”Vətəndaş 1000 manatlıq mal alır, gömrükdə 3000 manata başa gəlir”

”Vətəndaş 1000 manatlıq mal alır, gömrükdə 3000 manata başa gəlir”
  • Araşdırma / İqtisadiyyat

  • “Əvvəllər də gömrük rüsumları barədə danışmışam. Lakin üzərindən uzun müddət keçməsinə baxmayaraq, hələ gömrüyün fəaliyyətində müsbətə doğru heç nə dəyişməyib. Bir neçə həmkarım da bu barədə Milli Məclisin iclaslarında çıxış etdi. Sosial platformalarda da vətəndaşların narazılıqlarını görürəm. Gömrük sahəsində qeyri-qanuni, heç bir sənədi olmayan ödənişlər tələb olunduğu barədə iddialar bitib-tükənmir. Hesab edirəm, artıq bu istiqamətdə ciddi islahatların vaxtı gəlib çatıb. Düşünün, vətəndaş mal gətirir və malın qiyməti təxmini rəqəmlərlə desək, 1000 manatdır. Gömrükdə isə bu, 3000 manata dəyərləndirilir. Məsələn, götürək ölkəyə gətirilən avtomobillərdən alınan gömrük rüsumunu. Sahibkar Avropa və ya Amerikadan internet vasitəsilə aldığı avtomobili 1000 avro ödəyərək Azərbaycana gətirir. Burada isə dövlət tərəfindən qoyulan gömrük rüsumundan əlavə, qeyri-qanuni əlavə ödənişlər də tələb edilir. Bu da avtomobilin alış qiymətinin 2, hətta 3 qatına bərabər olur. Belə olan halda həm vətəndaşlar arasında narazılıq yaranır, həm də süni olaraq bahalaşma baş verir. Bu həm sahibkara, həm də ölkədəki alıcı qüvvəsinə xeyir etmir. Çünki mayasının 2 qatına qiymətləndirilən malı sahibkar məcbur iki qat bahasına satır. Gələn dəfə həmin sahibkar pulu mal gətirdiyi ölkədə dəyərləndirir, bu da valyutanın ölkədən çıxışına gətirib çıxarır”.

    Asiya.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
    O bildirib ki, digər tərəfdən yerli sahibkarlıq inkişaf etmir, insanlarda alıcılıq qabilliyəti aşağı düşür:

    “Xüsusən idxal edilmiş məhsulların qiymətinin şişirdilməsi ilə bağlı narazılıq var. Sahibkar 1000 dollara aldığı məhsulun qaimə-fakturasını təqdim edir. Amma gömrük orqanları bildirirlər ki, bu məhsulun qiyməti bazarda 3000 dollardır. Bunun rəsmiləşdirilməsini 3000 dollar kimi qarşıya bir tələb olaraq qoyulur. Bəzi sahibkarlar bununla bağlı məhkəməyə müraciət edirlər. Lakin sahibkar razılaşırsa, təbii ki, burada onun öz maraqları da olur. Artıq qaimə-faktura ilə 1000 dollara aldığı məhsulu, 3000 minə alıb ölkəyə gətirir. Nəticə etibarilə, 2 min dolları ölkədən çıxarmış olur. Gömrük Məcəlləsinin 17-ci maddəsinə əsasən, bu proses sövdələşmə üsulu ilə aparılmalıdır. Ancaq növbəti üsullara müraciət edilmədən birbaşa ehtiyat üsuluna keçid alınır. Təklif edirəm, gömrükdə də vergilər bank sistemi ilə olsun. Çünki heç bir qəbzi olmayan, naməlum vergilərin dövlət büdcəsinə getmədiyi bəllidir. Bu orqanın əsas funksiyası bazar mühitini tənzimləmək, daxili bazarı qorumaqla dövlətin iqtisadiyyat siyasətini həyata keçirməkdir. Lakin hazırda gömrüyün anlaşılmayan vergi sistemi iqtisadiyyata xeyir gətirmir. Bu funksiya elə İqtisadiyyat Nazirliyinə verilməlidir. Çünki sözügedən nazirlikdə həqiqətən yüksək səviyyədə hazırlanmış kadr ehtiyatları var. Əminəm ki, illər əvvəl vergi sistemində olan nöqsanlar necə aradan qalxdısa, İqtisadiyyat Nazirliyinin tərkibinə keçdikdən sonra məhz bu siyasəti gömrükdə də həyata keçirmək mümkün olacaq. Bu, şəffaflığa və vətəndaş razılığına yol açacaq. Dünyanın bir çox ölkəsində bu təcrübə var. Gömrük orqanı müstəqil deyil, İqtisadiyyat Nazirliyinin bir departamenti kimi fəaliyyət göstərir. Hesab edirəm, struktur dəyişikliyi nöqsanları tamamilə aradan qaldıracaq”.
    PAYLAŞ:

    Oxşar xəbərlər