AZƏRBAYCAN-MƏRKƏZİ ASİYA İŞBİRLİYİ: YENİ ÜFÜQLƏR

AZƏRBAYCAN-MƏRKƏZİ ASİYA İŞBİRLİYİ: YENİ ÜFÜQLƏR
  • Araşdırma / Siyasət

  • Qənirə Paşayeva,
    Milli Məclisin Mədəniyyət Komitəsinin sədri


    Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 14-də Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının V Məşvərət Görüşündə iştirak edib. Azərbaycan Prezidentinin sözügedən Görüşə fəxri qonaq olaraq dəvət edilməsi və keçirdiyi görüşlər mühüm hadisədir. – Mərkəzi Asiya ölkəsi olmayan Azərbaycanın dövlət başçısının Görüşə dəvət olunması onun nüfuzunun, ölkəmizə göstərilən ehtiramın bariz ifadəsidir. Və Azərbaycan Prezidentinin çıxışı, çıxışda toxunulmuş məqamlar yalnız Azərbaycan üçün, Mərkəzi Asiya ölkələri üçün deyil, Avrasiya üçün, bütövlükdə beynəlxalq aləm üçün önəm daşımaqdadır.

    Prezidentin vurğuladığı kimi, Mərkəzi Asiya dövlətləri ilə Azərbaycanın işbirliyinin dinamikası artan xətt üzrə inkişaf edir. Bəlli olduğu kimi, Azərbaycanın dövlət başçısı bu il Tacikistana iki dəfə səfər edib. Apreldə baş tutmuş səfər çərçivəsində qəbul olunmuş qərarlar, imzalanmış sənədlər dövlətlərarası münasibətlərimizin strateji xarakterini bir daha təsbit və təsdiq etmiş oldu.

    Son iki il ərzində Prezident İlham Əliyev Mərkəzi Asiya dövlətlərinə doqquz dəfə səfər etmişdir. Eyni zamanda, bu müddət içində bütün qardaş, dost dövlətlərin başçıları respublikamıza unudulmaz səfərlər edib. Bu bir danılmaz həqiqətdir ki, qarşılıqlı səfərlər, ətraflı müzakirələr də güvənli münasibətin göstəricisi kimi çıxış edir.

    Nəhəng Mərkəzi Asiya bölgəsi ilə Azərbaycanı, xalqlarımızı tarixi sınaqlardan çıxmış möhkəm qardaşlıq-dostluq əlaqələri bağlayır. Ortaq mədəni köklər, adət-ənənələr, başqa xalqlara, ayrı dinlərə və mədəniyyətlərə dözümlü münasibət, sülhpərvərlik, xeyirxahlıq və səmimiyyət işbirliyimizin də möhkəm təməlini təşkil edir.

    Prezidentin vurğuladığı kimi, səmərəli işbirliyinin danılmaz siyasi göstəriciləri və bəlli sonucları vardır. “Otuz ildən artıqdır ki, biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparırıq, bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk”. Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan BMT başda olmaqla bir neçə fərqli beynəlxalq platformada uzunmüddətli, səmərəli işbirliyi təcrübəsinə malikdir. Qoşulmama Hərəkatı, MDB, Türk Dövlətləri Təşkilatı və b. platformalarda, eləcə də, ikitərəfli, üçtərəfli formatlarda Mərkəzi Asiya dövlətləri ilə işbirliyimiz bir-birimizi, imkanlarımızı, problemlərimizi və uğurlarımızı daha yaxından öyrənmək imkanı yaradıb.

    Əlbəttə, Mərkəzi Asiya da Azərbaycanın aid olduğu Qafqazlar kimi çox önəmli coğrafiyadır. Yer üzündə ən böyük əraziyə malik olan – vaxtı ilə bir ittifaqda olduğumuz Rusiya Federasiyası və vaxtı ilə eyni ideoloji-siyasi məkanda olduğumuz – ən çox əhaliyə malik Çin arasında yerləşməsi Mərkəzi Asiyanın qədərinə təsirsiz ötüşməyib. Belə təsirlər və eyni taleni yaşamış xalqların, dövlətlərin öz müstəqil inkişaf yolunu seçməsi, heç şübhəsiz, vahid bir mövqenin yaranmasına gətirib çıxarmışdır. Bura, yeni dünya gerçəklikləri, beynəlxalq çağırışlar da özünəməxsus şəkildə daxildir: “Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur”.

    Rusiya-Ukrayna müharibəsi, Çinin, ABŞ-ın Mərkəzi Asiyaya getdikcə daha da artan marağı, habelə Mərkəzi Asiya dövlətlərindən dördünün üzv olduğu Türk Dövlətləri Təşkilatının yaranması və Azərbaycanın 44 günlük müharibədəki tarixi Zəfərinin yaratmış olduğu imkanlar işbirliyimizə yeni dərinlik və üfüqlər gətirmişdir. Bu amillər işbirliyimizin yeni formatını müəyyənləşdirmişdir. Bəli, regional işbirliyinin yeni formatı ölkələrimizin, xalqlarımızın daha da yaxınlaşmasına öz müsbət təsirlərini göstərir.

    Yalnız diplomatlar, regionşünaslar və iqtisadçılar deyil, az qala bütün əməli çalışma sahələrinin mənsubları da təsdiq edər ki, ikitərəfli işbirliyinin önəmli meyarlarından biri qarşılıqlı ticarətin, yatırımların artımı ilə bağlıdır. Sevindiricidir ki, bu iki istiqamət üzrə göstəricilər davamlı artım dinamikasına malikdir: ötən il Azərbaycan Respublikasının Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı içində isə daha 50 faiz artıb.

    Rəsmi qaynaqlarda göstərildiyi kimi, Mərkəzi Asiya respublikaları ilə respublikamız arasında birgə yatırım fondları yaradılıb, eləcə də, növbəti 3 il üzrə 1 milyard dollardan artıq qarşılıqlı yatırımların həcmi razılaşdırılıb. Bəlli olduğu kimi, biz artıq sənaye işbirliyi, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı (özəlliklə, pambıqçılıq, ipəkçilik, bağçılıq, heyvandarlıq) sahələrində çoxsaylı layihələri uğurla həyata keçiririk. Hotelçilik və turizm sahəsindəki yatırım layihələri isə ilk icra mərhələsindədir. Mərkəzi Asiyadan olan şirkətlərin bizim Ələt Azad İqtisadi Zonasına getdikcə daha da artan marağı da başqa bir sevindirici haldır. Ümumən, nəqliyyat, logistika sahəsi Mərkəzi Asiya ilə ölkəmiz arasındakı iqtisadi-ticari bağlarda önəmli yer tutur. – Özəlliklə nələri fərqləndirə bilərik? Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində ən güvənli tranzit ölkəsidir. Əlbəttə, əks yöndə tranzitin önəmi də az deyil. – “Mərkəzi Asiyadakı qardaşlarımız bilirlər ki, Azərbaycanın bütün nəqliyyat-logistika infrastrukturu onlar üçün açıqdır”.

    Heç şübhəsiz, belə çoxtərəfli və çoxqatlı, artan dinamikalı işbirlikləri mədəni əlaqələrimizin də dərinləşməsinə, yaradıcı insanlar, onları birləşdirən qurumlar arasında bağların möhkəmlənməsinə öz müsbət təsirini göstərəcəkdir. Gediş-gəlişlərin sıxlaşması, ticari işbirliyinin güclənməsi yaradıcı mühitlərimizin də fikir alış-verişində, təcrübə mübadiləsində olmasına təsirsiz ötüşməyəcəkdir. Mərkəzi Asiya bizimlə tarixin çox qədim dönəmlərinə aid olan ortaq dəyərlərlə, tarixin keşməkeşli dönəmlərində üzləşdiyimiz eyni (yaxud oxşar) problemlərlə, son 32 ildə yaşadığımız qayğılar və boylandığımız üfüqlərlə də çox yaxındır, doğmadır... Bu yaxınlıq, doğmalıq bütün əməli çalışma sahələri üzrə qərarlarda, ümumxalq səviyyəsində təcallalar, şəkillənmələrlə özünü göstərməkdədir. Tarixi İpək Yolu, ötən illərdə Dəmir İpək Yoluna döndüsə, artıq növbədə “Rəqəmsal İpək Yolu”dur... Bu layihə dost-qardaş ölkələrimiz arasında işbirliyinin yeni səhifəsini təşkil edir. Fiber-optik infrastrukturun yaradılmasına yönəlmiş “Rəqəmsal İpək Yolu” layihəsi tarixi-mədəni irsə, ortaq çıxarlara xidmət edir və bizi uğurlu ortaq gələcəyə aparır...

    Bir sözlə, Azərbaycan Prezidentinin Mərkəzi Asiya Dövlət Başçıları Görüşündə fəxri qonaq olaraq iştirakı, oradakı çıxışında verdiyi ismarıclar qarşıdakı dönəmdə öz müsbət sonuclarını göstərəcək, yeni müsbət hadisələrə səbəb olacaq.
    DÖVLƏTİMİZ VAR OLSUN!
    PAYLAŞ:

    Oxşar xəbərlər