Tanınmış Masallı xanımları

Tanınmış Masallı xanımları
  • Masallı / Cəmiyyət / Araşdırma

  • Tariximizin və mədəniyyətimizin parlaq səhifələri məhz qadınlarımızın adı ilə bağlıdır. Vətənimizin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər arasında Masallıdan olan xanımlar da az deyil.

    Statistik məlumat
    Dövlət Statistika Komitəsinin Masallı Rayon Statistika İdarəsindən Asiya.az-a verdiyi məlumata əsasən 2024-cü ilin əvvəlinə Masallı rayonunun əhalisinin ümumi sayının 49,6 faizini qadınlar təşkil edib. Ötən ildə doğulan 2559 körpədən 45,6 faizi qız uşaqları olmuşdur.
    Rayonun ümumi təhsil müəssisələrində müəllimlərin 66,4 faizi, orta ixtisas təhsil müəssisələrində 52,3 faizi qadınlardır. Ümumi təhsil müəssisələrində təhsilalanların 46,3 faizini, orta ixtisas təhsili müəssisələrində isə tələbələrinin 61,0 qızlar təşkil edir.
    Qadınlar rayonun sosial-iqtisadi həyatında fəal iştirak edir və onların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 36,2 faiz təşkil edir. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 10,3 faizdir.


    8 Mart – Beynəlxalq Qadınlar Günündə Masallının ölkə miqyasında tanınan xanımlarını təqdim edirik:

    Masallı xanımları pedaqoqdur

    Məryəm Bayraməlibəyova
    Pedaqoq, Cənub bölgəsində ilk qadın Xeyriyyə cəmiyyətinin təşkilatçısı, "Ünas" (qızlar) məktəbinin müdiri, 1919–1920-ci illərdə Lənkəran qızlar gimnaziyasının inspektoru, 1920–21-ci illərdə savadsızlığın ləğv olunması üzrə ilk qadın kurslarının təşkilatçılarından biri olan Bayraməlibəyova Məryəm Teymur bəy qızı 1898-ci ildə anadan olub. Onun atası Masallının Yeddioymaq kəndindən olan tarixçi-etnoqraf, pedaqoq, maaarifçi, folklorşünas alim Teymur bəy Bayraməlibəyovdur.

    Masallı xanımları qəhrəmanlar yetişdirir
    Ziba Əsgərova
    Masallı rayonunun Viləş kəndindən olan 1969-cu il təvəllüdlü Ziba Oğln qızı Əsgərova 2016-cı ilin Aprel döyüşləri şəhidi Nurlan Əsgərli və İkinci Qarabağ müharibəsində şəhidlik məqamına yüksələn Vətən Müharibəsi Qəhrəmanı İntiqam əsgərlinin anasıdır.

    Masallı xanımlarıı deputatdır, səfirdir
    Elmira Axundova
    Əslən Masallı rayonunun Mollaoba kəndindən olan Elmira Hüseyn qızı Axundova 1953-cü ildə dünyaya göz açıb. Azərbaycan Respublikasının Xalq yazıçısı, Əməkdar jurnalist, nasir, publisist, tərcüməçi, ədəbiyyatşünas, filologiya elmləri namizədi, Azərbaycan Respublikası Milli Məclisinin deputatı (2005 - 2015) deputatı, Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri (2020–2023) olmuşdur.  2-ci dərəcəli "Vətənə xidmətə görə" və “Şöhrət” ordenləri ilə təltif edilib.

    Masallı xanımları alimdir
    Rəsmiyyə Sabir
    İqtisad Elmləri doktoru, professor, şair Rəsmiyyə Sabir qızı Əşrəfova 1973-cü ildə Ərkivan qəsəbəsinin Miyondi məhəlləsində anadan olub. Çağdaş Azərbaycan poeziyasının öndə gələn isimlərindən olan Rəsmiyyə xanımın 100+dən çox şeirinə mahnı bəstələnib. O, “Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyi”nin sədridir.

    Masallı xanımları xeyirxahdır
    Arzu Bağırova
    Masallı rayonun Bədalan kəndindən olan ictimai xadim, iş adamı, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri, “Gözəl Yaşam” Mərkəzinin təsisçisi Arzu Zakir qızı Bağırova 1980-ci ildə dünyaya göz açıb. Müxtəlif mövzularda maarifləndirmə ilə bağlı bir çox sosial tədbirlərin təşkilatçısı, layihə rəhbəridir. Bir çox sosial-iqtisadi, mədəniyyət yönümlü aksiyaların, tədbirlərin təşkilatçısı və sponsoru olub.

    Masallı xanımları istedadlıdır
    Lalə Məmmədova
    Müğənni, pedaqoq, Azərbaycan Respublikasının Əməkdar artisti, Filologiya üzrə fəlsəfə doktoru Lalə Nadir qızı Məmmədova 1978-ci ildə dünyaya göz açıb. Onun atası Ərkivan qəsəbəsinin Ramazanlı məhəlləsindən olan Azərbaycan Respublikasında toponimika sahəsində ilk elmlər doktoru, toponimika fənni üzrə ilk dərsliyin müəllifi professor Nadir Məmmədovdur. 

    Masallı xanımları işgüzardır
    Cəlalə Nəzəroğlu
    Diksiya Akademiyasının qurucusu, tanınmış jurnalist, aparıcı Cəlalə Natiq qızı Nəzəroğlu 1984-cü ildə Masallı rayonunun  Xırmandalı kəndində anadan olub. Müxtəlif illərdə Xəzər TV-də "Xəzər Xəbər"in aparıcısı və bölgə xəbərlərinin məsul redaktor, İnterAz TV-nin "Xəbərlər" departamentinin rəhbəri, ANS televiziyasında səhər departamentinin rəhbəri və "Salam, Azərbaycan" proqramının aparıcısı kimi fəaliyyət göstərib. 2019-cu ildə "Libraff" mağazalar şəbəkəsinin direktoru olub. 

    Baxın, budur Masallının fədakar qadınları. Tarix boyu öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasında və yaşadılmasında müstəsna xidmətlər göstərən zərif qadınlar, bayramınız mübarək!

    //Asiya.az 
    PAYLAŞ:

    Oxşar xəbərlər