Yeni iş yerlərinin yaradılması xüsusi əhəmiyyət kəsb edir

Yeni iş yerlərinin yaradılması xüsusi əhəmiyyət kəsb edir
  • Sosial

  • Müasir Azərbaycanın sürətli iqtisadi inkişafında, əhalinin rifah halının və yaşayış səviyyəsinin yüksəlməsində mühüm rol oynayan faktorlardan biri də sahibkarlığın inkişafı və yeni iş yerlərinin açılmasıdır. Hələ Ulu Öndər Heydər Əliyevin rəhbərliyi zamanında milli iqtisadiyyatda sahibkarlığın yeri müəyyənləşib və rolu getdikcə təkmilləşib. Ümummilli Liderimizin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatlarda da əsas istiqamətlərdən biri əlverişli biznes, investisiya mühitinin yaradılması və iş adamlarının fəaliyyətinin genişləndirilməsi olub. Məhz görülən işlər nəticəsində sahibkarlar tərəfindən çoxsaylı müəssisələr yaradılıb və iş yerləri açılmışdır. 

     

    İnsan kapitalının inkişafı hesabına davamlı iqtisadi tərəqqinin təmin edilməsi müasir dövrdə Azərbaycan dövlətinin sosial-iqtisadi siyasətinin əsasını təşkil edir. Ötən illər ərzində bu sahədə kompleks tədbirlər həyata keçirilmiş, yüksək nailiyyətlər əldə olunmuşdur. Son illərdə sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, icra olunan dövlət proqramları ölkəmizin sosial-iqtisadi inkişafının dinamikliyini göstərən amillərdəndir. Bu gün Azərbaycanda sahibkarlar dövlət tərəfindən həm mənəvi, həm siyasi, həm də iqtisadi dəstək alır. Bölgələrdə yeni zavod, fabrik və digər istehsal müəssisələrinin fəaliyyətə başlaması işsizlik problemini aradan qaldırır. 

     

    Ölkəmizdə son illərdə geniş vüsət almış aktiv məşğulluq proqramlarında cəmiyyətin həssas qruplarından biri kimi məcburi köçkünlərə də üstünlük verilib. Özünüməşğulluq proqramının dəstəyi ilə minlərlə köçkün ailəsi kiçik təsərrüfatlar, müəssisələr yaradıb, sabit gəlir əldə etmək imkanı qazanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Dövlət Məşğulluq Agentliyi və Dünya Bankı tərəfindən 2020-ci ildən birgə həyata keçirilən “Azərbaycanda məşğulluğa dəstək” layihəsi beşillik dövrü əhatə edəcək. Layihənin məqsədi digər həssas qruplar kimi, məcburi köçkünlərə də özünüməşğulluq proq­ramına cəlb olunaraq, formal əmək bazarına və layiqli məşğulluğa çıxış imkanları yaratmaqdır. İşğaldan azad edilən ərazilərdə kənd təsərrüfatı və istehsalyönümlü çoxsaylı ailə təsərrüfatlarının təşkilinə özünüməşğulluq proqramı da öz töhfəsini verəcəkdir. İşğaldan azad olunan ərazilərdə dövlətimizin başçısının tapşırığı ilə həyata keçirilən infrastruktur layihələri yeni iş yerlərinin yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir. Məsələn, Füzuli Beynəlxalq Hava Limanının inşasında 500 nəfər yerli vətəndaş çalışır ki, onların da əksər hissəsi məcburi köçkünlərdir. Digər iri infrastruktur layihələrinin icrasına daha çox sayda yerli sakin, o cümlədən məcburi köçkün cəlb olunur. 

     

    Azərbaycanda sahibkarlığın inkişafı, yeni müəssisələrin yaradılması və iş yerlərinin açılması siyasəti birbaşa insanların rifah halının yüksəlməsinə, yaşayış səviyyəsinin daha da yaxşılaşmasına səbəb olur. İnsanların məşğulluq probleminin həlli daim dövlətin və şəxsən Prezident İlham Əliyevin diqqətindədir. Bu həssas münasibətin nəticəsidir ki, məşğulluğun yüksək səviyyədə həlli üçün yeni yollardan, ehtiyat mənbələrindən istifadə olunur. 

    Könül Qəfərova,

    Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı.

    PAYLAŞ:

    Oxşar xəbərlər