Sağalmaz xəstəliyin qurbanları…

Sağalmaz xəstəliyin qurbanları…
  • Cəmiyyət / Manşet / Mədəniyyət

  • Əməkdar artist Xanım Qafarova (2014), Əməkdar artist Ələsgər Məmmədoğlu (2015), Xalq artisti Fuad Poladov (2018), Əməkdar artist Tünzalə Əliyeva (2023)… Çox təəssüf ki, ötən gün əsrin bəlası olan Xərçəng xəstəliyinin bizdən alıb apardığı aktyorlarımızın sırasına Respublikamızın Xalq artisti, Prezident təqaüdçüsü Ramiz Novruzun da adı əlavə olundu. 

    Uzun illərdir müalicəsi tapılmayan bu ağır xəstəlik zaman keçdikcə bir-bir doğmalarımızı, dəyərli sənətkarlarımızı alır bizdən. Elə ağır bir xəstəlikdir ki, onunla bərabər uzun illər yaşamaq olar. Lakin qalib gəlmək çox çətindir. Xalq artisti Ramiz Novruz da qalib olmaq üçün çox çalışdı. Sənətkar onu sevənləri narahat qoymamaq üçün xəstəliyini gizlətməyə çalışsa da, ətrafında ona yaxın olan insanlar vəziyyətdən xəbərdar idi. Lakin Xalq artistinin pozitivliyi, əzmi, həyat eşqi yaxınlarını da vəziyyətin yaxşılaşacağına inandırmışdı. Qəfil halı pisləşərək 67 yaşında dünyaya gözlərini əbədi yuman Ramiz Novruz ötən gün alqışlarla son mənzilə yola salındı. Geriyə qalan isə insanların qəlbindəki sevgisi, oynadığı rolları, çəkildiyi filmləri, hər görəndə onu sevənlərin ürəyini sızladacaq foto və səsyazıları oldu. 

    Aramızda böyük xətir-hörmət olduğundan mütəmadi olaraq whatsapp üzərindən yazışırdıq. Sonuncu dəfə 25 yanvar tarixində göndərdiyi səs yazıda bir uğuruma sevinərək: “Sənin vergül boyda sevincin mənim üçün dağdır” - deyirdi. Lakin çox çəkmədi ki, özü mənə və bütün sevənlərinə dağ boyda kədər qoyub getdi…

    Kinomuzun Həzi Aslanovu, teatrımızın Həsənzadəsi, Nadir şahı, Domeniko Sarianosu, Knyazı və nəhayət xalqımızın sevimli Ramiz Novruzu, yeriniz cənnət, ruhunuz şad olsun! Siz hər zaman sizi sevənlərin qəlbində, xatirələrində, teatr və kino sənətimizin tarixində yaşayacaqsınız…
    Fərqanə Qafarova,
    Asiya.az 
    PAYLAŞ:

    Oxşar xəbərlər