Daha bir metro stansiyası açılacaq

Daha bir metro stansiyası açılacaq
  • Sosial

  • "Bakı Metropoliteni" QSC-nin "Bənövşəyi" xətti üzrə Cəlil Məmmədquluzadə küçəsində yerləşən, şərti adı "B-04” olan stansiyanın inşasının ikinci mərhələsi yekunlaşmaq üzrədir.

    Asiya.az
    xəbər verir ki, bu barədə Modern.az-a "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

    B.Məmmədov bildirilb ki, birinci mərhələ üzrə Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasındakı ərazidə yerləşən stansiyanın yerüstü sahədə örtük tavasının monolit dəmir-betonlama işləri tamamlanıb:

    "Bu işlər çərçivəsində stansiya kompleksinin yerüstü qatında torpaq örtüyü hamarlanaraq, armatur-karkas elementləri yığılıb və betonlanıb. Ümumən uzunluğu 170 metr olan stansiyanın tikinti işləri üç zonaya bölünməklə aparılır. Hazırda birinci mərhələ çərçivəsində kassa zalı səviyyəsində torpaq qazma və döşəmə tavasının monolit dəmir-betonlama işləri tamamlanmaq üzrədir".

    Qeyd edək ki, stansiya kompleksi 4 səviyyədən ibarət olacaq. Ərazinin relyefindən asılı olaraq işlər 29-32 metr dərinlikdə yerinə yetirilir.

    Yuxarı qatda yerləşən kassa zalı və vestibüldən sonra ikinci səviyyə, keçid və yaxud texniki səviyyənin inşasına başlanılacaq. Üçüncü səviyyə platformaya keçid xarakterli mezonin qatıdır. Sonuncu, platforma səviyyəsi, başqa sözlə, qatarların hərəkət edəcəyi stansiya yolu və gözləmə zalından ibarət olacaq. Uzunluğu 144 metr olan platformanın altı texniki qurğular üçün nəzərdə tutulub.

    "Memar Əcəmi” stansiyasından başlayaraq, Bənövşəyi xəttin stansiyaları "Qruntda divar” üsulu ilə tikilir. Ekoloji cəhətdən daha səmərəli olan üsul həm də məhdud məkanda tikintinin effektiv qaydada aparılmasına, qənaətə nail olunmasına şərait yaradır.

    "Qruntda divar” üsulunun tələblərinə uyğun olaraq, inşaatın ilkin hazırlıq mərhələsində monolit dəmir-beton panelləri quraşdırılmışdı. Həmin dövrdə 1010 və 1021 metr uzunluqlarında olan iki tunel də inşa olunub. Bu isə o deməkdir ki, sonuncu, platforma səviyyəsində 7 vaqonlu qatarların dayanması üçün nəzərdə tutulmuş stansiya yolu da qazılıb.

    Texnoloji tələblərin ardıcıllığına uyğun olaraq, stansiyanın keçidləri bütün işlərin sonunda yerinə yetiriləcək. Hazırda inşa olunan kassa zalı səviyyəsindən 4 giriş-çıxışın olması nəzərdə tutulub. Bu isə yerüstü avtomobil yolunun hər iki tərəfinə rahat və təhlükəsiz keçidi təmin edəcək.

    Bu stansiyada da səviyyədən səviyyəyə keçid eskalatorlar və pilləkənlərlə təmin ediləcək. Xəttin digər stansiyalarındakı kimi əlil arabalarının stansiyaya endirilməsi üçün liftlər quraşdırılacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər