Qurban bayramı xalqımızın əziz, müqəddəs bayramıdır

Qurban bayramı xalqımızın əziz, müqəddəs bayramıdır
  • Cəmiyyət

  • Qurban bayramı və ya dini qurbankəsmə bayramı islam aləmində ən müqəddəs bayramlardan biridir. Bütün müsəlman aləmində hər il dini qurbankəsmə bayramı münasibətilə keçirilən mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Qurbanın bir hissəsi din xadimlərinə pay göndərilir, digər hissəsi isə kasıblara paylanır. Hamıya bərabər pay verilir. Qurban kəsən özü də bərabər pay götürə bilər.
    Qurban bayramı ən qədim bayramlardandır. Dini qurbankəsmə bayramı islamdan da əvvəl mövcud olub. Lakin o vaxtlar günahdan təmizlənmək, qəzəblənmiş Allahın könlünü almaq və s. nəzərdə tutulurdu. Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə köçməsinin birinci ilindən sonra dini qurbankəsmənin islam aləmində başqa məqsədləri və səbəbləri yarandı. Belə ki, dini qurbankəsmə islam aləmində böyük ruh yüksəkliyi, dindarlıq, xeyriyyəçilik, başqalarına kömək etmək kimi əlamətlərə yiyələndi.

    Dini qurbankəsmə İbrahim peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranmışdır. Belə ki, yuxuda Allah peyğəmbərə oğlu İsmayılı qurban verməyi (onların Allaha inamını yoxlamaq üçün) əmr edir. İbrahim əsl dindar kimi Allahın əmrini yerinə yetirməyə hazır olur. İsmayıl özü də qurban olmağa razılaşır. Bu barədə Quranda yazılmışdır. Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim Peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazır idi. Lakin uca Allah bunu öz elçisinə rəva bilmədi və qurbanlıq üçün ona bir qoç göndərdi. Buna görə də qurbanlıq bayramında kəsilən qurbana “İsmayıl qurbanı” da deyirlər. Çox sevdiyi balasını Allah yolunda qurban kəsməyə hazır olması peyğəmbərin Allah qarşısında imanının səmimiliyinin və mütiliyinin bariz sübutudur.
    Odur ki, din tarixində dərin iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın nümunəsidir. Bu hadisə onu göstərir ki, insanlar Allahı sonsuz imanla sevməli və öz sevgilərində bu cür səmimi olmalıdırlar. Çətin anlarda Allahı yada salıb, yaxşı zamanlarda onu unutmaq möminə yaraşan hərəkət deyil.
    İslama qədər bir çox dinlərdə insanları qurbanvermə ayinlərinə rast gəlmək mümkündür. Məsələn atəşpərəstlər insanı odda yandırırdılar. Onlar bu yolla Allaha yaxın olduqlarını göstərirdilər. Qədim Çində də insanların Tanrılara qurbanvermə adəti var idi. Bu ölkədə təbii fəlakətlərdən, daşqınlardan hifz olunmaq üçün uşaqları çaya atırdılar.

    İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanuna əsasən, Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində qeyd edilir.

    Leyla Nəsirova,
    Salyan rayon “Qələbə” qəzetinin əməkdaşı,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü
    PAYLAŞ:

    Oxşar xəbərlər