Qənirə Paşayeva şəhidi Cəmil Həşimlinin anası ilə görüşdü

Qənirə Paşayeva şəhidi Cəmil Həşimlinin anası ilə görüşdü
  • Sosial

  • Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin şəhidi Cəmil Həşimlinin anası Simuzər Bağıyeva ilə görüşüb.

    Asiya.az xəbər verir ki, Qənirə Paşayeva şəhid anasını diqqətlə dinləyib, qayğıları ilə maraqlanıb, ətraflı söhbət edib. Ürək sözlərini bölüşən Komitə sədri deyib: 

    “Əziz şəhid anası, sizinlə “8 Mart – Beynəlxalq Qadınlar Günü” ərəfəsində görüşürük. Bayramları ən çox haqq edən siz şəhid analarısız. Sizi və ailənizin xanım üzvlərini 8 Mart, bütün doğmalarınızı isə qarşıdan gələn əziz bayramımız Novruz Bayramı münasibəti ilə ürəkdən təbrik edir, ən xoş diləklərimizi yetirirəm!

    Sizin 3 oğlunuz var və hər üç oğlunuz müharibədə iştirak edib. Bu faktın özü ailənizin vətəncanlılığını, sizin ana kimi necə övladlar böyütdüyünüzu yaxşı ifadə edir.
    Cəmil Əflatun oğlu Həşimli (11.08.1995, Kürdəmir – 05.10.2020, Füzuli) Silahlı Qüvvələrimizin giziri idi. O, 2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsi vaxtı fədakarlıqla döyüşüb. Cəmil Füzuli döyüşləri zamanı şəhid olub.

    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığına və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Cəmil Həşimli Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edilib. Oğlunuz həmçinin "Xocavəndin azad olunmasına görə" (25.12.2020), "Füzulinin azad olunmasına görə" (25.12.2020), "Şuşanın azad olunmasına görə" (29.12.2020) medalları ilə təltif edilib.
    Şəhid ailələrimizə ali dövlət rəhbərliyinin göstərdiyi yüksək diqqət-qayğı bizlər üçün bir nümunədir.
    Şəhidlərimizin ruhu bizimçün müqəddəs and yeridir.

    Şəhidlərimizin ruhu əziz olduğu kimi, onların anaları da bizimçün əzizdir. Şəhid ailələri hər zaman böyük ehtirama layiqdir.
    Bir daha sizi qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edir, ən xoş diləklərimizi yetirirəm. Bizim salam-sayğılarımızı bütün doğmalarınıza yetirməyinizi xahiş edirəm”.

    Görüşdə "NƏFƏS" İB sədri Firəngiz Balakişiyeva və "Etikxeber.az" saytının baş redaktoru Kamil Həmzəoğlu iştirak edib.
    Ruhu şad olsun!
    PAYLAŞ:

    Oxşar xəbərlər