ÜZEYİR DÜNYASI - 90 yaşlı həkimlə müsahibə

ÜZEYİR DÜNYASI - 90 yaşlı həkimlə müsahibə
  • Manşet / Cəmiyyət

  • Qısa tanıtımMəmmədov Üzeyir Ağaverdi oğlu 1933-cü ildə Qızılağac kəndində anadan olub. 1949-1955-ci illərdə Azərbaycan Tibb İnstitutunda təhsil alıb. 1955-60 -cı ilərdə Tacikistan Respublikasının Leninabad rayon xəstəxanasında cərrah, baş həkim, səhiyyə şöbəsinin müdiri, 1960-65 -ci illərdə Masallı rayon xəstəxanasının baş həkimi, 1965-68 -ci illərdə  Onkologiya İnstitutunda aspirant, 1969-1973-cü illərdə Masallı rayon xəstəxanasının baş həkimi, 1973-1979-cu illərdə Bakı şəhərində Təcili yardım xəstəxanasında baş həkimin müavini, 1979-1982-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda assistent, sonra travmotologiya-ortopediya və Hərbi Cərrahiyyə kafedrasında dosent olub. Son illərə kimi Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikasında travmatoloq-ortoped vəzifəsində çalışıb. 2000-ci ildə Əməkdar həkim fəxri adına layiq görülüb. Tibb elmləri üzrə fəlsəfə doktoru Üzeyir Məmmədov Azərbaycanda 100 tanınmış həkimdən biridir. 


    SUAL: Uşağlıq çağınızın Qızılağacı yaddaşınızda necə qalıb?
    - İkinci Dünya müharibəsi başlayanda mənim 6 -7 yaşım olardı. O vaxt bizim kənddə Qaçaq Qüdrət var idi. Mən onu indiki kimi xatırlayırım, çox qoçaq, cəsarətli adam idi. Evi də bizim evin qabağındaydı. Belə görünürdü ki, onun evində gecələdiyini kimsə yuxarılara xəbər vermişdi. Onu ələ keçirmək üçün NKVD-nin adamları gəlmişdi. Əli silahlı xeyli əsgər evini mühasirəyə almışdı. Onu yatan yerdə yaxaladılar. Bax, gözümün qabağında olub, o vaxt kənddə xəndəklər var idi. İndiki kimi çəpərlər, hasarlar yox idi. Qüdrət o adamların əlindən necə sıyrıldısa, girdi xəndəyə və başladı qaçmağa. Arxadan nə qədər güllə atılar, amma biri də ona dəymədi, beləcə çıxb getdi... Mən Qızılağac kənd məktəbində 1-ci və 2-ci  sinifi oxuyandan sonra 4-cü sinifə, bir il sonra  6-cı sinifə, daha sonra 8-ci sinifə keçmişəm. Səkkizinci sinifdən sonra Dadvada 6 ay 10-cu sinifdə oxudum. O vaxt həmin məktəb internat adlanırdı. Orda bizə yemək də verirdilər. Sonra gəldim Bakıya. Tibb  İnstitutuna qəbul oldum. İnstitu bitirəndən sonra da təyinatımı Tacikistana verdilər. 

                                    
    VARAŞİLOVUN QƏBULUNDA OLDUM
    - Etiraf edim ki, mən öz rayonumuzda işləmək istəyirdim. Anam Qəhrəman ana idi. O vaxt SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Kliment Voroşilov idi. Anamın sənədlərin götürüb getdim Moskvaya, Varaşilovun qəbulunda oldum. Mənə “yox” dedilər, təyinatın hara varilibsə, bir müddət orada işləməlisən. O vaxt Tacikistanın paytaxtı Stalinabad idi. Orda 3 gün qalandan sonra məni göndərdilər Leninabada. indi ora da keçmiş adı ilə - Xocənd şəhəri adlanır. Düşənbədən sonra Tacikistanın ikinci ən iri şəhəridir. Leninabaddan da məni Ayni rayonuna göndərdilər. 

    İndiki kimi, yadımdadır, yenicə fəaliyyətə başlamışdım ki, ilk dəfə uğurlu cərrahiyə əməliyyatı apardım. Əməliyyat elədiyim şəxs Ayni Rayon Koperativlər İttifaqı İdarə heyətinin sədri idi. Sovet dövründə bu vəzifə rayon yerində sayılıb-seçilən vəzifələridən hesab olunurdu. Ertəsi gün demək olar ki, məni bütün rayon tanıdı. Heç bir il keçmədi məni partiya sıralarına qəbul etdilər. Birdən-birə mənə üç vəzifə etibar etdilər; səhiyyə şöbəsinə müdiri, xəstəxananın baş həkimi, həm də cərrah kimi fəaliyyət göstərdim. 
                           
    EL ARASINDA LENİNABADA LENİNQRAD DEYİRDİLƏR
    ...Ayni rayonunda iki il işlədikdən sonra məni Leninabad vilayət xəstəxanasının baş həkimi təyin etdilər. Baş həkim işləyə-işləyə məni Ali Sovetə deputat seçdilər. Açığını deyim ki, heç gözləmədiyim halda bunlar ildırım sürəti ilə baş verirdi. Onu da deyim ki, yerli əhali Leninabada zarafatla “Leninqrad” deyirdi. Tacikistanın şimalında olan bu şəhərin ərazisindən Sırdərya çayı keçir. Fərqanə vadisində yerləşən Xocəndin tarixi Səmərqənd, Xivə, Buxara kimi çox qədimlərə gedib çıxır... Qısası, iki-üç il də keçdi, məni evdən çox təkid elədilər ki, Azərbaycana qayıdım. Ailə qurmadığıma görə çox narahat idilər. Nəhayət, 1960 -cı ildə Bakıya gəldim, səhiyyə naziri Böyük Ağayevin qəbulunda oldum, o, məni Masallı rayon xəstəxanasına baş həkim təyin etdi.....

                                      
    ATAM PEYĞƏMBƏR KİMİ ADAM İDİ
             
    SUAL: Siz Mir Kazım Aslanlı Sarəngi, Əvəz Cəbiyevi tanıyırdınız?
     - Bəli. Hər ikisini də yaxşı tanıyırdım. Yaxşı da alim idilər. Kazım Aslanlı çox müdrik bir adam idi. O yaxşı skripka çalardı. Evində də olmuşam. İbrahim Topçubaşovla qonşuluqa olurdular. Professor Əvəz Cəbiyev də həm həkim kimi, həm alim kimi,  həm də insan kimi çox dəyərli şəxsiyyət idi. Heyif ki, Əvəz Cəbiyev də, Kazım Aslanlı da dünyalarını çox tez dəyişdilər. Onu da deyim ki, Kazım Aslanlı həddindən artıq  istedadlı olduğuna görə onu gözləri götürməyənlər də var idi. Baxmayaraq ki, həkim idi, amma şeir yazıb, musiqi bəstələyirdi...
    Mən alim də olsam, adi bir adamam. Amma atam peyğəmbər kimi adam idi. Cəlilabadda işləyəndə onun Qarakazımlıda Kamran adında bir dostu olub. Atama qardaş deyərmiş, bir yerə gedəndə ev-eşyini, ailəsini atama etibar edərmiş. Kəndimizdə də atam böyük hörmət, izzət  sahibi idi. Təsəvvür edin ki, mən uşaq olanda Quran yasaq olunmuşdu. Evlərdə dini kitabları saxlamaq çox təhlükəli idi. Atam da elə bil oxuduqların yaddaşına köçürmüşdü. Çox yaxşı hafizəyə malik idi.

                                  
    ƏLÖVSƏT BAXIŞOV ALİCƏNAB KİŞİ İDİ
    Masallıda Nadir doktoru, Sahibəli doktoru yaxşı xatırlayıram. Sahibəli yaxşı oğlan idi. Onunla rayonda qonşu da olmuşuq.  Rayonun rəhbəri Əlövsət Baxışov  çox alicənab adam idi. Olduqca ləyaqətli dövlət xadimi idi. Qubalı idi, amma Masallını öz doğma rayonu kimi sevirdi. Mən ilk dəfə Masallıda baş həkim olanda Nəzihə xanımla ailə həyatı qurdum. Biz onunla həmyaşıd idik. O vaxt mənim təyinatımı Tacikistana, onun təyinatını Masallı xəstəxanasına vermişdilər. Yəni məndən əvvəl orada işləyirdi. Nəzihə xanım görkəmli yazıçı -dramaturq İlyas Əfəndiyevin kiçik bacısı idi. Özü də məşhur ginekoloq kimi ad-san qazanmışdı. Onunla ailə həyatı qurandan sonra aspiranturaya qəbul oldum...  
                        
    İLYAS ƏFƏNDİYEVLƏ ATA-OĞUL MÜNASİBƏTİNDƏ OLMUŞUQ   

    İnan ki, İlyas müəllimlə çox yaşı dostluq etmişik. Mən deyərdim ki, biz ata-oğul münasibətində olmuşuq.  Bir dəfə evini təmir etdirirdi, gəlib 2 ay bizdə qaldı. Hər dəfə Azdramada əsərlərinin tamaşası olanda mənimlə birlikdə gedərdi. Lojada oturub tamaşalara baxardıq. Elçin də, Temurçin də yaxşı bilrlər, elə gün olmazdı ki, mən  İlyas müəllimlə görüşməyim. Atam Ağaverdi müəllimlə də söhbətləri yaxşı tutardı. İlyas Əfəndiyevin ata tərəfi nəsillikcə ruhani olub. Bir dəfə zarafatla atama dedi ki, ay Ağa,  (İlyas müəllim atama belə müraciət edərdi) deyirlər sən həyat yoldaşını qısqanırsan, həm də yaman xəsissən!  Atam da anamı gösərib dedi ki, ay İlyas müəllim mən xəsis olsaydım, bu xanım heç belə yaxşı görkəmdə olardı? Atam anamı həmişə çox yaxşı geyinib-kecindirərdi...  

    İNDİ HAMI PUL DALINCA QAÇIR 
    SUAL: Müasir dövrdə öz həmkarlarınıza qocaman həkim kimi nələri tövsiyə edərdiniz?
    -İndiki dövrdə nəinki həkimlikdə elə digər sahələrdə də hamı pul dalınca qaçır. Pulu, ruzini adama Allah verir. Bizim zamanənin həkimləri heç vaxt pul dalınca qaçmayıb. İndikilər bu vərdişə hələ təhsil alarkən yiyələnirlər. İnsan sağlamlığına  biznes kimi baxmaq qəbahətdir. TV-lərdə səhərdən axşamacan reklam verirlər ki, bəs filan klinikada uzman həkimlər çalışır. Belə çıxır uzmanlıq “statusu” almayan bir  həkim  yaxşı mütəxəssis ola bilməz? İndi dərmanlar da çoxdur. Bir də eşidirsən ki, hansısa həkim xəstəyə bir dərman əvəzinə 3-nü də qulp kimi yazıb.  Axı o həkim satılan dərmanlardan qonarar alır. Soruşan gərək, sən pula görə xəstəyə niyə əlavə dərman yazırsan ki?!. Mənim fikrimcə,yaxşı həkim üçün professionallıq puldan da önəmlidir...    
                              
                                     
    İRANI MOLLALARIN ƏLİNDƏ QOYMAYIN!
    1999-cu ildə  Heydər Əliyevin təşəbbüsü ilə bir qrup alim və elm xadimləri ilə birlikdə dövlət hesabına təyyarə Həcc ziyarətinə getdik... Ciddə hava limanında  bizi kralın qonağı kimi qarşıladılar. 10 gün Məkkədə, beş gün Mədinədə qaldıq. Bir faktı deyim ki, həqiqi mənada orada sidq ürəklə ziyarət edən adam xeyli çəki itirir. O ayinləri ki, yerinə yetirməlisən, onu gərək dərk edəsən!.. Sonra yenə bizi alimlərdən ibarət  nümyəndə heyəti ilə dövlət hesabına Məşhədə göndərdilər.  Burdan təyyərə ilə Tehrana uçduq, ordan da Qum şəhərinə... İki-üç gün də Təbriz də qaldıq. Bizi Şah İsmayılın, Şəhriyarın məzarının ziyarətinə apardılar. Orada  Rza şahın imaqmətgahını gördük. Həddindən artıq çox sadə iqamətgah idi. Deyilənə görə, o vaxt İranda qarışııqlıq olanda şahın ayağına yıxılıblar ki, ölkəni tərk etməsin. Yalvarıblar: “İranı mollaların əlində qoymayın!” O da deyib ki, mən qalsam, çox qırğın olar! İndi baxırsan İranda molla rejimindən ən çox əyyiyət çəkən bizim soydaşlarımızdır...

                            
    NƏVƏ-NƏTİCƏM NYU-YORKDA YAŞAYIR...   
    SUAL: Övladlarınızdan sizin sənətinizi davam etdirən varmı?                         
                             
    - Allah qızım Ülkərə rəhmət eləsin,  o, mənim sənətimi davam etdirirdi. Onun oğlu,  mənim nəvəm indi Türkiyədə 5 min fəhləsi olan böyük bir zavodun direktorudur. Nəvəm Cavid Bədəlbəyli İngiltərə ali təhsil alıb, sonra onu Harvarda göndəriblər. İndi İzmirdə yaşayır. Ceylan adında bir nəvəm də Nyu-York şəhərində yaşayır. Harvardda təhsil alanda Cənubi Azərbaycandan olan Sayan adlı bir oğlanla tanış  olub. Sayanın atası da alimdir, atom  fizikası üzrə mütəxəssisdir. Sayan özü İxtisasca hüquqşunasıdı. Harvardan sonra o, Nyu-Yorkda, Ceylan isə bir müddət Ağ Evdə çalışırdı. Toyları burda Bakıda oldu. Bir uşaqları var, yəni mənim nəticəm... İndi onlar Nyu-Yorkda yaşayırlar. Nəvələrimin ikisi burda Bakıda olur. Bir nəvəm də Almaniyada magistr təhsili alır... Mən axırıncı dəfə Qızılağacda ötən il olmuşam. Orada olanda əsasən vaxtımı kənddə keçirirəm. Ata evində də oluram, rayonda yaşayan qardaşımgilin evində də... Onu deyim uşaq vaxtı hərdən balıq ovuna  gedərdim, amma sonra gördüm ki, ovçuluq mənlik deyil... Fürsətdən istifadə edib  məni uzaqdan-yaxından tanıyan hər kəsə sağlamlıq arzulayıram.

    - Biz də Sizi qarşıdan gələn 90 illik yubileyiniz münasibətilə masallılılar adandan təbrik edirik. Müsahibəyə görə sağ olun!
                                           
    Müsahibəni apardı: Nurəddin.

    PAYLAŞ:

    Oxşar xəbərlər