Əlövsət Polad - 80 (VİDEO)

Əlövsət Polad - 80 (VİDEO)
  • Cəmiyyət / Manşet

  • Neftçala rayon Mərkəzi kitabxanasında rayonun qələm sahibləri içərisində öz dəsti-xətti ilə tanınan ziyalı, yazıçı-publisist Əlövsət Poladın 80 illik yubileyi keçirildi. 

     

    Asiya.az xəbər veirr ki, tədbir torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad olunması ilə başladı. 

     

    İlk təbrik sözü ilə çıxış edən Neftçala rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Gülnarə Qasımova bütün kitabxana kollektivi adından yazıçını təbrik  edərək ona yeni yaradıcılıq uğurları arzuladı. 

             

    Neftçala rayon İcra Hakimiyyətinin məsul işçisi Vasif Əliyev çıxışında vaxtilə “Oktyabr bayrağı” /indiki “Gündoğar”/ qəzetində atası Vaqif Əliyevlə çiyin-çiyinə çalışmış Əlövsət müəllimin peşəsinə vurğunluğundan, yazıçının vətənpərvərlik mövzusundakı yazılarından söhbət açdı. Çıxışının sonunda isə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı  Mirhəsən Seyidovun yubilyara “Təşəkkürnamə”sini təqdim etdi. 

     

    Tədbirdə çıxış edən yazarlar İmanverdi Zeynalov, Etibar Əbilov, Zabil Pərviz, Fərhad Əzizov, Ənvər Qəmbəroğlu, “Gündoğar” qəzetinin redaktoru Bədirə Niftəliyeva, Həqiqət Sərdarova Əlövsət müəllimin uzun ömür  salnaməsində geridə qoyduğu illərin xoş xatirələrini bölüşdülər. Yazıçının “Dövrümüzün salnaməsi” başlığı altında Neftçalanın tarixi, həqiqət və gerçəklik, ədəbi-bədii, fəlsəfi, etik-estetik, həmçinin rayonun ictima-siyasi simaları, ədəbi aləmi haqqında yazdığı əsərlərindən, həyatının çox hissəsinin bəhrəsi olan  jurnalistik fəaliyyətindən söhbət açdılar. 

     

    Rayon Ağsaqqallar Şurasının sədri Əbülfəz Ağayev, Heydər Əliyev Mərkəzinin direktoru Könül Məmmədova, uzun illər rayonda məsul vəzifələrdə çalışmış Cahangir Abdullayev yubilyarın vətənə məhəbbətindən doğan vətəndaşlıq keyfiyyətlərindən söz açaraq xatirə hədiyyələrini təqdim etdilər. Xoş sözlər, xoş arzular əhatəsində son dərəcə nəcib, səmimi, onu tanıyanların da dediyi kimi “vicdan nümunəsi” Əlövsət müəllimin gözəl insani keyfiyyətləri ilə canlandırılan xatirə epopeyası tədbir boyu davam edən çıxışlarda öz əksini tapdı. Yazıçının ömür yoluna həsr olunmuş “Yurd yeri” sənədli filmindən göstərilən fraqmentlər də tamaşaçılar tərəfindən maraqla qarşılandı. 

      

    Sonda çıxış edən yazıçının qızı Arzu Əliyeva və yubilyar Əlövsət Polad tədbirin təşkilində göstərdikləri dəstəyə görə Neftçala Rayon İcra Aparatına, təşkilatçılara və bütün iştirakçılara dərin təşəkkürünü və səmimiyyət əsasında keçən yubiley gecəsinə görə razılığını bildirdi. 

    Cəfər Cəfərov,

    Elsevər Əliyev,

    Faiq Mirzə,

    Asiya.az






    PAYLAŞ:

    Oxşar xəbərlər