Asiya.az xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı Vüqar Oruc öz fikirlərini Yenicag.az-la bölüşüb.
Onun sözlərinə görə, son günlər cəmiyyətdə devalvasiyanın baş verəcəyi ilə bağlı şayiələr genişlənməkdə davam edir. Bu fonda əlində vəsaiti olan vətəndaşlar dollara üstünlük verməklə, özlərini gözlənilən təhlükədən sığortalamaq istəyirlər:
“Əslində dollara tələbatın artmasının kökündə heç də vətəndaşlarda olan vəsaitin toplanması dayanmır. Məlumdur ki, ölkəmizdə bir çox məhsulların qiymətində artım baş verib və bu, istənilən halda inflyasiyaya səbəb olur. Nəticədə dövriyyədə olan pul kütləsinin həcmində artım yaşanır. Eyni zamanda cəmiyyətdə belə bir ajiotaj yaranır ki, növbəti dəfə məzənnə dəyişikliyi, devalvasiya baş verə bilər. Devalvasiya ehtimalı əhalinin dollara tələbatını artırır.
Unutmaq olmaz ki, qonşu ölkələrdə milli valyutanın dəyərdən düşməsi prosesi baş verir və bu, ümumi iqtisadi prosesdir. Azərbaycanda məzənnənin inzibati qaydada tənzimlənməsi həmin iqtisadi proseslərin ölkəmizə təsir etməsinin qarşısını alır. Ona görə də hələlik dolların məzənnəsi stabildir. Sadəcə olaraq vətəndaşlar öz ehtiyatlarını daha çox dollarla saxlamağa üstünlük verirlər. Bankların dollar satışındakı artımı məhz bu amillə bağlıdır”.
Gülşən Şərif