Gələn ay Şuşada “Xarıbülbül” festivalı yenidən keçiriləcək

Gələn ay Şuşada “Xarıbülbül” festivalı yenidən keçiriləcək
  • Sosial

  • Vətən həsrəti çəkən, ömrünün sonuna kimi  Qacar şahlarının Tehrandakı sarayında yaşayan Qarabağ xanının qızı, Şuşalı Ağabəyim ağaya istinad verilən bir bayatıda deyilir:

    "Vətən bağı" al-əlvandır,
    Yox üstündə Xarıbülbül.
    Nədən hər yerin əlvandır,
     Köksün altı sarı, bülbül.

     

    Xarıbülbül bəlkə də bir çoxları üçün nisgil, kədər, ağrı, həsrət simvolu olmuşdur.  Mədəniyyətdə, incəsənətdə və ədəbiyyatda Xarıbülbül ifadəsi işləndikdə həmişə söhbətin Qarabağdan getdiyi aydın olurdu. 

     

    Bəli, Xarıbülbülün əzəməti, məğrurluğu, haqsızlığa qarşı əyilməz duruşu onu əfsanədən qələbə simvoluna çevirməyə başladı. Tədricən isə nişan azadlıq müharibəsinin simvoluna çevrildi. O, şəhidlərin xatirəsinin və Azərbaycan ordusunun zəfər simvolu kimi məşhurlaşmağa başlamış və Azərbaycanda hər kəs tərəfindən yüksək sevgi, ehtiram, müqəddəslik rəmzi olan bir simvola çevrildi.

     

    "Xarıbülbül" beynəlxalq musiqi festivalı məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlayıb. Festival hər il may ayında bir çox dövlətlərin iştirakı ilə keçirilirdi. Qarabağ münaqişəsinin başlaması və Şuşa şəhərinin işğal olunması ilə festivalın keçirilməsi mümkün olmadı. Sonuncu festival 1992-ci ilin may ayında keçirilmişdir. Festival yalnız qısa müddətdə Ağdam şəhəri işğal olunana qədər orada keçirilmişdir. 

     

    Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci ildə Şuşa şəhərini ölkənin Mədəniyyət paytaxtı elan etdi. Bu sərəncamla Vaqif Poeziya günləri və "Xarıbülbül" festivalı da bərpa olundu. 2021-ci il mayın 12-i və 13-də  Şuşa şəhərində  Ermənistanın  işğalından azad olunandan sonra ilk dəfə "Xarıbülbül" festivalı keçirildi. 

     

    Bu yaxınlarda Prezident İlham Əliyevin sədrliyi ilə 12 aprel tarixində keçirilmiş cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə ölkə rəhbərimiz "Xarıbülbül" festivalından da söz açmış, bu vacib layihənin davamının vacibliyini vurğulamışdır. Dövlət başçımızın sözlərinə əsasən, gələn ay Şuşada “Xarıbülbül” festivalı yenidən keçiriləcək. Keçən il Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu festivalda Azərbaycanda yaşayan xalqlar öz istedadını nümayiş etdirmişlər. Bu gün isə eyni zamanda, biz dünyanın müxtəlif ölkələrindən folklor kollektivlərini dəvət etmişik. Artıq bu ənənənə də bərpa olunub.

     

    Hazırda dövlətimiz tərəfindən işğaldan azad edilmiş yaşayış məntəqələrimizdə, həmçinin mədəniyyət paytaxtımız Şuşada geniş bərpa-quruculuq və abadlıq işləri aparılır. 

     

    Türk xalqları özlərinin qədim, çoxəsrlik tarixi boyu Avrasiya məkanının böyük hissəsində yaşayaraq dünya, bəşər mədəniyyətinə böyük töhfələr vermiş, onu zənginləşdirmişlər. Türkdilli ölkələrin mədəniyyət səylərini birləşdirən beynəlxalq təşkilat olan TÜRKSOY Azərbaycanın 270 yaşlı mədəniyyət paytaxtı, muğam-sənət beşiyimiz Şuşanı 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan etmişdir. Tarixi-mədəni zənginlikləri ilə vaxtilə dünyada şöhrət qazanmış Şuşa şəhəri gələn il “Türk Dünyasının Mədəniyyət Paytaxtı” missiyasını da layiqincə yerinə yetirəcəkdir. 

    Faiq Çobanov,

    Salyan rayon Qardili kənd tam orta məktəbin direktoru

     

    PAYLAŞ:

    Oxşar xəbərlər