"Report"un məlumatına görə, 37 yaşlı qrossmeyster bu barədə yarışın bağlanış mərasimindəki çıxışında bildirib.
İti zəka sahibi Şuşadakı turnirin dünyanın aparıcı yarışlarından geri qalmadığını diqqətə çatdırıb: "Qalib olduğuma görə xoşbəxtəm. Şuşada quruculuq işləri aparılır. Bir müddət sonra şəhər daha da möhtəşəm olacaq. Amma ilk şahmat turnirində də təşkilatçılıq ən yüksək səviyyədə idi. Qonaq şahmatçıların hər biri mənim fikrimi təsdiqləyir. Təşkilatçılığa və ümumiyyətlə Azərbaycan şahmatçılarına daim dəstək olduğuna görə Mahir Məmmədova təşəkkürümü bildirmək istərdim. Şuşanın qəlbimizdə yeri xüsusidir. Bu şəhər uğrunda gedən döyüşlərdə bizim ailənin də itkiləri oldu. Fərid və Qubad şəhidlik zirvəsinə yüksəldi. Biri yaxın dostum, digəri isə həyat yoldaşımın dayısı oğlu idi. Onların hər ikisi 2020-ci ilin noyabrın 7-də məhz burada, Şuşada şəhid olublar. Mən bu qələbəmi onlara həsr etmək istəyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin".