Masallıdan olan qız Bakıda orta məktəbi qızıl medalla bitirdi

Masallıdan olan qız Bakıda orta məktəbi qızıl medalla bitirdi
  • Manşet / Cəmiyyət

  • "Bu gün qızımın qızıl medalı və qızıl attestatı məktəb rəhbərliyi tərəfindən təqdim olunub. Çox qürurverici hisslərdir."

    Bu sözləri tanınmış həkim İlqar Əliyev öz sosial hesabında paylaşıb. 
    İlqar həkim Masallı rayonunun Ərkivan qəsəbəsi, Bədirli məhəlləsindəndir. Uzun müddətdir Bakı şəhərində stomatoloq kimi fəaliyyət göstərir. 

    Asiya.az xəbər verir ki, Əliyeva Zəhra İlqar qızı 2006-cı ildə Sumqayıt şəhərində anadan olub. 2013-cü ildə Bakı şəhər Nərimanov rayonu 207 saylı tam orta məktəbin rus bölməsinin 1-ci sinfinə gedib. 2015-ci ildən isə təhsilini Binəqədi rayonu 276 saylı tam orta məktəbdə davam etdirib. 

    Zəhra kiçik yaşlarından musiqiyə olan marağı, rəsm çəkmək qabiliyyəti ilə yaşıdlarından fərqlənib. Bu istedadıyla o bir neçə dəfə həm ölkədaxili, həm də beynəlxalq musiqi və rəsm müsabiqələrində uğurla iştirak edib, çəkdiyi rəsmlərdən ibarət fərdi sərgisi təşkil olunub. 2020-ci ildə Qazaxıstan, Rusiya, Moldova, İtaliya və digər ölkələrin də iştirak etdiyi "Üç alov" uşaq və gənclərin beynəlxalq folklor, klassika və müasir yaradıcılıq müsabiqəsinin diplomantı olub.

    Rus dilində təhsil almasına baxmayaraq Zəhra doğma Azərbaycan dilinin layiqli daşıyıcısıdır. Kiçik yaşlarından yazdığı şeir və publisistik məqalələrlə müxtəlif mətbu orqanlarda mütəmadi çıxış etməyə başlayıb. İlk dəfə 2018-ci ildə, yəni 5-ci sinifdə oxuyarkən onun ümummilli liderimiz Heydər Əliyev dühasına həsr etdiyi "Böyük rəhbərin yolu ilə" məqaləsi Yeni Azərbaycan Partiyasının mətbu orqanı olan "Yeni Azərbaycan" qəzetində, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) təsis etdiyi "İki sahil" qəzetində dərc olunub. Bundan sonra o mütəmadi olaraq vətənpərvərlik mövzusundakı yazıları və şeirləri ilə həm adıçəkilən, həm də  "525-ci qəzet", "Azərbaycan müəllimi", "Savalan" qəzetlərində, Gənc Yazarlar Ədəbiyyatı, Manera.az,  Modern.az, Türküstan, Araz xəbər, SİA və s. kimi saytlarda çıxış edib.

    Bununla yanaşı o, müxtəlif müsabiqə və olimpiadalarda da uğurla iştirak edib. 2019-2021-ci illərdə fənn müsabiqələrində bir neçə dəfə Bakı şəhər turuna, 2019-cu ildə (6-cı sinif) Lütfüzadə adına Riyaziyyat-Məntiq Olimpiadasında final turuna vəsiqə qazanıb.

    "2020-ci il Zəhra üçün, xüsusilə, məhsuldar olub" desəm, yanılmaram. Bu ildə o, yuxarıda qeyd etdiyim "Üç alov" müsabiqəsindəki uğuru ilə yanaşı bir sıra digər müsabiqələrdə də qalib olub. Bunlardan bir neçəsi:  Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə məktəblilər arasında keçirilən 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş "Qurtuluşumuzun banisi", 9 noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş "Qansa, qan, cansa, can, Yetər ki, sən dalğalan" şeir müsabiqələrinin, yenə Binəqədi Rayon İcra hakimiyyəti və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Əsgərə məktub" esse müsabiqəsinin, Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Gənclər və İdman İdarəsi, Azərbaycan Respublikası Qeyri-hökumət Təşkilatlarına Dəstək Dövlət Agentliyinin maliyyə yardımı ilə keçirilən "Zəfərlə başa çatan Vətən müharibəsi" mövzusunda inşa müsabiqəsinin qalibi olub.

    Həmin ildə Zəhra həmçinin Rusiya Federasiyanın Azərbaycan Respublikasındakı Səfirliyi və Azərbaycan Respublikası Elm və Təhsil nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən məktəblilərarası Rus dili və ədəbiyyatı Respublika Olimpiadasında, ASAN Könüllüləri Təşkilatı və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan nümayəndəliyinin birgə əməkdaşlığı ilə həyata keçirilən "Uşaq Hüquqları Konvensiyanın 30 illiyi" layihəsi çərçivəsində "Uşaq hüquqları uşaqların gözü ilə" sərgisində göstərdiyi təşkilati dəstək və fəal iştiraka görə təşəkkürnamə və diplomlarla təltif olunub.

    Zəhra bütün bu ictimai fəallığını 2023-cü ildə, demək olar ki, zirvə ilə taclandırdı. O, ümummilli liderimiz Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsində ölkə birinciliyinə nail oldu. Əlbəttə, bu müsabiqədə iştirak etmək və qalib olmaq istənilən məktəbliyə böyük qürur və fəxarət hissi yaşadar. Amma Zəhra bunu özü üçün ikiqat uğur, bayram hesab edirdi. Çünki o lap uşaqlıqdan hansı yolla gedəcəyinə qərar vermişdi: Böyük rəhbərin yolu ilə!

    Zəhra buraxılış və qəbul imtahanlarında da ailəsini, müəllimlərini sevindirə bildi. O, 600-dən çox bal toplamaqla yanaşı həm də orta təhsil pilləsini Qızıl medalla başa vurdu. Seçəcəyi ixtisasdan asılı olmayaraq biz Zəhranın öz Vətəninə və millətinə layiqilə xidmət edəcəyinə inanırıq, bu yolda ona uğurlar arzulayıb qarşıdakı həyatında bütün seçim və imtahanlarında müvəffəqiyyətlər diləyirik.
    Cəfər Cəfərov,
    Asiya.az 
    PAYLAŞ:

    Oxşar xəbərlər