya alan, sağlamlığını itirən hərbi qulluqçuların da sayı az deyil.

    Onlar hazırda hərbi hospitallar və xəstəxanalarda müalicə olunurlar. Sözügedən hərbi qulluqçuların sağlamlığının bərpası məsələsi dövlətimiz tərəfindən xüsusi diqqət mərkəzində saxlanılır.

    Onların bir çoxuna bu gün əlilik dərəcələri təyin olunur və bu təyinatın obyektiv olunması və narahatçılığların yaranmaması üçün qeyd olunan meyyarların dəyişdirilməsinə ehtiyac duyulur.
    Hesab edirəm ki, əlillərinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması, onların maddi və mənəvi durumlarının yüksəldilməsində əlavə imkanların yaradılması məqsədi ilə hüquqi bazanın təkmilləşdirilməsi və real təminat yaradan məsələlərin, əlaqədar qurumlarla birlikdə işlək mexanizminin yenidən hazırlanmasının tezləşdirilməsi vətəndaşlar tərəfindən də mənmunluqla qarşılanar."
    PAYLAŞ:

    Oxşar xəbərlər