Qalib ölkənin Qurban bayramı

Qalib ölkənin Qurban bayramı
  • Manşet / Siyasət

  • Hər il milyonlarla müsəlman qurban bayramını qeyd edir. Qurban sözünün ərəb dilindən tərcüməsi Allaha yaxın olmaq üçün vəsilə mənasını verir.

    ...İlk dəfə Həcc ziyarətində   ucu-bucağı görünməyən insan selinin canlı şahidi oldum. Gördüklərimi qələmə almaqda bu gün də  çətinlik çəkirəm. Həcc ziyarəti həyatımın  unudulmayan günləri kimi tarixə düşdü. Ziyarət günlərində özümə sual verirdim: Milyonlarla  insanı bu səhralıqda  birləşdirən hansı gücdür? Bu insan seli bir-birinin dilini başa düşmür, amma bir-birini əl işarələri ilə başa salır, bir-birinə kömək əli uzatmaqdan zövq alır. Heç kim çətinlikdən şikayət etmir, hamı çalışır ki, Həcc əməllərini olduğu kimi yerinə yetirsin. 
       
    1999-cu ildə  Həcc ziyarətində bir indoneziyalı zəvvarın dediyini  unuda bilmirəm: Həyatımda yalan danışmamışam. Həcc ziyarətindən sonra da dilimə yalan gələ bilməz.
    Qurban Həcc ziyarətinin vacib əməlidir. Həcc ziyarətini yerinə yetirənlər zilhiccə ayının 10-da Mina vadisində Qurban kəsməlidirlər.

    Qurban kəsmə mərasiminin icra edildiyi gün İslam dünyasında böyük bayram kimi qeyd edilir. Qurban bayramı dini mətnlərdə “eydəl-əzha”kimi xatırlanır.
    Qurban  kəsmək hər şeydən əvvəl, insanın öz nəfsi üzərində qələbəsi günüdür. Ata (İbrahim Peyğəmbər (ə) öz doğma oğlunu (İsmaili (ə) nə qədər dərin məhəbbətlə sevsə də Allahdan əmr aldığı üçün, onu qurban kəsməyə razı oldu. Ana (Hacər) Allahın tapşırığına tabe olub oğlunun qurban kəsilməsi ilə razılaşdı. Övlad (İsmail(ə)) tam razılıq və könüllü şəkildə ölüm şərbətini içməyə hazırlaşdı. Bu hadisə insan iradəsinin nümayişi günü, imanın nəfs üzərində qələbəsi  günüdür.
    Qurban bayramının insan həyatına təsir edən faydaları haqqında danışmağa dəyər. İslam dininin başqa bayramlarında olduğu kimi, Qurban bayramında da insanlar bir-birinin evinə qonaq gedir, mehribançılıq yaradırlar. Həmin gün küsülülər barışır, bir-birindən uzaq düşənlər bir-birini görməyə can atırlar. Bayram qurbanı kəsənlər ehtiyacı olan insanlara ətdən pay verirlər. Bununla da imkanlılar ehtiyacı olanların, heç olmasa, bir günlük ehtiyacını ödəmiş olurlar.

    Qurban bayramı günü ən yaxşı əməl  Allah yolunda heyvan kəsmək, ata-anaya mehribanlıq göstətərmək, uzaq düşmüş qohumların görüşünə getmək, qurbanlıq ətindən ehtiyacı olanlara pay verməkdir. İmam Əli ibn Talib(ə) Allah yolunda qurban kəsməyin savabını bu şəkildə bəyan etmişdir: ”Əgər insanlar bilsəydilər ki, qurban günü heyvan kəsməyin bu qədər savabı var, borca qurban alıb kəsərdilər.”
    Qurban, qurban bayramının ilk üç günündə, yəni zilhiccənin 10, 11, 12-ci günlərində, bayram namazından sonra, bayramın üçüncü gününün axşamına qədər kəsilə bilər. Qurbanın bayramın birinci günü kəsilməsi daha fəzilətli sayılır. 

    Qurbanların gündüz kəsilməsi daha üstündür, amma təhlükə yaradan bir maneə olmadıqda gecə də kəsilə bilər. 
    Qurbanlıq ət üç hissəyə bölünür. Qurban  kəsən ətin bir hissəsini  özünə, ailəsinə, ikinci hissəsini qohumlarına, qonşularına götürməli, üçüncü hissəsini isə mütləq ehtiyacı olan insanlara paylamalıdır. Qurban kəsən ətin hamısını ehtiyacı olanlara paylaya bilər, bunun savabı daha çoxdur.
         
    7-ci əsrdə İslam Azərbaycanda hakim dinə çevrildi. Azərbaycan ərazisində mövcud olan dövlətlərin idarəçiliyində şəriət qaydalarına xüsusi önəm verilirdi.Hətta müstəqil Azərbaycan xanlıqlarının çar Rusiyası tərəfindən işğal olunmasına baxmayaraq, xalq islami dəyərlərini,o cümlədən Qurban, Orucluq və Novruz  bayramlarını qeyd edirdilər. Sovet dönəminin İslam dini ilə bağlı bir çox qadağalarına baxmayaraq, Qurban bayramı heç vaxt açıq şəkildə təqibə məruz qalmamışdır.

    Azərbaycan  dövlət müstəqilliyinə yenidən qovuşduqdan sonra din-dövlət münasibətləri qanunla təmzimləndi. Dövlət öz vətəndaşının dini inanclarına böyük ehtiram göstərməklə onun
    dini etiqad azadlığını təmin etdi.
    30 ildən çoxdur  ki, müstəqil Azərbaycanın vətəndaşı dövlət qayğısı görməklə müqəddəs Həcc ziyarətinə gedir, xalqı üçün, dövləti üçün dualar edir, qurbanlarını kəsir. Azərbaycanın bütün bölgələrində   Qurban bayramı böyük coşqu ilə həyata keçirilir.   
         
    44 günlük Vətən Müharibəsində düşməni darmadağın edənə qədər  Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, Qarabağda üç rəngli bayrağımızın yenidən dalğalanması üçün nə qədər boyun aldığımız qurbanlarımız var idi? Bu qurbanların müstəcəb olması üçün daha çox birləşdik və illərlə arzusunda olduğumuz qələbəyə nail olduq. 44 günlük müharibə və müharibədən sonra bütün Azərbaycan xalqı şəhid ailələri və qazilərimizin yanındadır, imkanlı insanlarımız  səxavət əlini qonşusuna uzatmağı özünə şərəf bilir. 
                   
    2020-ci ilin sentyabrında minlərlə gəncimiz düşməndən qisas almaq üçün könüllü ordu sıralarına yazıldı. Allahın köməyi ilə düşməndən azad etdiyimiz torpaqlarımızdakı  məscidlərdə müqəddəs Quran oxunur, üç rəngli bayrağımız qürurla dalğalanır.
       
    2023-cü ilin antirerror əməliyyatı nətizəsində separatçı yuvası dağıdıldı, yarandığı gündən Azərbaycan xalqına düşmən kəsilən Muxtar qurum tarixdən silindi, Azərbaycan öz suverenliyini  bərpa etdi.

    Bu arzu və istəklə üzümü Sizlərə tutub deyirəm: Bayramınız mübarək. Allahdan hər il bayramımızı əmin-amanlıq şəraitində və  rahatlıqla keçirməyi Sizin hər birinizə  arzu edirəm. Amin.
    Qurban bayramınız mübarək!
    PAYLAŞ:

    Oxşar xəbərlər