XİN: Laçın yolunda sərhəd-nəzarət mexanizminin təsis edilməsi hərəkət üzrə şəffaflığı təmin edəcək

XİN: Laçın yolunda sərhəd-nəzarət mexanizminin təsis edilməsi hərəkət üzrə şəffaflığı təmin edəcək
  • Araşdırma / Siyasət

  • Laçın yolunun başlanğıcında sərhəd-nəzarət mexanizmi təhdidlər və təxribatlar nəzərə alınaraq, təsis edilib.

    Asiya.az
    xəbər verir ki, bu fikir, Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikası tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi barədə bəyanatda yer alıb.

    Qeyd edilir ki, Üçtərəfli bəyanatın imzalanmasından keçən iki il yarım müddət ərzində Azərbaycan tərəfi davamlı şəkildə Laçın yolunun Ermənistan tərəfindən genişmiqyaslı sui-istifadə hallarına diqqəti cəlb edib:

    "Bu cür sui-istifadə hallarına Azərbaycan ərazisində qalmaqda davam edən erməni silahlı qüvvələrinin şəxsi heyətinin rotasiyası, silah və sursatın daşınması, terrorçuların keçidi, habelə təbii sərvətlərin və mədəni mülkiyyətin qanunsuz daşınmasını misal göstərmək olar.

    Yoldan minaların daşınaraq sonradan Azərbaycan Respublikasının suveren ərazilərində basdırılması xüsusilə ağır fəsadlar doğurur. 2022-ci ilin avqust ayından etibarən Laçın və Kəlbəcər rayonlarının ərazisində 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox piyada əleyhinə mina aşkar edilib. Aydındır ki, bu minalar Üçtərəfli bəyanata zidd olaraq, Azərbaycan ərazisinə məhz Laçın yolu vasitəsilə daşınıb. Sonuncu dəfə, 22 aprel 2023-cü il tarixində Azərbaycan Ordusunun hərbi yük maşını ermənilər tərəfindən basdırılmış 2021-ci il istehsalı minaya düşərək partlayıb və 3 nəfər hərbi qulluqçumuz yaralanıb. Müharibənin sonundan etibarən 294 nəfər azərbaycanlı mina qurbanı olub.

    Bununla yanaşı, 22 aprel tarixində Ermənistana məxsus yük avtomobilləri ilə iki ədəd hərbi məqsədlər üçün yaşayış konteynerlərinin və hərbi avtomobillər konvoyunun Üçtərəfli bəyanata və beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Azərbaycan ərazisinə keçirildiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müşahidə kameraları tərəfindən qeydə alınıb. Daha sonra, Ermənistan tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan ərazisinə ən yaxın məntəqədə hərbi yaşayış konteynerlərinin yerləşdirilməsi və hərbi infrastruktur qurmaq fəaliyyəti müşahidə edilib".
    PAYLAŞ:

    Oxşar xəbərlər