Millət vəkili şəhid Nurlan Ağakişiyevin atası ilə görüşüb

Millət vəkili şəhid Nurlan Ağakişiyevin atası ilə görüşüb
  • Sosial

  • Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Abşeron rayon, Mehdiabad qəsəbə sakini, şəhid Nurlan Ağakişiyevin atası Etibar Ağakişiyevlə görüşüb.

    Asiya.az
    xəbər verir ki, Qənirə Paşayeva şəhidin atasını işğalçı düşmən üzərində tarixi qələbə münasibətilə təbrik edib, ürək sözlərini bölüşüb: “Əziz şəhid atası, Siz, Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş əsgərimizin atasısız. Özünüz I Qarabağ müharibəsinin qazisisiz. İşğalçı düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Şəhid oğlunuzun ruhu qarşısında dərin ehtiramla baş əyirik!
    Nurlan Ağakişiyev kimi gənclərimizlə hər zaman qürur duyacağıq!

    Azərbaycan Ordusunun əsgəri olan oğlunuz Vətən Müharibəsi zamanı Ağdam rayonu istiqamətində sentyabrın 28-də şəhid olub, II Fəxri Xiyabanda dəfn edilib.
    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilib.
    Onun və cəbhə yoldaşlarının fədakarlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik torpaq həsrətinə son qoyulub.
    Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirəm”!

    Q.Paşayeva şəhid əsgərin atasına tarixi zəfər münasibətilə Milli Məclisin Mədəniyyət Komitəsi adından Məktub, üzərinə “Şuşa Azərbaycandır!” yazılmış qol saatı təqdim edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər