Masallıda körpələr evi-uşaq bağçasının təməli qoyuldu - VİDEO

Masallıda körpələr evi-uşaq bağçasının təməli qoyuldu - VİDEO
  • Sosial / Araşdırma

  • Masallı rayon İcra Hakimiyyətinin başçısı, millət vəkilləri, hüquq-mühafizə orqanları işçiləri və media nümayəndələri bir ay öncə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ərkivan qəsəbəsində təməli qoyulan 100 yerlik körpələr evi-uşaq bağçasında tikinti işlərinin gedişi ilə tanış olublar.

    Sonra tədbir iştırakçıları Masallı şəhər Səməd Vurğun küçəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilərək yeni istifadəyə verilən 1 saylı uşaq-tərbiyə müəssisəsi ilə tanış oldular.

    Daha sonra Masallı şəhəri, Qarabağ küçəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikiləcək yeni 140 yerlik körpələr evi-uşaq bağçasının təməli qoyulub.

    Asiya TV
    xəbər verir ki, təməlqoyma mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparat işçiləri, millət vəkilləri - Məşhur Məmmədov, Anar İsgəndərov, Soltan Məmmədov, sahibkarlar – Məntiq Məmmədov Mədinə Şahbazova, hüquq-mühafizə orqanları, ictimaiyyət və media nümayəndələri iştirak edib.

    Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov bildirib ki, ölkəmizdə uşaqlara qayğı həmişə ön plandadır. Bu məqsədlə hər il onlarca uşaq-tərbiyə müəssisəsi tikilir. Bu il Masallıda da 7 məktəbəqədər uşaq-tərbiyə müəssisəsinin tikilməsi və ya əsaslı təmir olunması nəzərdə tutulub. Bu sahədə artıq ilk addımlar atılıb.
    Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr Departamentinin rəisi, millət vəkili Soltan Məmmədov çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uşaqlara qayğı və mərhəmətinin ləyaqətlə təmsil edildiyini vurğuladı. Masallıda körpə fidanların üzünə açılacaq körpələr evi-uşaq bağçası da bu mərhəmətin, diqqət və qayğının parlaq nümunəsidir.

    Körpələr evi-uşaq bağçasının tikilməsində öz maddi dəstəyini əsirgəməyən gənc sahibkar Məntiq Məmmədov çıxış edərək uşaqların dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğunu qeyd etdi.

    Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni istifadəyə verilən 1 saylı uşaq-tərbiyə müəssisəsinin tikilməsini reallaşdıran sahibkar Mədinə Şahbazova bildirdi ki, uşaqların keyfiyyətli təlim-tərbiyə və qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət siyasətinin başlıca prinsiplərindən biridir.

    Təməlqoymada çıxış edən Milli Məclisin deputatı Məşhur Məmmədov çıxış edərək bildirib ki, uşaqların böyüməsi, inkişaf etməsi bir dövlətin deyil, bütövlükdə bəşəriyyətin qarşısında dayanan mühüm məsələdir. Azərbaycanda uşaq məsələlərinə dövlət tərəfindən həmişə diqqət yetirilir və prioritet istiqamət təşkil edir. Cənab Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib.

    Millət vəkili Anar İsgəndərov qeyd edib ki, “Uşaqlar bizim gələcəyimizdir” - deyən Ulu Öndər Heydər Əliyevin uşaqlara olan diqqət və qayğısı, dövlət uşaq siyasəti bu gün Respublika Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Respublikamızda saysız-hesabsız məktəb binaları, uşaq bağçaları tikilib uşaqların istifadəsinə verilir. Bunun nəticəsidir ki, Azərbaycan uşaqları bu gün dünyanın ən xoşbəxt uşaqlarıdır. İlk gündən uşaqların yaxşı şəraiti olan bağçalarda təlim-tərbiyə almaları üçün görülmüş işlərdən, yaradılan şəraitdən söz açan rayon rəhbəri körpə balalara olan qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib.

    İki övladını Vətən uğrunda torpağa tapşıran şəhid anası Ziba Əsgərova Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən söz açaraq bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. Şəhid anası bildirib ki, bu gün nə xoşbəxt xalqıq ki, uşaqlarımız bugünkü bayramlarını qalib ölkənin övladları olaraq fəxrlə, qürurla qeyd edirlər.

    Sonda körpə fidanlar vətənə, anaya, bayrağa aid şeirlər söyləyiblər.
    PAYLAŞ:

    Oxşar xəbərlər