RAFİQ RƏSULOBUN UNUDULMAZ XATİRƏSİNƏ

RAFİQ RƏSULOBUN UNUDULMAZ XATİRƏSİNƏ
  • Cəmiyyət

  • 24 il əvvəl baş redaktoru olduğum “Masallı” qəzetinin (oktyabr-noyabr, 1999-cu il, № 7-8) “İdman  tariximizdən” rubrikasında Rafiq müəllimə xüsusi səhifə həsr etmişdik. O, şəhərin meri olduğu dövürdən həm də qəzetimizin redaksiya heyətinin üzvi idi.
    ...Dünən Rafiq müəllimin Bakıda 3 mərasimi keçirilirdi. Nədənsə mərasim boyu mən onun haqqında  şair Tahir Heydərli ilə birgə qələmə aldığımız həmin yazıdan bəzi fraqmentləri xatırladım. O zaman Rafiq müəllim rayon İHB-nın ictimai təşkilatlarla və siyasi partiyalarla iş şöbəsində böyük referent vəzifəsində çalışırdı. Həmin ilin sentyabrın 30-da 55 yaşı tamam olmuşdu. Tərəzi bürcündən olan olan Rafiq müəllim cəmiyyətdə nəzakətli və özünəxas balanslaşdırılmış rəftarı sayılıb -seçilirdi. Sonralar professor Fərahim Sadıqovla müştərək yazdığımız “Masallı-cənnət misallı” kitabının (“Qanun” nəşriyyatı, 2013) “Masallının idman aləmi” bölməsində rayonumuzun adlı-sanlı idmançılarından, o cümlədən Rafiq müəllimdən də bəhs etmişik (səh.110-111.)
    ...1944-cü ildə Masallı şəhərində ziyalı ailəsində dünyaya göz açan Rafiq Rəsulovun atası Cabbar müəllim, anası Şükufə xanım rayonumuzun tanınmış və hörmətli pedaqoqlarından olublar. Maarif əlaçısı Şükufə xanım ötən əsrin 60-cı illərində “Əməkdar müəllim” adına layiq görülmüşdür.
    Orta məktəbdə təhsil aldığı vaxtlar Rafiq Rəsulov tarixçi olmağı arzulasa da, tale onu idman aləminə aparmışdı...  1958 -ci ildə, yəni 14 yaşından başlayaraq voleybol oynamağa başlayan Rafiq Rəsulov bəlkə də ilk baxışdan idman müəllimlərinin və məşqçilərin diqqətini ucaboylu olmasına görə çəkmişdi. İlk məşqçisi Müctaba Məmmədov, sonralar Ağayar Nağıyev olmuşdu. Hər iki məşqçi  Rafiq Rəsulovun peşəkar voleybolçu kimi yetişməsində əllərindən gələni əsirgəməmişdilər.
    İlk qələbə sevinci və tələbəlik illəri...
    1961-ci ildə  Masallı voleybolçuları məktəblilərin respublika birinciliyində finala vəsiqə qazandılar. Final görüşü Neftçala şəhərində keçirilirdi. Heyətində Rafiq Rəsulovun iştirak etdiyi Masallı komandası ikinci yeri tutdu. Bu qələbə Rafiq Rəsulovun həyatında mühüm rol oyanamış və o, bir il sonra Azərbaycan Bədən Tərbiyəsi İnstituna qəbul olmuşdur. Ali məktəbdə nəzəri biliklərin artıran Rafiq Rəsulov voleybol mütəxəssisi kimi ustalaşmışdı... Daxil olduğu komanda1965-ci ildə respublika ali məktəblərinin birinciliyinin çempionu olmuşdur.
    Müəllim...  məşqçi...
    1966-cı ildə ali təhsilini başa vurandan sonra Rafiq müəllim təyinatla Cəlilabad rayonunun Göytəpə (o zaman Prişib adlanırdı) qəsəbəsində pedaqoji fəaliiyətə başlamışdı. Məhz orada ilk dəfə Rafiq müəllim oğlanlardan və qızlardan ibarət voleybol komandaları yaratmağa nail olmuşdur. Rafiq müəllimin yetirmələri üç dəfə məktəblilərin rayonlararası respublika birinciliyinin qalibi olmuşdular. Xüsusilə qızlardan ibarət komandanın iki dəfə respublika birinciliyinin qalibi olması Cəlilabad rayonunda  böyük sevinclə qarşılanmışdı...
    Məşqçi... hakim...
    R. Rəsulov hakimliyə hələ tələbəlik illərində başlamışdı. Paytaxt məktəblilərinin şəhər birinciliyi uğrunda keçirilən yarışlarına hakimlik etmişdi. Respublika çempionatında ilk dəfə 1970-ci ildə Neftçala şəhərində keçirilən voleybol yarışlarında hakim olmuşdu. Məşqçilik fəaliyyəti ilə yanaşı hakim kimi tanınan Rafiq müəllim nəinki respublika birinciliklərindəki yarışlarda, həmin vaxtlar SSRİ çempionatının yarışlarına da hakim kimi dəvət olunurdu. 1975-ci ildə ilk dəfə Latviyanın Dauqaplis şəhərində gənclərdən ibarət SSRİ çempionatının zona yarışlarında hakimlik etmişdi. Bir sözlə, 1981-ci ildən Ümumittifaq dərəcəli hakim səviyyəsinə yüksələn Rafiq müəllim bir dəfə Beynəlxalq, 200 dəfədən çox respublika, SSRİ birincilikləri və spartakiadalarında birinci hakim kimi oyunları idarə etmişdir. Yuxarıda bəhs etdiyim qəzet səhifəsində  Rafiq müəllimin Leninqrad (indi Sankt-Peterburq) şəhərində qadınlar arasında 47-ci  SSRİ çempionatında birini hakim kürsündə şəkli dərc olunmuşdu. Elə həmin yazıda 1983-cü ildə Riqa şəhərində SSRİ çempionatını idarə edən hakimlər hyətində Rafiq müəllimin 2 dəfə Olimpiya oyunları, dəfələrlə Avropa, Dünya və SSRİ çempionu olmuş Moskva “Dinamo”çusu Nina Smoleyeva və digər hakimlərlə  ağ-qara rəngli şəkili də vardı.
    Rafiq müəllim  Masallının idman dünyasında..
    1974-cü ildən Masallıda idman karyerasını davam etdirən Rafiq müəllim Masallı Uşaq Gənclər İdman məktəbində metodist və məşqçi-müəllim kimi fəaliyyət göstərmişdir. İş təcrübəsi və peşakarlığı nəzərə alınaraq ona rayonunun yaşlılardan ibarət yığma voleybol komandasının baş məşqçisi postu  da həvalə edilmişdi. R.Rəsulovun  rəhbərliyi ilə Masallı voleybolçuları güclülər qrupunda 2 dəfə ikinci yeri tutmuşdular.  1987-ci ildə Rafiq müəllim  “Məhsul” Kənd Könüllü İdman Cəmiyyəti (KKİC) rayon şöbəsinin direktoru təyin edilmiş,.1990-cı ildə  isə “Viləş” futbol klubunun sədri seçilmişdir.
    Rafiq müəllimin dediklərindən:
    Azərbaycanda voleybolun inkişafında Masallının idmançı və məşqçilərinin rolu az olmamışdır. Ağayar Nağıyev, Yaqub Rəsulov, Hikmət Mirzəyev, Vasif Talıbov, Azad Əsgərov və başqaları Azərbaycan yığma komandaları tərkibində SSRİ çempionatları və beynəlxalq turnirlərin iştirakçıları olmuşlar. Güləhməd Əbilov, Əliheydər Nağıyev, Əbülfəz Yusubov, Ramiz Hüseynov, Müslüm Niftiyev, Allahşükür Zeynalov, Balabəy Ağayev, Telman Sultanov, Azad Əsgərov, Qəyyum Niftiyev, Şaiq Həsənov, Mərdalı Əsədov, Vidadi Fərəcov, Rizvan Nuriyev azarkeşlərin sevimlisi olmuşlar. Süfəddin Məmmədov, Güləhməd Əbilov, Akif Cəbiyev, Ağahüseyn Nəcəfov, Ağayar Nağıyev, Yavər Əliyev, Mirteymur Mənsimov kimi məşqçilər Masallıda voleybolun inkişafında gərgin əmək sərf etmişlər. Masallının gənc voleybolçuları 1975,1977 və 1999-cu illərdə respublika yarışlarında 3-cü yeri tutumuşlar. Heybət Əhədov və Mirteymur Mənsimovun rəhbərliyi ilə Tüklə kəndinin gənc voleybolçuları rayonlar arasında respublika çempionu olmuş, Sverdlovsk (indiki Yekaterinburq)  şəhərində keçirilən Ümumittifaq yarışlarında respublikamızı təmsil etmişlər. Həmyerlimiz türkobalı Vasif Talıbov 1990-cı ildə SSRİ yığma komandasının tərkibində İspaniyada keçirilən Ümumdünya voleybol oyunlarının çempionu olmuşdur.
    Onu da qeyd edim ki, Rafiq müəllimin rəhbərlik etdiyi gənclərdən ibarət voleybol komandasının 12 üzvünə “SSRİ idman ustalığına namizəd” adı verilmişdir.
    Zəruri qeyd:
    Masallı şəhərinin meri olduğu vaxtlarda Rafiq müəllim voleybol yarışlarının keçirilməsinə  təşəbbüs göstərmişdir. Demək olar ki, 1988-ci ildən 1997-ci ilə kimi rayonda  voleybol üzrə birincilik yarışlarının keçirilməsi unudulmuşdur. O vaxt  rayon rəhbərliyi əsas diqqəti “Viləş” futbol kulubuna ayırırdı. 1999-cu ilin iyun ayında isə  Rafiq müəllimin təşəbbüsü ilə  12 komandanın iştirakı ilə Masallıda respublikada analoqu olmayan əsl voleybol bayramı keşirilmişdir. Turnir yarışlarında Azərbaycan Voleybol Federasiyasının o zamankı prezidenti iştirak etmiş, qaliblərə 6 milyon manat mükafat ayırmışdı. Yeri gəlmişkən, həmi voleybol yarışının super turniri Bakı, Masallı, Cəlilabad yığma komandaları arasında keçirilmişdir.
    Rafiq müəllim deyirdi:
    “İdmanın inkişafi məktəbdən başlayır. Əfsus ki, bir neçə məktəb istisna olmaqla şagirdlərin idman məktəblərinə cəlb olunması aşağı səviyyədədir...”
    ...Hansı vəzifədə çalışmasında asılı olmayaraq, hətta təqaüdə çıxandan sonra Rafiq müəllim  rayonda voleybolun inkişafına çalışırdı, yeni-yeni istedadlı, bacarıqlı   idmançıların yetidirilməsi qayğısı ilə yaşıyırdı.
    Rafiq müəllimin arzusu:
    “Çox istərdim ki, rayonun kəndlərində müasir tələblərə cavab verən voleybol meydançaları inşa olunsun! İdmançılar idman geyimi, lazımı ləvazımatlarla təmin olunsunlar.
    Rafiq müəllimin danışdığı məzəli əhvalatlardan:
    Deyirdi ki, qonşu rayonda müəllim işləyəndə həmişə 2-3 komanda arasında maraqlı yarışlar keçirərdik. İş elə gətirdi ki, bizim komandanın oyunçularından birini Əlisgəndər adında müəllim dilə tutub öz komandasına çəkib apardı. Amma  biz yenə qələbə qazananda Əlisgəndər müəllim üzünü həmin oyunçuya tutub dedi:
    -Aya, Zəbulla, səni komandama niyə götürmüşəm?
    Zəbulla da cavab veri ki, “cığallıq etmək üçün...”
    Əlisgəndər müəllim: “Ə, bə  niyə eləmirsən?” deyəndə meydançadakıların hamısını gülmək tutdu...
    Rafiq müəllim  aza qane olan insan idi.
    Bir dəfə  Masallı şəhərinin meri işləyəndə İH başçısı  Rafiq müəllimdən soruşur ki, işləriniz necədir, bir şey qazana bilirsiniz? Rafiq müəllim də cavab verir ki, Sizin paklıq siyasətinizə əməl edirik və maaşla qane oluruq...
    Rafiq müəllimin mer işləməsi çoxuna sərf etmirdi. Məsələn. ona deyəndə ki, filan ərazi  mağaza tikilmək üçün filankəsə verilsin, o, etiraz edərdi.
    1995-ci ilin deputat seçkilərində mən  İH aparatında işləsəm də  yuxarının “siyahısında” olan namizədi deyil,  tanıdığım müstəqil namizədi müdafiə edirdim. O da idmançı idi, “Viləş” futbol komandasının kapitanı olmuşdu. Seçkilərdə çoxlu səs topladığına görə həmin dairənin nəticələri ləğv olundu. Bu, mənim “seçki oyununda” ilk və son iştirakım oldu... Rafiq müəllim mənə qarşı nahaq hucumları görüb, ərizəmi yazıb işdən çıxmağı məsləhət bildi. Dedi ki, belə  getsə, elə mən də işdən gedəcəm... Elə sözünün üstündə də durdu.
    ...Bakıya köçəndən sonra mənimlə həmişə maraqlanardı, arada görüşüb söhbətləşərdik. Rafiq müəllim respublikanın əməkdar məşqçisi, fəxri bədən tərbiyəsi və idman işçısi, Azərbaycan Voleybol Federasiyasının (AVF) Rəyasət heyətinin üzvü, respublika  və ümumittifaq dərəcəli hakim idi. 2001-2006-cı illərdə onun rəhbərlik etdiyi  Masallının gənclərdən ibarət voleybol komandası 6 dəfə respublika çempionu, Təhsil Nazirliyinin keçirdiyi voleybol yarışlarının qalibi olmuş, respublikanın yüksək liqasında II və III yerlərə, Azərbaycan kubok oyunlarında III yerə layiq görülmüş, uzun illər AVF-nın çempionatlarında inspektor kimi çalışmışdır. 2001-ci ildən AVF-nın rəyasət heyətinin üzvü, 1975-ci ildə respublika dərəcəli, 1981-ci ildə Ümumittifaq dərəcəli hakim, 2004-cü ildə respublikanın Əməkdar məşqçisi, 2013-cü ildə Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçısi adına, 2011-ci ildə AVF-nın xüsusi mükafatına layiq görülmüşdür. Rafiq müəllim ürəyi daim doğulduğu el-oba  üçün yanan, vətənini, doğma Masallını qəlbən sevən İNSAN idi.
    ...Həyatda elə insanlar var ki, insan bəzən onun itkisi ilə barışa bilmir. Dünən Rafiq müəllimin 3 mərasimində hamımız həyatını onun kimi  idmana bağlamış qardaşı Yaqub bəyə və Rəfiq müəllimin övladlarına başsağlığı verib, səbr dilədik!.. Axı, şərəfli bir ömür yolu keçmiş Rafiq müəllimin itkisi  bir ailənin, yaxın dostlarının deyil, bir elin, Masallı və Azərbaycan idman ictimaiyyətinin itkisidir. Allahdan ruhuna min rəhmət diləyirəm!
    Ruhuna hörmət və ehtiramla!
    Nurəddin ƏDİLOĞLU.
    17.10.23.
    PAYLAŞ:

    Oxşar xəbərlər