"Bizi Mamedin ruhu barışdırdı..."

"Bizi Mamedin ruhu barışdırdı..."
  • Masallı / Cəmiyyət / Manşet

  • Bu gün Masallı Mamedin vəfatının 13-cü ildönümüdür.


    MAMEDİN DOSTU

                                        

    ...Bəzən uzun müddət küsülu olduğun adamla səni ətrafındakı insanlar deyil, axirət dünyasına köçənlər barışdırır. Məni də Rafiqlə Masallı Mamedin ruhu barışdırmışdı... 

      Masallıda  adına gah “Təzə bazar”, gah da “Xan Çinar” deyilən ticarət mərkəzinin sahibi mərhum Rafiq Səmədov özü də “Ququş”, “Bazar Rafiq” ləqəbləri ilə yanaşı, həm də “MASALLI MAMEDİN DOSTU” kimi tanınırdı. 

    Xaraktercə sərt olan, sözünü kəsədən deyən Rafiqlə aramızdakı soyuqluğa baş redaktoru olduğum “Masallı” qəzeti “səbəb” olmuşdu. Rafiqin gözünə girmək  istəyən “söz bazarkomları”  qəzetdə əməkdar jurnalist Vasif Səmədov barədə dərc olunan təbrikini də Rafiqə tənqid kimi yozmuşdular. Vasif bəyin deputatlığa namizədliyi irəli sürüləndə “Masallı” qəzeti ona qarşı əks-təbliğat aparmaqda günahlandırıldı. Çox sonralar Bakıda Vasif bəyin şəkili dərc olunmuş həmin qəzeti Rafiqə göstərəndə özü də etiraf etdi ki, o vaxt ona yalnış məlumat veriblər. Uzun sözün qısası, 11 ildən sonra Mamedin yas mərasimində barışdıq. Düzü, ondan ilk barışıq addımını atacağını heç gözləmirdim.


    DOST AĞRISI


    Masallı Mamedin 40 mərasimində məzarı üstündə çıxışım və rus şairi Aleksandr Fomenkova söz verməyim Rafiq Səmədovun çox xoşuna gəlmişdi. Mamed haqqında kitab yazdığımı biləndə Bakıda görüşməyi qərara aldıq. Biz dəfələrlə görüşdük. Hər dəfə də o, mənə Mamedlə müxtəlif illərdə, müxtəlif yerlərdə çəkilmiş şəkillərini gətirərdi. Dostu barədə xatirələrini dilə gətirmək isə ona çox ağır gəlirdi. Günlərin bir günü dedim, ay Rafiq, kitab bu gün-sabah çıxacaq, amma sən bir xatirə danışmadın axı.

    “– Biz Mamedlə uşaqlıq çağlarından dost olmuşuq... – deyə Rafiq siqaretinə dərin qüllab vurub ağır-ağır həm də qeyri-adi gur qaltanlı səs tembri ilə söhbətə başladı, – aramızda yaş fərqi olsa da günümüzün çoxu bir yerdə keçib. Həyat hər ikimizi gənc yaşlarımızdan sınağa çəkdi. Hər ikimiz məhbusluq həyatı yaşadıq. Təmənnasız qardaşlıq münasibətimiz vardı. Mamedi tanıyanların 70-80 faizi ona daşıdığı titula görə deyil, öz adına, şəxsiyyətinə, ləyaqətinə görə hörmət edirdi. Əgər “qanuni oğru” olmasaydı belə, Mamed elə öz adıyla tanınacaqdı. Çox adam ondan söz düşəndə mənə deyirdi ki, biz Mamedlə danışanda, nədənsə özümüzü sərbəst hiss edirik. Belə sərbəstliyi hamı üçün Mamed özü yaradırdı. “Oğru” adını ona hələ səksəninci illərdə təklif eləmişdilər. İmtina etmişdi. Mənə deyirdi: “Rafiq, mənim bir adım var, onu da atam İsgəndər mənə verib!” O, həmişə deyirdi “dövlətin dövlətçiliyi olmalıdır; polis də, məhkəmə də cəmiyyətə hava kimi, su kimi lazımdır.” Mamed güzəşt etməyi, bağışlamağı bacarırdı. Heç kəsi sındırmırdı, insanı yaşadırdı, yaşamağa ruhlandırırdı. Sözlərində həyatın hər üzünü görmüş müdrik şəxsin məntiqi vardı. Mamed sözün gücüylə haqqı qoruyurdu...”

    Rafiq növbəti dəfə siqaretini yandırdı. Tüstüsünü ciyərinə çəkdi. Mənə elə gəldi o, siqaret çəkmirdi, dost ağrısı çəkirdi. Bu ağrı  getdikcə qəlbində sağalmayan bir yaraya çevrilirdi. Amma özünəxas qəribə təbəssümü, təkəbbür yağan baxışları və gümrah səsi ilə sanki o, içindəki dost itkisinin göynərtisinə tab gətirməyə çalışırdı.


    "Mamed sadə adam idi”

    Rafiq sözünə davam edib dedi: “Bir dəfə Pakistandan Bakıya qonaqlarım gəlmişdi. Apardım Masallıya. Mamedin də Masallıda olduğunu bilirdim. Bizim həyətdə məclis qurduq. Mamed tərcüməçıi vasitəsi ilə qonaqlarla ünsiyyət yaratdı. Və üzünü mənə tutub dedi ki, Rafiq, Allah bilir, bu qonaqlara Masallıya gəlmək bir də nə zaman qismət olacaq. Gəl, onları Masallının İstisuyuna, Şəlalə tərəfə aparaq. Qoy görsünlər ki, dünyada necə yerlər var. Vətənlərinə qayıdanda da danışmağa təəssüratları olsun. Dediyi sözlər elə bil beynimə yazılırdı. Dedim ki, düz deyirsən, gedək. Təbiətin qoynunda Mamed qonaqlara ürəkgenişliyi ilə elə nəvaziş göstərdi ki, mən onu tanısam da, sadəliyinə heyran qaldım. Süfrəyə gələn nemətlərdən əvvəlcə qonaqların boşqabına çəkirdi, sonra isə öz qabına...


    “Seyid Sadıq ağa kimi…”

      -İnanın ki, o pul tanımırdı. Ay bu, yevrodur, bu, manatdır, bu, dollardır!.. Əlinə düşəni xırda-paranı da eynən Seyid Sadıq ağa kimi kasıb-küsuba paylardı...

    Son günlərəcən onun şəhərdə evi yox idi, kiminsə, tutalım ona bağışladığını o da səxavətlə ehtiyacı olana bağışlamışdı. Günlərin bir günü mən dayısı, qardaşı ilə qərara gəldik ki, ona ikiotaqlı bir mənzil alaq. Yeni binaların tikintisi ilə məşğul olan bir tanışım mənə görə xeyli güzəşt elədi. Dedim, qardaş sən mənə güzəşt elədin, çox sağ ol, amma bu evi mən filankəs üçün alıram. Dedi onun adına da filan qədər güzəşt edirəm. Kəsə, evi alıb Mamedin anasının adına sənədləşdirdik ki, bu dəfə onu heç kimə hədiyyə etməsin! Mamed həbsxanada olanda təmir işləri başa çatmışdı... Deyirdik, inşallah çıxar, sağ-salamat oturar evində... Taleyin işinə bax, sən demə, təzə mənzilində yaşamaq ona qismət olmayacaqmış...


    “Ölümündən bir gün əvvəl…”

    “Demək olar ki, hər iki gündən bir ona baş çəkərdim. Onunla görüşəndə aramızda vaxtla bağlı söhbət olmazdı, yəni istədiyim vaxt durub işimə-gücümə gedərdim. Axırıncı dəfə (ölümündən bir gün əvvəl) iki tanışımla getdim ona baş çəkməyə. Dedik, güldük, ordan-burdan danışdıq, bir xeyli vaxtdan sonra dedim, Mamed, bizim Füzulinin atası rəhmətə gedib, mən gərək mütləq bu gün hüzr yerində olam. Dedi:

    – Bir saat da otur, sonra gedərsən!

    Mən onu tanıyandan ömrümdə ilk dəfə idi ki, belə söz deyirdi. Hava qaralırdı. Yenə dedim, qədeş, qoy mən gedim də...

    Dedi, bir yarım saat da otur, sonra get!

    O gün o, sanki məndən ayrılmaq istəmirdi... Bu çağacan mənim iki doğma qardaşım vəfat edib. Mən Mamedin şəxsində daha bir əziz qardaşımı itirdim.”


    “Mamed əbədi rəhmətlik qazandı”

    “Masallı şəhər qəbiristanlığının darısqallığından hamının xəbəri vardı. Demək olar ki, son illər burada ölü dəfn etməyə bir məzarlıq yer qalmamışdı. Elə adam vardı təzə ölüsünü köhnə qəbirlərdə dəfn edirdi.

    ...Qəbiristanlığın ərazisinin genişləndirilməsinin savabı da Mamedin adına yazıldı. Bu da Allahın ona bir lütfüdür. O, əbədi rəhmətlik qazandı. Sağ olsun ki, rayon rəhbəri qəbiristanlığın ərazisini genişləndirmək təklifimə çox səmimi münasibət bildirdi. Bundan sonra 30-40, bəlkə 50 il də təzə məzarlara yer olacaq...

    Mamed kimi dostu, qardaşı vaxtsız itirmək adama əzab verir. Allah Memed qardaşımıza rəhmət eləsin!”


    P.S: Rafiq Səmədov söhbətini bitirib dedi: “Qardaş, çox istərdim Mamed haqqında kitabın heç olmasa 50-100 nüxsəsi kiril əlifbası ilə çap olunsun!” Soruşdum ki, niyə?” Dedi ki, uzun müddətə azadlıqdan məhrum edilən məhbus dostlarımız var ki, yalnız krill əlifbası ilə nəşr olunan kitabları oxuyurlar. Mamedin il mərasimi ərəfəsində işıq üzü görən kitabın həmin nüsxələrini Rafiq həbsxanalarda ziyarətinə getdiyi dost-tanışlarına payladı… Yeddi il əvvəl Rafiq Səmədov Bakıdakı “Madera” xəstəxanasında dünyasını dəyişdi. Dostu Mamedin uyuduğu Masallı şəhər qəbiristanlığında dəfn olundu... 


    Allah hər ikisinə rəhmət eləsin. Ruhları şad olsun!                                 AzərNUR.

     


    PAYLAŞ:

    Oxşar xəbərlər