Şahin Musaoğlu – 60

Şahin Musaoğlu – 60
  • Cəmiyyət / Manşet

  • Bu gün həkim, nasir, şair, bəstəkar Şahin Musaoğlu 60 illik yubileyini qeyd edir. 


    Onu bizə ən çox sevdirən vətənpərvərlik ruhunda yazdığı, dilimizin əzbəri olan “Cənab leytenant” və “İgid əsgər, möhkəm dayan” mahnıları olub.

     

    Şahin Musaoğlu Azərbaycan Yazıçılar Birliyinin üzvü, AYB Hərbi Vətənpərvərlik Komisiyasının sədri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, İlesam Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məsləklər Birliyinin üzvü, MDB Beynəlxalq Yazıçılar Birliyinin üzvü, "Qızıl Qələm" mükafatı laueratı. Dünya Tibbi Araşdırmalar Texnik və Etik Bilimlər Akademiyasının (WAMBES) idarə heyətinin üzvü, Türk Dünyası Araştırmaları Beynəlxalq Elmlər Akademiyası fəxri professorudur.

     

    Şahin Musa oğlu Əbilov 1963-cü il iyulun 11-də Masallı rayonunun Qızılağac kəndində anadan olub. Bu kənddə orta məktəb təhsili alan Şahinin sonrakı taleyi isə qısa fasilələrlə Bakı şəhəri ilə bağlanıb.1980–86-cı illərdə N. Nərimanov adına Azərbaycan Tibb institutunda (indiki ATU) təhsili alan Ş. Musaoğlu müalicə-profilaktika fakültəsini bitirərək həkim kimi fəaliyyətə başlayır. İlk təyinatı isə Biləsuvar rayonuna olur. 4 il burada həkim kimi çalışdıqdan sonra paytaxta dönür. 1990-cı ildə Qədirli adına Xəzər Dəniz Hövzə Xəstəxanasında işə düzələn Ş. Musaoğlu o zaman çox da geniş yayılmayan bir sahə — USM üzrə öz həkimlik ixtisasını artırmağa başlayır. Müasir texnoloji biliklərə əsaslanan tibbin bu modern sahəsində əldə etdiyi təcrübəsi sonradan onu bu işin ən yaxşı mütəxəssislərindən birinə çevirir.

    Ş. Musaoğlunun Bakıdakı həkimlik fəaliyyətinin ilk illərində ölkədə müharibə hökm sürürdü. Azərbaycan-Ermənistan savaşının qızğın vaxtlarında Şahin Musaoğlu Müdafiə Nazirliyi Tibb İdarəsi, HET idarəsi və Müdafiə Nazirliyi Sənədli Filmlər Kinotelestudiyasının əməkdaşı olaraq Qarabağ döyüşlərində yaralanan əsgər və zabitlərə məxsus ilk hərbi-tibbi arxivi yaradır.1992-ci ildə, görkəmli bəstəkar Cavanşır Quliyevin məşhur "Əsgər marşı"ndan savayı hərbi-vətənpərvərlik mövzusunda əsərlərin hələ yazılmadığı bir vaxtda, Şahin Musaoğlu özünün ilk türküsünü bəstələyir. Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin xatirəsinə həsr olunmuş bu mahnı-"İgid Əsgər, Möhkəm Dayan! " ilk dəfə televiziya ekranında səslənir. Çox az müddətdə populyarlıq qazanaraq dillərdə dolaşan bu mahnıdan sonra Şahin növbəti savaş türkülərini yazır. 20 Yanvar şəhidlərininin xatirəsinə həsr olunmuş "Qərib Karvan" , Milli Ordunun ilk batalyonu haqda yazılan "Birinci Batalyon" , "Cənab Leytenant" və.s bu kimi bir-birinin ardınca Şahinin bəstələdiyi mahnılar ona daha çox şöhrət qazandırır. Ş. Musaoğlu sonradan da həm hərbi, həm də vətənpərvərlik mövzusunda yaradıcılıq fəaliyyətini davam etdirir. Sözləri unudulmaz şairimiz Rəsul Rzaya aid "Elegiya"böyük Şəhriyarın vətən yanğısıyla qələmə aldığı eyni adlı"Azərbaycan", poeziyamızın əvəzsiz nümayəndəsi Bəxtiyar Vahabzadəyə məxsus "Bay yurdum" , həmişəyaşar istiqlal nəğməkarı Əhməd Cavadın sözlərinə yazdığı "Bismillah", görkəmli ədibiniz Anarın nadir şeirlərindən biri olan "Gedirəm Zəngilana" yaşadığımız dünyanın ən böyük söz adamlarından biri olan Ramiz Rövşənin şeri əsasında bəstələdiyi "Yalquzaq"mahnı və başqa türküləri ilə o, başladığı işi uğurla davam etdirərək bu musiqi janrına xeyli qiymətli töhfələr verir.

     

    Asiya.az xəbər portalı olaraq Şahin Musaoğlunu 60 illik yubileyi münasibətilə təbrik edir, ona yaradıcılıq uğurları arzu edirik!

    PAYLAŞ:

    Oxşar xəbərlər