Masallıda "Aqrar biznes festivalı" keçirilib - FOTOLAR

Masallıda "Aqrar biznes festivalı" keçirilib - FOTOLAR
  • Masallı / Araşdırma / Sosial

  • Masallı rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə "Aqrar biznes festivalı" keçirilib. 

    Asiya.az xəbər verir ki, “ASAN xidmət” mərkəzində keçirilən festivalda fermerləri maraqlandıran müxtəlif kənd təsərrüfatı təyinatlı texnologiyalar və məhsullar nümayiş olunub.

    "Aqrar biznes festivalı" Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar və Neftçala rayonlarından olan fermerlər tərəfindən ziyarət olunub.

    İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun, İstehlak Mallarının Ekspertizası Mərkəzinin və Sahibkarlar Konfederasiyasının tərəfdaşlığı ilə baş tutan festivalda müxtəlif qurumların mütəxəssisləri dövlət və özəl sektorun əməkdaşlığı çərçivəsində fermer və sahibkarlara göstərilən dəstək barədə məlumat veriblər.

    Festivalda çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov geniş nitqində fermerlərin maarifləndirilməsi istiqamətində rayonda keçirilən bu cür tədbirlərin əhəmiyyətli olduğunu və aqrar sahəyə öz töhfəsini verəcəyini vurğulayıb.
     
    Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Məşhur Məmmədov çıxışında bildirib ki, bu gün ölkəmizdə kənd təsərrüfatının inkişafı istiqamətində olduqca münbit bir şərait yaradılıb. Fermerlərə dövlət tərəfindən hərtərəfli qayğı və dəstək göstərilir. Hazırda ölkə əhalisinin bir çox ərzaq məhsullarına olan tələbatı yerli istehsal hesabına təmin edilir. Azərbaycanda qeyri-neft sektorunun aparıcı istiqamətlərindən olan aqrar sahə uğurla inkişaf edir.

    Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov fermerlərin aqrar innovasiyalara və maliyyə mənbələrinə çıxışını əlçatan edən bu festivallarda əməkdaşlıq imkanlarının geniş olduğunu vurğulayıb.

    Tədbirdə daha sonra Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası sədri Səkinə Babayeva, Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova və başqaları çıxış edərək bu sahədə olan yeniliklərlə tanış olmaq, istehsalçılarla birbaşa əlaqə qurmaq, təcrübə mübadiləsi aparmaq imkanı baxımından bölgələrdə keçirilən bu tədbirlərin fermerlər, eyni zamanda sahibkarlar üçün  əhəmiyyətli olduğunu qeyd ediblər.
    Tədbir şən musiqi sədaları altında davam etdirilib.



















    PAYLAŞ:

    Oxşar xəbərlər