20 yanvar faciəsinin 32 ci ildönümü

20 yanvar faciəsinin 32 ci ildönümü
  • Cəmiyyət

  • Azərbaycan xalqının haqq-ədalətin bərqərar edilməsi uğrunda səsini hiddətlə ucaldaraq imperiya buxovlarından birdəfəlik qurtulmağa can atmasından təşvişə düşən SSRİ rəhbərliyi, əslində, sovet totalitar rejiminin süqutunu daha da sürətləndirən müdhiş cinayətə əl atıb. Mərkəzi hakimiyyət 1990-cı il yanvar ayının 19 dan 20-nə keçən gecə beynəlxalq hüquq normalarını və ölkə qanunlarını büsbütün tapdalamaqla, əhalini xəbərdar etmədən Bakı şəhərində fövqəladə vəziyyətin tətbiqinə başlayıb. Sovet ordusu hissələrinin, xüsusi təyinatlı dəstələrin, daxili qoşunların iri kontingentinin və hətta SSRİ-nin ermənilərin sıx yaşadığı digər regionlarından olan ehtiyatdakı hərbçilərin iştirakı ilə həyata keçirilmiş hərbi təcavüz nəticəsində Bakıda dinc əhaliyə divan tutulub, yüzlərlə insan qətlə yetirilib, yaralanıb və itkin düşüb.


    Sovet qoşunlarının 26 minlik kontingentinin 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya silahlı müdaxilə etdiyi qeyd olunub. Bildirilib ki, sovet əsgərləri mərkəzi televiziyanın enerji blokunu partladaraq respublikada informasiya blokadası yaradıblar. Ordu Bakıda dinc əhaliyə qarşı amansız qırğın törədib. Rəsmi mənbələrə görə, 140-dan çox dinc sakin həlak olub, 700-dən çox insan yaralanıb. Bakıda dinc sakinlərin qətlə yetirildiyi səhnələr 1956-cı ildə Budapeştdə və 1968-ci ildə Praqada dinc əhaliyə qarşı törədilən qətliamı xatırladır.Bakıda dinc əhalini atəşə tutan sovet ordusu ağırlıq mərkəzi dəyişdirilən 5,45 millimetr kalibrli qadağan edilmiş güllələrdən istifadə edib.


    32 il keçsə də, Qara Yanvar öz mahiyyətini itirmir. Milyonlarla azərbaycanlı və Azərbaycanın dostları hər il Bakıda Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçən qəhrəmanların xatirələrinə ehtiramlarını bildirirlər”

     

    Ülvi Rufullayev – Masallı rayon Binə Xocavar kəndi

    PAYLAŞ:

    Oxşar xəbərlər