Aprel döyüşlərinin qəhrəmanı

Aprel döyüşlərinin qəhrəmanı
  • Masallı / Cəmiyyət / Manşet

  • Sovet dövlətinin süqutu ərəfəsində Ermənistan  və xaricdəki havadarları Qarabağı Azərbaycandan qoparmaq üçün öz məkrli planlarını işə saldılar. Nəticədə Qarabağ və ətraf  rayonlar erməni hərbi birləşmələri tərəfindən işğal olundu, yüz minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin düşdü. Dünyanın nüfuzlu dövlətlərindən və təşkilatlarından ədalət istədik, beynəlxalq hüququn normalarına riayət olunmasını və işğalçının Azərbaycan torpaqlarından danışıqsız çıxmasına kömək etməsini xahiş etdik.Amma bu dövlətlər bizə  tövsiyə etdilər ki, işğalla barışın və razılığa gəlin. Düşmən də bizi yeni torpaqların işğalı ilə hədələyirdi.
         
    Ağır illərimiz idi. Bəzilərinə elə gəlirdi ki, yəqin biz bir daha mədəniyyətimizin beşiyi Şuşaya ayaq basa bilməyəcək və Qarabağa həsrət qalacağıq. Amma çoxları ümummilli lider Heydər Əliyevin : ”Azərbaycan öz tarixi torpaqlarını düşməndən azad edəcək, buna heç kimin şübhəsi olmasın” fikrinə və 2003-cü ilin oktyabrında Heydər Əliyevin  xalqa müraciətində : ”Mən ona özüm qədər inanıram” kəlamına böyük ümid bəsləyirdi.
       
    …2016-cı ilin martına qədər illərimiz belə keçdi. Həmin ilin Novruz bayramını da bayram kimi qeyd edə bilmədik. Aprelin ilk günlərində Azərbaycanın qəhrəman əsgəri Müzəffər  Ali Baş Komandanın əmrini yerinə yetirmək üçün illərlə gözlədiyi əmri aldı: ”Əsgər, Vətəni azad etməyin zamanı çatdı. İrəli”!
       
    …Masallının böyük kəndlərindən olan  Viləşdə zəhmətkeş  Əsgərlilər ailəsi yaşayır.Ailəyə Bayram kişi və həyat yoldaşı, analar anası Ziba xanım rəhbərlik edir. Ailədə  iki oğlan uşağı böyüyürdu.İntiqam və Nurlan. Hər ikisi hərbçi olmaq istəyirdi.Anaları Ziba övladlarını Vətənə məhəbbət ruhunda böyüdə bilmişdi. Övladları Türkiyə Cümhuriyyətində mükəmməl hərbi təhsil almış və cəbhə bölgəsində hərbi xidmətdə idilər. Aprel döyüşlərində hər iki qardaş xüsusi təyinatlı kimi mümkün olan hər şeyi etdilər. Azərbaycan əsgəri ilk dəfə düşmənin məğlubedilməzliyi haqqında əfsanəni darmadağın etdi, onu geri çəkilməyə məcbur etdi. Aprel döyüşlərində böyük qəhrəmanıq göstərən Nurlan şəhid oldu. Ziba Ana bu ölümü mərdi-mərdanə qarşıladı. Əyilmədi, sınmadı. Minlərlə anaya nümunə oldu.

    Aprel döyüşlərindən sonra bir daha xalqımız əmin oldu ki, Qarabağ düşməndən azad olunacaq.Həm də ədalətsiz dünya tərəfindən yox, Ali Baş Komandan başda olmaqla qəhrəman Azərbaycan əsgəri tərəfindən bu tarix gerçəkləşəcək.Belə də oldu.

    2016-cı ilin aprelin 5-də Nurlan şəhid olanda  İntiqam qardaşının qanını yerdə qoymayacağına and içdi. 2020-ci ilin 44 günlük Vətən Müharibəsində İntiqam həqiqətən qardaş intiqamını aldı. Cəbrayıl, Hadrut və Kəlbəcərdə böyük qəhrəmanlıq göstərdi.Noyabrın 9-da düşmən danışıqsız təslim olan gün Şuşada şəhid oldu. Bu gün Şuşanı ziyarət edən hər birimiz həm Şuşanı, həm də Şuşanın qəhrəmanı İntiqam Əsgərlini  ziyarət edirik. Ali Baş Komandanın sərəncamı ilə İntiqam Əsgərli “Vətən Müharibəsi Qəhrəmanı” medalı ilə təltif olundu.
     
    Hər iki qardaş Viləş kənd qəbristanlığında uyuyur. Övladlarını Vətənə məhəbbət ruhunda tərbiyə edən Ziba xanım və Bayram kişi dövlət qayğısı ilə əhatə olunub. İki qəhrəman yetirən bu ev əsl ziyarətgaha çevrilib. Dünənə qədər İntiqam və Nurlan Ziba xanım və Bayram kişinin övladları idi, indi isə bütün Azərbaycan bu igid şəhidlərimizi tanıyır və ruhlarına dualar edir.
         
    Əziz Ziba xanım, bu gün Nurlanın şəhid olan günüdür. Başınız sağ olsun. Allahdan Sizə səbr diləyirəm. İnanıram ki, İntiqam və Nurlanın qəhrəmanığı heç vaxt unudulmayacaq və onların xatirəsi qədirbilən xalqımız tərəfindən həmişə yad ediləcəkdir.
    Anar İsgəndərov,
    Milli Məclisin deputatı,
    Tarix elmləri doktoru, professor
    PAYLAŞ:

    Oxşar xəbərlər